Общественно-политическая интернет газета
ABŞ-ın Azərbaycan siyasətindən təəccüblənirsiniz? Bu, həmin Amerikadır ki, SSRİ rəhbərliyinə xitabən Azərbaycanda qayda-qanun yaratmağa çağırırdı və heç bir ay keçməmiş Bakıda, bölgələrimizdə Yanvar qırğını baş verdi. Bu, həmin Amerikadır ki, 1992-ci ilin noyabrında Azərbaycana qarşı sanksiya qərarı qəbul etmişdi.
“Arxivlər yanmır”, 907-ci düzəliş erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən qəbul edilmişdi. “Azadlığa Dəstək Aktı”na qəbul edilən düzəliş ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan ədalətsiz qərar idi. Azərbaycanın “Dağlıq Qarabağı işğal etməsi” və “Ermənistana qarşı blokadasını dayandırmaq” məqsədilə Senator Con Kerrinin və konqresmen Ueyn Ouensin müəlliflik etdiyi bu alçaq düzəlişləri superdövlətin Konqresi qəbul eləmişdi. Budur Amerikanın gerçək sifəti! Azərbaycanın 20 faiz ərazisinin 30 il işğalda, Naxçıvan bölgəsinin blokadada qalmasına, Ermənistandan 300 minə yaxın, Azərbaycanın işğal olunmuş ərazilərindən 750 mindən çox dinc vətəndaşların qaşqın-köçkün düşməsinə məhəl qoymayan ABŞ işğalçı, terrorçu, separatçıların yanında dayandı on illər boyunca! Sən nə qədər ədalətsiz olasan ki, bir gecədə bir şəhərinin (Xocalı) əhalisinin minə yaxın insanı qətlə yetirilə, amma bu ölkəyə qarşı sanksiya qərarı qəbul edəsən?! Bu gün çox bir çoxları heyrətlənir ki, Amerika və Rusiya digər bütün sahələrdə bir-biri ilə düşməndir, amma erməni məsələsində həmfikirdirlər. Bu, yenilik deyil ki. Xocalı soyqırımını erməni canilərlə 366-cı alayın şəxsi heyəti birgə törətmişdi, Qarabağı da birgə işğal etmişdilər, amma Amerika dolayısı ilə hər ikisinin cinayətkar fəaliyyətini ört-basdır eləməyə çalışdı, Azərbaycanı günahlandırdı, bircə yerdə sovet-rus əsgərlərinin qanlı cinayətlərindən bəhs etmədi. Bax, belə bir Amerika!
Hələ bunlar nədir ki?..2008-ci ilin 4 martında Tərtər rayonunun işğal altındakı Çiləbürt kəndi yaxınlığında erməni kəşfiyyat-diversiya qrupunun alçaq təxribatı nəticəsində Azərbaycan ordusunun hərbçiləri şəhid oldu. Bu hadisədən on gün sonra Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsi müzakirəyə çıxarıldı və qəbul olundu. Lehinə 39, əleyhinə 7 ölkə (100 ölkə bitərəf qalmışdı) olmaqla. Ermənistanla yanaşı, ATƏT-in Minsk Qrupu həmsədrləri sənədin əleyhinə səs verdilər! Əleyhinə olan ölkələrə...ABŞ rəhbərlik edirdi. Təbbi ki, Rusiya, Fransa və bu gün də erməniçiliyindən əl çəkməyən Hindistan da bu sıradaydı, amma onlardan gözləntimiz olmayıb heç vaxt. Axı, ABŞ hər zaman dəyərlərdən danışıb, insan haqları elə gəldi, demokratiya belə getdi...1 milyon insanın pozulan haqlarını nə tez unutdu?..
Bir xatırlatma edək: İllər öncə ABŞ-ın ölkəmizdəki səfirlərindən biri media mənsubları üçün vida brifinqi keçirirdi. Sual vermək imkanı qazandım. Soruşdum ki, ABŞ kimi nəhəng ölkə niyə bölgənin önəmli rola malik ölkəsi Azərbaycanla əlaqələrinə xələl gətirmək bahasına işğalçı Ermənistana və hətta Qarabağdakı separatçı rejimə maliyyə yardımı ayırır? Diplomat şablon fikirlərlə guya sualı cavablandırmağa çalışdı, Azərbaycana da humanitar dəstək verildiyini dedi və s. Brifinq başa çatandan sonra isə sağollaşarkən gülümsəyərək, asta səslə “yaxşı sual idi” söylədi. Bununla həm də etiraf etdi ki, onun ölkəsinin Azərbaycana qarşı siyasəti heç bir məntiqə əsaslanmır, burada məkr var, erməniçilik var...
Mən qəti şəkildə şübhə eləmirəm ki, əgər 2020-ci ildə ABŞ-ın “başı” prezident seçkilərinə qarışmasaydı, sonradan “Tramp inqilabı” baş verməsəydi, bu ölkə Azərbaycanın öz torpaqlarını azad etməsinə qarşı daha sərt mövqedən çıxış edəcəkdi, bəlkə Fransanı da “kölgə”də qoyacaqdı. Tovuz istiqamətində Ermənistanın alçaq təxribat törətməsindən sonra ABŞ Konqresi Ermənistanı işğalçı ölkə adlandırmışdı, hətta bir sənəd də qəbul eləmişdi, sonra erməni lobbisi necə dövriyəyə girdisə, Azərbaycana qarşı “yeni ərazilər uğrunda” işğal planı “unuduldu”, proseslər böyük savaşa gətirib çıxartdı.
Azərbaycan 44 günlük müharibənin yekununda işğaldakı ərazilərinin böyük hissəsini azad etdi. İndi proseslər yekun mərhələyə adlayıb, Azərbaycan Laçında sərhəd buraxılış məntəqəsini qurub, beynəlxalq qanunvericiliyin tələblərinə uyğun şəkildə ermənilərə münasibət bəsləyir. Yol polisinin tələbinə əməl etməyən sürücünü qurşuna verən Amerika isə ölkəmizdən tələb edir ki, Qarabağdakı silahlı dəstələrin Emənistana sərbəst gedib-gəlmələrinə, silah daşımalarına mane olmasın! Ərazisinə miqrant axınının qarşısın almaqdan ötrü Meksika ilə sərhəd boyunca divar hərən Amerika Azərbaycanın öz ərazisindəki terrorçuları zərərsizləşdirməsinə, Ermənistanla sərhədlərini dəqiqləşdirməsinə müqavimət göstərir.
ABŞ Qarabağdakı “erməni söhbəti”nin bitməsini istəmir. Anlayır ki, ordakı separatçı-terrorçular zərərsizləşdiriləndən, Azərbaycan bayrağı altında, Azərbaycanın hüquq-mühafizə orqanları Xankəndi şəhərində fəaliyyətə başlayandan sonra burada “at oynadan”, separatizmə dəstək verənlər də araşdırılacaq. O zaman “Yeni Müsavat” əməkdaşının ABŞ diplomatına ünvanladığı sualın cavabı da dolğun şəkildə ortaya qoyulacaq. Məsələn, aydın olacaq ki, ABŞ Konqresinin hər il “Dağlıq Qarabağ”a ayırdığı milyonlar iddia olunduğu kimi, “humanitar layihələrə”, yaxud “ərazilərin minalardan təmizlənməsinə” yox, əslində Azərbaycana qarşı sədlərin qurulmasına, minaların basdırılmasına, gecəgörmə cihazlarının alınmasına, silahlanmaya, daha nələrə xərclənib. Azərbaycanın yalnız 44 günlük müharibədən sonra 300-dən artıq vətəndaşı mina qurbanı olub! ABŞ-ın da maliyyə ayırdığı Qarabağdakı separatçı rejimin, Ermənistanın cinayətkar planlarının nəticəsində! İşğal dövründə ABŞ-ın təkcə Qarabağ separatçılarına ayırdığı vəsaitin ümumi həcmi 2 milyard dolları (!!!) keçib! Bunun qarşılığında ABŞ Qarabağdan nələr daşıyıb, bu da başqa bir mövzudur. Qarabağın qızılını, misini, daha nələrini sümürüblər on illər boyunca.
ABŞ-ın Qarabağdakı separatçılara münasibəti nə Abxaziya, nə Osetin, nə Dnestryanı, nə Luqansk, nə Donbas, nə də Krım separatçılarına heç vaxt bənzəməyib. Ağ Ev hər zaman Qarabağ məsələsinə “başqa” rəng verməyə cəhd göstərib. Amma heç vaxt izah edə bilməyib ki, o separatçılarla bu separatçıların fərqi nədədir? Hamısında bir ölkənin ərazi bütövlüyünə qəsd varsa, burada “fərqli”lik nədən ibarət ola bilər? Rusiyadan daim Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünə hörmət etməyi, işğala son qoymağı, separatizmə son verməyi tələb edən “demokratiya beşiyi” bircə dəfə nəinki Kremlə, heç onun forpostu Ermənistana qarşı da Qarabağla bağlı oxşar tələb irəli sürmədi. On illər boyunca Ermənistanın cinayətkar rəhbərləri ABŞ-da yuxarı başa çıxarıldı, hətta Qarabağdakı separatçı rejimin liderləri ABŞ Konqqresində görüşlər keçirtdilər. Bu illər boyunca Amerikada “telemarafon” adı altında separatizmə, işğala, Azərbaycana qarşı qəsdə dəstək məqsədilə milyonlar toplandı. Qarabağa qanunsuz səfər edənlərin sırasında həmsədr ölkələrin vətəndaşları ilk üçlükdə yer aldılar bu illər ərzində.
Qeyd etdiyimiz kimi, bizim zatən, Ermənistanın “böyük bacısı”ndan və ya ona milyardlıq silah-sursatı hədiyyə edən “ağa”sından xüsusi gözləntimiz olmayıb heç vaxt. Amma Amerikadan ədalətli yanaşma gözləmişik. Lakin ABŞ özünü adına layiq apara bilmədi, sınaqdan çıxmadı Qarabağ məsələsində, Azərbaycan ərazilərinin işğalı dövründə.
Rusiyanın Qafqazlarla, ümumiyyətlə, postsovet ölkələri ilə bağlı siyasəti bəllidir, imperiya varisi sələfinin missiyasını davam etdirməkdə qərarlıdır. Amma ona da şübhə eləmirəm ki, 2003-cü ildə ABŞ BMT-ni “yuxuya verib”, İraqa qarşı hərbi əməliyyatlara başlamaqla, 8 il ərzində 1 milyondan çox (!) iraqlını məhv etməklə, hansısa “bakterioloji silah” ardınca ölkəni viran etməklə Rusiyanın da “yolunu açdı”. Təsadüfi deyil ki, o vaxta qədər açıq şəkildə işğalçılıq planlarını ortaya qoymaya cəsarət etməyən Rusiya 2008-ci ildə öz tankları ilə Tiflisin 50 km-liyinədək irəlilədi, iki bölgəsini ilhaqını rəsmiləşdirdi, Moldovada ayaqlarını daha böhkəm yerə döyməyə başladı, 2014-cü ildə Krımı nəzarətə aldı və nəhayət, 2022-ci ildə Ukraynaya qarşı başlayan növbəti dəhşətli savaş fəlakətlərlə davam edir. Zamanında imperiya buxovundan azad olmaq istəyən azadlıqlıqsevər Azərbaycanı cəzalandırmaq üçün Kremlə çağırış edən ABŞ-ın ortaya qoyduğu “nümunələr” çox fəlakətlərə gətirib çıxartdı. Bir selin gəlməsindən 11 min vətəndaşı yoxa çıxan Liviyaya “bahar” vəd edən ABŞ-dır. Suriya, Misir, Əfqanıstan... kimi neçə-neçə bədbəxt elədikləri var. İndi də Qafqaz bölgəsinə girişib...
Ermənistanla birgə hərbi təlimlər keçirməklə ABŞ növbəti dəfə sifətini nümayiş etdirdi. Əvvəlcə Arazdəyən istiqamətində, Ermənistan üçün metallurgiya zavodu inşa etməyə girişən Amerika ardınca işağlçı ölkə ilə birgə hərbi təlimlərə başladı. Əslində Pentaqon bu addımı ilə Vaşinqton danışıqlarının üstündən xətt çəkmiş oldu, tərəfsiz olmadığını, Ermənistana işğalçılıq siyasətini davam etdirmək üçün nəfəs vermək istəyini nümayiş etdirdi. Qonşu ölkənin ərazisini 30 il ərzində işğalda saxlayan, ona yüz milyardlarla zərər vuran ölkənin ordusu ilə birgə hərbi təlim keçirmək özü beynəlxalq cinayətə şərik olmaqdır. Yəni “qorxma, mən burdayam, özünü toparla, cum Azərbaycanın üstünə”-deməkdir. Bu, 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistana gecəgörmə cihazlarını hədiyyə edən Amerikadır! Həmin cihazların köməyi ilə işğalçı ordu bizim neçə qəhrəman oğullarımızı şəhid etdilər...Bu günədək Şuşaya öz səfirini göndərməkdən imtina edən, bircə dəfə də olsun əsir və itkin düşmüş 4 min azərbaycanlının taleyini sorğulamayan, Naxçıvanın blokadası haqda ağzına sua alıb susduğu halda, Laçın yolunun “qarasını geyinən”, erməni saxtakarlıqlarına şərik olan, “blokada” nağılını zəvzəyərək, özündən “Dağlıq Qarabağ xalqı” adında saxta bir yarlıq düzəldən, Senatında erməni pullarının qoxusu aydın sezilən iyrənc qətnamə qəbul edilən Amerika...Heyif gözləntilərimizə, heyif inamımıza...
Azərbaycanın un kisələri ilə dolu yük maşınları üçüncü həftədir Ağdamda, Əsgəran ermənilərinin yolu nə zaman açacağını gözləyir. Amerika nə vaxt onun üstünə silahla gələnlərin qarşısına çörək maşınları ilə gedib? Bəlkə tarixində belə bir fakt olub, desin, sonra da Azərbaycanı “humanitar fəlakət” yaratmaqda suçlasın?! Niyə Yuri Kim adlı ermənipərəstdən kimsə soruşmur ki, axı, ermənilər üçün nə fərqi var, onlara ərzaq hansı yolla gəlir, bu nə inadkarlıqdır?! Deməzlər təbii. Əks təqdirdə ABŞ da Rusiya kimi bir TIR yorğan-döşək yolayardı Ağdam-Xankəndi yolu ilə. Yollamır, niyə? Yoxsa 30 il ərzində Ağdamın damlarının darmadağın edildiyini görüb də, utanmaqdan çəkinir Ağ Ev-də oturanlar, ona görə bu yolu məqbul saymır?! Axı, onların da “rol”u az olmayıb Ağdamın yür üzündən silinməsində, ağ damlarının tar-mar edilməsində.
Vaşinqtondakı son görüşdə razılıq əldə olunmuşdu: sentyabrın 1-də bölgədə yollar açılacaqdı, Ağdam-Xankəndi marşrutu işə düşəcəkdi. Dövlət katibi Entoni Blinken Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı həm Laçın, həm Ağdam yolunun açılmasını xahiş etmişdi. Azərbaycan tərəf bəyan etmişdi ki, Ağdam yolu açıqlandan 24 saat sonra Laçın yolunda işlər axarına düşəcəkdi. Əslində Laçın yolu bağlı deyil, elə bu gün ermənilər bu yoldan keçib Ermənistana gediblər, hətta Azərbaycana qarşı döyüşənlər belə! Amma ABŞ nə düşündüsə, Ağdam yolunu “unutdu” və ancaq Laçın yolundan bəhs olunmağa başlanıldı. Özü də 9 sentyabrda Qarabağda “rusbaşlı” separatçının rəhbər “seçilməsi” ilə paralel şəkildə baş verdi bütün bunlar. Qarabağdakı xunta rejiminin əl-qolunu açmaq siyasəti ikiüzlülük, simasızlıq, Azərbaycan dövlətinə qarşı xəyanətdir!
КомментарииОставить комментарий