Общественно-политическая интернет газета
İndiki cavanlar bilməz, rəhmətlik Anar Məmmədxanovun müxalifətçilərə “şantrapa”, Aygün Kazımovanın özünə və yaxın rəfiqələrinə “şamplena” dediyi illər idi, türkün sözü, yuvarlanıb gedirdik.
O zamanlar axtarış motorları ilə işləmək dəb deyil, o sözlərin mənasını çox adam bilmirdi, amma bildiyimiz o idi ki, biri pis sözdür, o birisi – yaxşı.
Siyasi arenadakı qovğaları, “hakimiyyət pisdir, biz yaxşıyıq”, “müxalifət xaindir, xalqın nicatı bizik” kimi dartışmaları, “Yurd”-klassiklər, Müsavat-“Yurd” mübahisələri nəzərə alınmasa, qulaq dincliyi vardı.
Qarabağ unudulan təhər olmuşdu. Hərdən Akif Nağının başçılıq etdiyi Qarabağ Azadlıq Təşkilatının fəalları yığışıb Qarabağa yürüş təşkil etmək istəyirdilər, amma onların aksiyasını ya toplaşdıqları yerdə dağıdırdılar, ya da Qaradağda qabaqlarını kəsib geri qaytarırdılar.
Heç olmasa, “Qarabağ” klubu da çempionatda uğurlu çıxış etmirdi ki, camaatın qulağı arada stadionlardan “Qa-ra-bağ!” sədası eşitsin.
“Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ” deyə ”“Qarabağ” şikəstəsi oxuyan da yox idi.
Hətta elə bir durum yaranmışdı ki, karateçi Füzuli Musayevin rəhbərlik etdiyi federasiyanın səkiylə təşər-təşər addımlayaraq mitinq-yürüşə çıxanları müşayiət edən yeniyetmə və gənc idmançılarına “vurun bu “Qarabağ” deyən şantrapaları” əmri verən olsaydı, tökülüşüb camaatı əzişdirəcəkdilər.
Yaxşı ki, həmin il babat qar yağmışdı, camaat səhər açılanda yerdə ağaran qar kütləsini görmüş və hayqırmışdılar: “Qara bax, qara bax”. Bu minvalla Qarabağ da yada düşmüş olmuşdu.
Bax, elə bir dönəmdə qəfildən rəhmətlik Anar müsahibələrinin birində “Qarabağı unutmayaq” demiş, ölkədə hərəkətlənmə əmələ gətirmişdi. Qəzetlər yazırdı (o vaxtlar sosial şəbəkələr yox idi, saytlar da çox az idi, olanlar da videosuz, şəkilsiz xəbər yayırdılar).
Müxalifət liderləri Anar Məmmədxanovla görüşüb ağzını arayırdılar ki, görsünlər, bu Qarabağ söhbəti nə dərəcədə ciddidir, öz sözüdür, yoxsa bunu ona dedirdən var.
Məlum olmuşdu ki, indən belə Qarabağın yaddan çıxmaması işinə xanəndələr, QAT və bəzi müxalifətçilər baxmayacaq, idmançılar, müğənnilər, hətta rəqqasələr də bu işə öz töhfələrini verəcəklər.
Allah tərəfi, ondan sonra “şamplena”-müğənnilər və rəqqasələr tez-tez efirlərdə bu kimi fikirlər səsləndirməyə başladılar: “İnşallah, Qarabağ alınsın, Şuşada konsert verəcəm”; “Əhd edirəm ki, gələn il Novruz tonqalını Cıdır düzündə qalayaq”; “Allah qoysa, torpaqlar geri qayıtsın, oralarda ayaqyalın rəqs edəcəyəm” və s.
Amma Akif Nağının təşkilatının fəallarını yenə Lökbatanı keçməyə qoymurdular. Hətta bəzi gəvəzələr “QAT, yox bir FAT” deyə lağ-luğaz edirdilər, onun fəaliyyətini Fələstin Azadlıq Təşkilatının işi ilə müqayisə edir, uğunub gedirdilər.
Bir də “xalq diplomatiyası” deyilən bir şey vardı, erməni jurnalistlər və QHT-çilər Bakıya gəlirdilər, bizimkilər də İrəvana gedirdilər. Bir dəfə bizimkiləri Şuşaya da aparmışdılar. Onlar da Bakıdakı qarabağlı qohumlarına, tanışlarına bir boşqab Şuşa torpağı gətirmək istəyəndə ermənilər ironiya etmişdilər ki, ara, ta nə torpaq davası edirsiniz, yavaş-yavaş aparırsınız daa.
Akif Nağının təşkilatı bu gediş-gəlişlərə qarşıydı, hər dəfə bəyanat verir, Bakıya gəlmək istəyən ermənilərə xəbərdarlıq edirdi. QAT fəalları ermənilərin qatıldığı tədbirə daxil olaraq onlara etiraz bildirmək istəyəndə polislər onlara mane olurdu.
Amma bir dəfə Bakıya gələn erməni heyəti ilə bağlı qanqaraçılıq oldu. Düşmən qonaqların içində çox həyasız bir tip gəlmişdi, Karen adlı jurnalist idi, deyəsən. Gədə Bakıda eynən Karlo Ançelotti kimi pis-pis saqqız çeynəyə-çeynəyə “Qarabağı almışıq, bizimdir, əcəb eləmişik” kimi “xalq diplomatiya”sının siyasətinə zidd olan fikir söyləmişdi. Həmin qrup gedər ayaq aerportda təyyarəyə minmək üçün şüşə dəhlizlə irəliləyəndə qəfildən bir cantaraq həmvətənimiz irəli yeriyib, o həyasız gədənin ağzının üstündən babat bir şillə tutuzdurmuşdu. Videosu vardı. Kadrlarda görünürdü ki, qonaq daşla vurulmuş qapı iti kimi zingildəyir, polislər, o biri adamlar araya girir, soydaşımızı saxlayırlar, ermənilər söylənə-söylənə gedirlər.
Bu hadisədən bizim yerli pasifistlər, qrantyeyənlər dəstəsi də çox narazı qalmışdılar, deyirdilər ki, qonağa qarşı belə etmək olmaz. Vətənpərvər də deyirdilər ki, elə qonağın ağzını da deşmək olar.
Bax, o şillə əslində “xalq diplomatiyası”nın ağzının üstündən tutmuşdu. Ondan sonra o söhbət öldü.
İndi kim bilir, ağzının üstündən dəmir şillə alan erməni haradadır, o şilləni vuran harada.
Rəhmətlik Anar Məmmədxanov sağ olsaydı, qürur duya-duya deyərdi ki, Qarabağın unudulmamasında onun da rolu olub.
Aygün Kazımova isə hələ də səhnədədir və insafən, şamplena olaraq qalmaqdadır. Bircə pis işi o oldu ki, ötən payız Cocuq Mərcanlı camaatının qarşısında konsert verməsi üçün 200 min manat istəmişdi. Halbuki elə etməməliydi, əhdi vardı.
КомментарииОставить комментарий