Свобода людям, независимость нациям!

Agent dəftəri – bir kəlmə artıq-əskik danışanları xüsusi reyestrə salırlar

Politoloq Sergey Markovun adının Rusiya Ədliyyə Nazirliyinin “xarici agentlər” reyestrinə daxil edilməsilə siyahı daha da genişlənib və proses davam edir.

Həmin siyahıda hər millətdən adam var: rus, yəhudi, gürcü, tatar, özbək, tacik, erməni, inquş, çeçen, ukraynalı, başqırd, ləzgi, ugedey və s. Reyestrdə bir azərbaycanlı da var: Rövşən Əsgərov.

Bəlli səbəblərdən məşhur “xarici agentlər”in siyahısında ruslar və yəhudilər çoxluq təşkil edirlər – sovet dövründə dissidentlik hərəkatı necəydisə, elə.

“Agent”lərin reyestri peşə sarıdan da rəngarəndir: siyasətçilər, hüquqşünaslar, hüquq müdafiəçiləri, yazıçılar, jurnalistlər, iqtisadçılar, alimlər, rejissorlar, bəstəkarlar, aktyor-aktrisalar, müğənnilər, reperlər, şoumenlər və s.

Siyahıda yenə məlum səbəblərdən siyasətçilər və jurnalistlər çoxdurlar. Onlar hər zaman siyasətə qarışırlar.

“Agentlər”in əsas təqsiri birdir: Rusiyanın Ukraynaya hərbi müdaxiləsini qınayıblar, “xüsusi hərbi əməliyyat”a dəstək verməyiblər, onu “müharibə” və “işğalçılıq aktı” adlandırıblar.

Bu, kifayət edib ki, bu şəxslər “müasir dissidentlər” hesab olunsun və “xarici agent” kimi daha ağır şəkildə damğalansınlar.

Rusiya rəhbərliyində belə bir qənaət var ki, bu şəxslər Ukraynaya hərbi müdaxiləyə qarşı çıxarkən öz iradələri ilə hərəkət etməyiblər, xarici dövlətlərin sifarişini yerinə yetiriblər.

Təbii ki, adları “xarici agent” dəftərinə salınan şəxslərin heç biri bu ittihamı qəbul etmir, çoxu özünü fərqli düşünən Rusiya vətənpərvəri sayır.

Bu adamların bir xeylisi xarici ölkələrdə yaşayır, amma ölkə daxilində olanlar da az deyil. Onları həbs etmirlər, sadəcə, cərimələyirlər, nəzarətdə saxlayırlar, fəaliyyətlərini məhdudlaşdırırlar.

Həmyerlimiz Rövşən Əsgərovun siyahıya düşməsinin başlıca səbəbi Rusiyanın hərbi aqressiyasına qarşı çıxmaqla yanaşı, Rusiyada “qələbə marşalı” adlandırılan Georgi Jukovun II dünya müharibəsi zamanı Almaniya şəhərlərini qarət etdiyini deməsidir.

Rusiyanın Ədliyyə Nazirliyi bunu yolverilməz iftira sayır, ancaq Jukovun 19 vaqonda ölkəyə gətirdiyi “hərbi qənimətlər”in (xalçalar, çilçıraqlar, xəzlər, zinət əşyaları, mebellər, qab-qacaqlar və s.) siyahısı verilən yazılar internet resurslarında, qalır, heç bundan bəhs edən filmlər də yasaqlanmır.

Rusiya rəhbərliyi bu xüsusda ona görə həssasdır ki, Jukov da Suvorov, Kutuzov, Naximov kimi rus hərb sənətinin simvollarından biri hesab olunur, ona görə də onun adının təmiz saxlanmasının qayğısına qalır.

“Agentlər” siyahısında bu sətirləri oxuyan hər kəsə (ən azı çoxluğa) tanış olan simalar da var: Harri Kasparov, Mixail Kasyanov.

Keçmiş bakılı şahmatçı Harri Kasparov “xarici agentlər” siyahısına şahmatçı olduğu üçün düşməyib, aktiv siyasətlə məşğul olduğu və Putini kəskin tənqid etdiyi üçün salınıb.

Mixail Kasyanov 2000-2004-cü illərdə Rusiyanın baş naziri olub, Putinlə işləyib. Sonradan onların yolları ayrılıb. Kasyanov müxalifətə keçib, Nemtsovla, Kasparovla, Navalnı ilə yaxınlaşıb. O, 2022-ci ildə Rusiyanı tərk edib.

Əgər sağ olsaydılar, bu iki şəxslə yanaşı, Boris Nemtsov və Aleksey Navalnı da “xarici agentlər” reyestrində qeydə alınacaqdılar. Fəqət onlar sui-qəsdə məruz qaldılar və həyatda deyillər.

Ancaq Nemtsov və Navalnının sağ əli Vladimir Kara-Murza siyahıda öz yerini tutub. Vaxtilə Rusiya mediasında “qara mirzəlik” edən Kara-Murza sonradan müxalifət liderlərindən biri olub, həbs olunub, Navalnı kimi türmədə ölümünü gözlədiyi vaxt Putin onu rus casuslarla dəyişdirərək ABŞ-yə verib.

Məşhur “agent”lərdən biri də müğənni, gitaraçı, rokçu, şair, bəstəkar, teleaparıcı, aktyor, qrafik rəssam, memar, yazıçı, sahibkar, prodüser, radio aparıcısı, səyyah Andrey Makareviçdir. İndi onu Rusiyada bu qədər çoxsaylı peşəsi ilə yox, “xarici agent” kimi tanıyırlar.

Bu siyahıda təsadüfi şəxslər yoxdur. Yəni hər kəs adının siyahıya salınması üçün səbəb verib, ən azı iki xalq arasında sülh istəyiblər. Bu isə müasir Rusiyada “böyük günahdır”. Sülh olmaz. Hamı Solovyov, Simonyan, Skabayeva kimi “qan-qan” deməli, ətrafa nifrət püskürməlidir.

Ən maraqlısı ukraynalı jurnalist Dmitri Qordonun adının “xarici agentlər” siyahısında olmasıdır. Adam öz ölkəsinin patriotudur, Kiyevdə yaşayır, öz dövlətini, xalqını müdafiə edir. Əgər o, Rusiyaya işləsəydi, o zaman “xarici agent” olardı.

 

Нет комментариев