Общественно-политическая интернет газета
Ermənistan 12 fevralda Zəngilan istiqamətində təxribata əl atdı və cavabını aldı. Sərhədçimizin snayper atəşi ilə yaralanmasından sonra Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi faktı təkzib etməyə çalışsa da, Azərbaycanın yayımladığı videokadrları danmağın çətin olduğunu anlayıb, araşdırma aparılacağını, günahkarların cəzalandırılacağını açıqladı.
Amma cəmi bir neçə saat sonra şərti sərhədin Tovuz istiqamətindən növbəti təxribatlara əl atıldı. Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. “Cəzalandırma” beləmi olur? Sülh danışıqlarının növbəti raunduna hazırlıq gedərkən, sərhəd komissiyalarının vaxtaşırı görüşlər keçirdiyi şəraitdə Ermənistanın davamlı təxribatlara əl atması artıq qırmızı xəttin növbəti dəfə keçilməsi idi və düşmən layiqli cavabını almalı oldu.
Növbəti rəsmi məlumatda əsl cəzalandırmanın necə olduğunu biz də gördük, düşmən də. Məlumata görə, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirilib. Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.
Və xəbərdarlıq: “Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Ermənistan tərəfi yenə də hay-küyə, vay-şivənə başlayıb. Amma Azərbaycan ən yüksək səviyyədə xəbərdarlıq etmişdi, əgər yenə də! Amma xəbərdarlığa məhəl qoymayıb, qalib dövlətin sərhədçisinə atəş açmağa cürət etdilər, yenə də 2020-ci ilin iyul təxribatı kimi, Tovuz istiqamətindən tətiyi çəkdilər. Cavablarını artıqlaması ilə aldılar, bəs eləməyəcəksə, yenə də görəcəkləri olacaq!
Əslində bu təxribat gözlənilirdi. Ermənistanın baş naziri Nikol Paşinyanın “The Telegraph” nəşrinə müsahibəsində heç bir əsas olmadan Azərbaycanı və dövlət başçımızı ittiham etməsi rəsmi İrəvanın növbəti gərginlikdə maraqlı olduğunun açıq nümayişi idi. Həm də əvvəlcə Azərbaycanı ittiham edib, ardınca təxribata əl atmaqla Ermənistan rəhbərliyi daim istifadə etdikləri ssenariyə uyğun şəkildə davrandılar. Paşinyan Qərb mətbuatında hay-küy salmaqla az sonra Azərbaycana qarşı təxribatlara əsas yaratmağa və özünə bəraət qazandırmağa çalışmışdı.
Azərbaycan Prezidentini yersiz ittiham edən Paşinyan reallıq hissini nə qədər itirib ki, cənab İlham Əliyevin “Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülh mövcuddur”, mövqeyinin ardınca dövlət başçımıza yönəlik sərsəm iddialar səsləndirib. Hansı ki, Paşinyan Əliyevin bu bəyanatının qarşılığında tövbə etməli, qalib ölkənin lideri ilə vaxt itirmədən sülh bağlamaq üçün hərəkətə keçməliydi, özü də uzaq Amerikada, yaxud Avropanın hansısa paytaxtında yox, elə şərti sərhəddə, dərhal azad edilməli olan Kərkidə, Qazaxın kəndlərində! Amma… Belə bir mövqeni ağlı başında olan hökumət başçısı sərgiləyərdi. Daha onda Paşinyan Paşinyan olmazdı ki… Unutmamışıq, N.Paşinyan ilk dəfə Azərbaycan Prezidenti ilə Düşənbə sammiti çərçivəsində ayaqüstü söhbətindən sonra mütərəqqi fikirli şəxs kimi görünməyə çalışmışdı, Azərbaycan lideri ilə söhbətdən məmnunluğunu dilə gətirmişdi və sonrakı aylarda bildirmişdi həmin görüşün ardınca ilk dəfədir təmas xəttində bu qədər uzun müddətdə sakitlikdir. Amma bu sakitliyi kim pozdu? Özü! Növbəti il Xankəndiyə qanunsuz gəlib, “Qarabağ Ermənistandır. Nöqtə” deməklə aranı qarışdırdı, apardığı danışıqlara xəyanət etdi!
Fevralın 12-13-dəki təxribatların da arxasında məhz Paşinyanın siyasi iradə(sizliy)i dayanır, kim nə deyir-desin! Bəli, Fransa başda olmaqla Avropa İttifaqı, digər bir sıra ölkələr növbəti gərginlikdə maraqlıdırlar, öz məqsədlərinə çatmaq naminə. Amma sülh danışıqlarının növbəti raundu ərəfəsində “The Telegraph” Paşinyanı Azərbaycan əleyhinə ağzına gələni danışmağa işgəncə ilə vadar etməmişdi. Gah deyir biz sülhə yaxınıq, gah da sülh imzalayacağı lider və dövləti şərləyir, uca səslə qışqır-bağır salır ki, havadarları yaxşı eşitsinlər, onu bir az da dəstəkləsinlər.
Təkcə Paşinyandırmı? Eyni zamanda Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan ölkəsinin Fransa, Hindistan və hansısa fövqəlgüc ölkədən silah alması, silahlanma sahəsində böyük həcmdə iş aparılması, bunun nəticələrinin yaxın zamanlarda özünü göstərəcəyini söyləməklə Ermənistanın yeni hərbi əməliyyatlara hazırlaşdığını anons etmişdi. Sülh imzalamağa hazırlaşan ölkə 4 və 5-ci nəsil silahlarmı alardı? Ermənistan əhalisi ölkəni tərk edir, normal yaşayış olmaması ucbatından. Ancaq Paşinyan hakimiyyəti silahlanmaya milyardlar xərcləyir, bunu baş nazir özü etiraf etmişdi. Budurmu “sülhməramlılıq?”
Azərbaycanın düşmən təxribatına qarşı bir gün belə gözləmədən QİSAS əməliyyatı keçirməklə növbəti dəfə Ermənistana və havadarlarına xəbərdarlığı oldu! Prezident Xankəndidən xəbərdar etmişdi ki, bundan sonra heç bir təxribat cavabsız qalmayacaq, Ermənistanın arxasında hansı qüvvə dayanır-dayansın! Həmçinin Ali Baş Komandan bildirmişdi ki, bir nəfər də olsun Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq və hər bir təxribat şiddətli şəkildə cavablandırılacaq! Azərbaycan əsgərinə atəş açılması sülhə açılan atəşdir! Ermənistan sülhü istəmirsə, Azərbaycana heç lazım da deyil! Onda bu meydan, bu da… “Akıncı”!!!
Azərbaycan Prezidenti prezident seçkisindən cəmi 48 saat sonra hərbi geyimdə “Akıncı” hücum PUA-larının uçuşunu izləmişdi. Hətta PUA-nı özü idarə etmişdi. Bu, çox mərkəzlərə mesaj idi. Azərbaycan dövləti bölgədə sülhün əldə olunması üçün töhfəsini heç zaman əsirgəmir, amma eyni zamanda ərazi bütövlüyü və suverenliyini qorumaqdan ötrü ordusunu da ən yüksək səviyyədə təmin etməkdə qərarlıdır! Kimsə sərhədlərimizə kəm baxacaqsa, cavabını alacaq. Dünən, o biri gün Azərbaycan ordusu Sarıbababa, Fərrux dağlarında düşməni məhv edirdisə, bu gün onun təhlükəsizliyinə təhdid yaradan Qafan, Tavuş istiqamətindəki mövqelərə zərbələr endirir, haqlı olaraq! Belə aydın olur ki, Azərbaycan ordusu dövlətimizin sərhəd toxunulmazlığını təmin etməkdən ötrü özünün buffer zonasını yaratmalı olacaq, hər halda Ermənistan və onun təxribatçı havadarları bizi buna vadar edir! Qardaş Türkiyə terror ölkə ərazisindən, sərhədlərindən necə uzaqlaşdırdı? Bəli, terrorçuların sızdığı ölkələrlə sərhədlərində buffer zonaları yaratmaqla! Bu mənada qardaş ölkənin təcrübəsi işimizə yaraya bilər və heç bir ölkə də bizə irad tuta bilməz! Üstəlik, Azərbaycanla Ermənistan arasındakı sərhəd xətti bəlli deyil, heç Ermənistan adlı ökənin kadastr sənədi də yoxdur, Paşinyan şəxsən etiraf edib! Azərbaycana qarşı 30 il işğalçılıq siyasəti yürüdən, 8 kəndimizi hələ də azad etməyən, Naxçıvan bölgəsinin blokadasına son qoymayan Ermənistanla başqa dildə danışmaq mümkün deyil, bunu öz hərəkətləri ilə təsdiqləyir! Yalnız “Dəmir Yumruq” dili anlayır Hayastsan!
Heç şübhəsiz, baş verənlərə görə Ermənistan rəhbərliyi ilə yanaşı, Avropa İttifaqının “mülki” adı qoyulmuş, əslində cəsus şəbəkəsindən ibarət 209 nəfərlik missiyası, Avropa hərbçiləri, instruktorları, binoklçılar dəstəsi də məsuliyyət daşıyır. Bir neçə gün əvvəl Çex Respublikasının vətəndaşı Ermənistandan, minalı ərazidən, erməni postlarının yanından Azərbaycana keçmək istəyərkən saxlanıldı. Çex vətəndaşı ölkəmizin ərazisinə soxulmağa cəhd etdiyi zaman Fransa Milli Jandarma İdarəsinin briqada generalı Uilyam De Meyer Aİ missiyası ilə birgə Azərbaycanla həmsərhəd bölgəyə gəldi, əlində binokl. Nə axtarırdı? Bəlkə Çex vətəndaşının Azərbaycan sərhədçiləri tərəfindən güllələnməsinə şahidlik etmək istəyirmiş. İstənilən halda bütün bunlar Ermənistanı revanşa sürükləmək planlarının tərkib hissəsi idi.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti ilə sonuncu telefon danışığında dövlət başçımızı Brüsseldə gözlədiyinin anonsunu etdi. Əgər Avropa İttifaqı rəhbərliyi doğrudan da sülh əldə olunmasında maraqlıdırsa, o halda Aİ-nin Ermənistandakı cəsus şəbəkəsinin sayının artırılmasına nə ehtiyac var idi? Yaxud niyə Fransa generalının Göyçə-Zəngəzur dağlarına gəlib çıxmasına Aİ-dən hansısa etiraz olmadı? Axı, bu, gərginliyi tətikləyən addımdır. Normalda Aİ missiyası məsələyə reaksiya verməli, baş vermiş təxribatı qınamalıydı. Ancaq bunu etmədi. Görünən odur ki, heç araşdırma aparmağa belə cəhd göstərmirlər. Gözləyirik, Aİ missiyası Azərbaycan sərhədçisinin snayperlə vurulması faktına münasibət bildirməli, Ermənistanı mühakimə etməyə özündə cəsarət tapmalıdır! Rəsmi Bakı 12 fevralda “binokl diplomatiyası”nın başında duran Avropa İttifaqının Ermənistandakı təmsilçiliyi ilə bağlı sərt bəyanat vermişdi, Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılmışdı. Görüş zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının “əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin” ciddi narahatlıq doğurduğu diqqətə çatdırılmışdı. Məhz eyni gündə Zəngilan istiqamətində tətiyin çəkilməsi...Yenə təsadüf? Fransanın moderatorluğu ilə AŞ PA-dakı anti-Azərbaycan qətnamələr, ABŞ-dakı erməni lobbisinin diktəsi ilə Vaşinqtonun sülhü tormozlayan davranışları, bütün bunlardır Ermənistandakı revanşizmi stimullaşdıran. ABŞ, Fransa vəziyyəti gərginləşdirməklə mövcudluqlarını Ermənistanda və regionda saxlamaq istəyirlər. Daha bir sübut: Fevralın 2-də ABŞ-ın Ermənistandakı səfirliyi səfirliyin əməkdaşlarına və onların ailə üzvlərinə xəbərdarlıq etmişdi. Xəbərdarlıqda diplomatik korpusun əməkdaşları və onların ailə üzvlərinə Basarkeçər, Gorus, Qafan və Arazdəyənə səfər etməməyə çağırış yer alırdı. Həmçinin amerikalılara Ermənistan-Azərbaycan sərhədində təhlükənin yüksək olması səbəbindən bu ərazilərə getməmək tövsiyə olunurdu. Təsəvvür edin, eyni vaxtda Çex vətəndaşı Azərbaycana keçmək istəyir, Fransa generalı şərti sərhəddə gəlir, Aİ missiyası həmişəkindən çox aktivlik nümayiş etdirir, Ermənistan rəhbərliyinin aqressiv mövqeyi davamlı xarakter alır...
İndi cavab versinlər: ABŞ səfirliyi erməni snayperin atəş açacağını hardan bilirdi? Paşinyana sülh lazımdırsa, belə bir sualla özü də müraciət edə bilər, əgər həqiqətin üzə çıxarılmasını istəyirsə... Amma çətin ki, “Soros uşağı” bu qədər cəsarətli olsun... Belə görünür ki, snayper təxribatını ABŞ, Fransa və digər güclər birgə hazırlayıblar. Hələ bilmək olmaz, atəş açan snayper ermənidirmi? Ötən əsrdə “atan kazaklar” olub, bu dəfə... Bu təxribat Qərb dairələrinə həm də “Azərbaycan Ermənistana qarşı hərbi əməliyyat həyata keçirəcək” məzmunlu dezinformasiyaların “təsdiqlənməsi” üçün də lazım idi. Paralel şəkildə Aİ-nin missiyasının hərbiləşməsi məqsədilə növbəti eskalasiyaya ehtiyac duyurlar.
Görünən budur ki, Qərbdəki himayədarları tərəfindən “boğazına ip keçirilən” Ermənistan hələ də reallığı anlamır, bilmir ki, 44 günlk müharibədə, üstəgəl, bir günlük antiterror tədbirlərində onun işğalçı ordusunu kimsə xilas edə bilmədiyi kimi, bu dəfə də harayına yetişən olmayacaq! Ermənistan 9 min kv.km-lik sərhədlərinə qayıtmaq istəyir, zatən sülh danışıqları üçün masaya qoyulmağa ən çox haqq edən xəritələr də bunu deyir!
КомментарииОставить комментарий