Общественно-политическая интернет газета
Azərbaycan dövləti əsgərlərini düşmən əlində qoymadı, Qarabağ, Şərqi Zəngəzur kimi! Günahı sadəcə pis hava şəraiti səbəbindən düşmən ölkənin ərazisinə keçmək olan – sərhədlər şərti xarakter daşıdığı üçün bu iddia da mübahisəlidir – saxta ittihamlara, işgəncələrə məruz qalan hərbçilərimizi də dövlətimiz özü aldı, torpaqlarını yad tapdağından təkbaşına azad etdiyi kimi!
İndi diqqətimiz digər hədəflərə yönəlib. Öncə azad olunmalı 8 kəndimiz var...Sədərək rayonunun Kərki (19 km2), kəndi, Qazax rayonunun Sofulu (4,4 km2), Bərxudarlı (3,2 km2), Yuxarı Əskipara (8,6 km2), Aşağı Əskipara (9,1 km2), Bağanis Ayrım (4 km2), Qızıl Hacılı (11 km2) kəndləri. Bu kəndlərin işğal tarixi artıq 30 ilin üzərindədir, amma dünyanın bir beynəlxalq təşkilatı Ermənistana “Azərbaycan ərazilərini azad et”, çağırışını dilə gətirmir (Kərki, Yuxarı Əskipara, Sofulu və Barxudarlı anklav, digərləri eksklav kəndlərdir). Erməni hərbçilərlə bağlı baş-beynimizi aparmışdılar neçə müddət idi. Amma birisi öz-özünə sual vermirdi ki, Şirak ermənilərinin Qarabağda, Hadrutda nə ölümü var idi? Biz belə haqsızlıqlara öyrəncəliyik, təəccüblənmirik. Odur ki, Ermənistanın tapdağındakı kəndlərimizi də yalnız özümüz azad edəcəyik, bu, şübhəsizdir!
Qazax rayonunun adları sadalanan, 1990–1992-ci illərdə Ermənistan ordusu tərəfindən işğal edilən 7 kəndi ilə bağlı İrəvanda sərsəm iddialar səslənir. Ermənistanda vaxtaşırı belə cəfəngiyat irəli sürürlər ki, kəndləri geri qaytarmaq olmaz, çünki o halda Gürcüstanla əlaqələr sual altına düşəcək. Absurddur, deyilmi? Niyə sual altına düşür, əgər sülh imzalanacaqsa? Bu, həm də ermənilərin iddia etdikləri kimi, bölgədə əbədi sülh tərəfdarı olmadıqlarını nümayiş etdirən mövqedir. Əgər Azərbaycan və Ermənistan arasında sülh imzalanacaqsa, demək, qarşılıqlı şəkildə kommunikasiyalar da açılacaq, münasibətlərin bərpası, inkişafı istiqamətində addımlar atılacaq, düşmənçiliyin aradan qaldırılmasından ötrü zəruri işlər görüləcək. Belə olan təqdirdə Ermənistan niyə Gürcüstan yoluna Azərbaycandan təhlükə görür? Deməli, Ermənistan sülhlə bağlı mövqeyində səmimi deyil və əgər kommunikasiyalar açılarsa, hər an 90-cı illərin əvvəllərində olduğu kimi Azərbaycana qarşı növbəti təxribatlar törədilə bilər.
Bu məntiqlə Zəngəzur dəhlizində təhlükəsizliyə Ermənistanın hansısa xidmətinin məsul olmasına da yol vermək olmaz, dəhlizin təhlükəsizliyi ciddi qüvvələrin əlində olmalıdır! Ötən illərin təcrübəsi var, Azərbaycan hər dəfə Ermənistanın təxribatlarına cavab addımları atıb, amma mülki əhali ilə bağlı olmayıb bu addımlar. Ermənilərin 8 kəndimizlə bağlı sərgilədiyi mövqe onu deyir ki, bunlar günün birində növbəti dəfə Azərbaycana və azərbaycanlılara qarşı cinayətlərə əl atmağa hazırlaşdıqları üçün Ermənistan-Gürcüstan magistralının sonrakı taleyindən narahatdırlar. Bu mənada Azərbaycan nəinki Gorus-İrəvan-Şahbuz magistralı ilə vətəndaşlarının hərəkətinə razılaşmaz, eyni zamanda Zəngəzur dəhlizində təhlükəsizlik zolağı olmadan buradan qatarların və ya avtomobillərin hərəkət etməsini arxayın həyata keçirə bilməz.
Yaxud İrəvanda belə hesab edirlər ki, Kərki kəndini geri qaytarsalar, bu halda Ermənistan-İran avtomagistralına nəzarət əldən çıxacaq. Yenə də absurd yanaşma. Deməli, Ermənistana əbədi sülh gərək deyil, sadəcə status-kvonu qoruyub, saxlamaq, gələcəkdə yenə də revanşa cəhd göstərmək istəyirlər. Kəsəsi, necə ki, 1905-ci, 1918-ci illərdə azərbaycanlılara qarşı qırğınlar törətdilər, ərazilərimizi ələ keçirdilər, 1948-53, 1988-89-cu illərdə əhalimizi deportasiya elədilər, Qarabağı 30 il işğalda saxladılar, bu dəfə də bir az “nəfəs alıb”, yenə də Azərbaycana qarşı alçaq əməllərə başlamaq istəyənlər az deyil. Bu mənada Seyran Ohanyan kimi alçaqların “Qarabağ məsələsi bitməyib”-kimi “xaric” səslərini boş vermək olmaz. Fransa başda olmaqla, Avropa İttifaqının Ermənistana hərbi yardımı əbəs yerə deyil.
Avropa İttifaqı Ermənistandakı “mülki monitorinq missiyası”nın sayını 138-dən 209 nəfərə artırmağa niyə qərar verib, bu, hansı zərurətdən yaranıb? Hələ ki, rəsmi Bakının bu sualına cavab verən yoxdur. Sülh imzalananda sərhəddə hansısa ölkələrin qüvvələri yerləşdirilməlidir ki? Özü də Ararat Mirzoyan səviyyəsində Azərbaycana absurd çağırış edilir ki, tərəflər öz qoşunlarını geri çəksinlər. Yəni Azərbaycan ordusu, sərhədçisi geri çəkilsin, avropalı emissarlar ərazidə yerləşsin, anklavlar və esklavlar da qalsın əbədi ermənilərdə, strateji əhəmiyyətli yüksəkliklər də...Məkrli məqsəd ortada!
Xatırladaq, Başkəndə ermənilərin köçürülməsi 1858-ci ildən başlayıb. O zaman bu bölgəyə köçürülən ermənilər azərbaycanlı bəylərin, xanların mal-heyvanlarını otarıblar. Ötən əsrin ilk onilliklərindəki qanlı hadisələr zamanı isə azərbaycanlıları sıxışdırıb, torpaqlarımıza sahibləniblər. Başkənd Azərbaycan Xalq Cümhuriyyəti süquta yetirildikdən sonra, 1926-cı ildə Azərbaycandan qoparılaraq Ermənistana verilib. Diqqət edin, yalnız 25.01.1978-ci ildə Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə kəndin tarixi adı dəyişdirilib və Ardzvaşen - ermənicə: Qartalkənd – qoyulub. Yəni ermənilər də uzun müddət bu kəndin məhz Başkənd olduğunu, Azərbaycan torpağı olduğunu qəbul ediblər. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən bu kənd şərti sərhəddən 8-10 kilometrlik məsafədə, yəni Azərbaycanın içərisindədir. Məlum hadisələr başlayandan erməni canilər azərbaycanlılara qarşı bir sıra cinayətlər törədiblər, hətta iki həmvətənimizin başını kəsərək qətlə yetiriblər. Şınıx bölgəsinin 26 kəndi üçün ciddi şəkildə problemə çevrilib burdakı erməni quldurlar. Odur ki, 1992-ci ilin 6–8 avqust tarixlərində həyata keçirilən əməliyyat nəticəsində ərazi Azərbaycanın nəzarəti altına keçib, Gədəbəyin kəndləri xilas olub. Əslində bununla tarixi ədalət öz yerini tapıb, 40 km2 Başkənd kəndi özünün əsl sahibinə qovuşub.
Ermənistandan Başkəndə dağlıq ərazidən gələn yolun keçilməz olduğunu, kəndin isə yaşayış üçün əlverişsizliyini, eyni zamanda dörd tərəfdən Azərbaycan kəndləri ilə əhatələndiyini nəzərə alsaq, orada erməni əhalinin yaşamaq istəyəcəyi real görünmür. Elə yaşamaq istəsəydilər, Qarabağda qalıb yaşayardılar. Deməli, Başkənd Ermənistanın əlində sadəcə bəhanədir, həm sülh prosesini uzatmaq, həm də 8 kəndimizi geri qaytarmamaqdan ötrü. Ermənistan Başkəndi geri qaytarmaqla gələcəkdə yenə də Azərbaycana qarşı bu, strateji yüksəklikdən təhlükə yaratmaq niyyətindədir, heç şübhəsiz ki...90-cı illərin əvvəllərində bölgədəki əhalimizə qarşı hansı cinayətlər törədiblər, məlumdur. Təkcə bir fakt: 1991-ci il yanvarın 31-də daha bir qanlı cinayətlər baş verdi. Erməni yaraqlıları Başkənddən keçib Şınıxa gedən yolun Mutudərə istiqamətində 6 azərbaycanlını qətlə yetirdilər və Şınıxın ağır günləri başlandı!!! Bütün bunlar çox yaxın tarixdə baş verib, biz bunları necə unuda və yenidən strateji əhəmiyyətli (özümüzün torpağımızı) ərazini Ermənistana peşkəş edə bilərik?
Ermənistan hakimiyyəti ara-sıra anklav və esklavlardan danışarkən ərazi mübadiləsi iddiasını ortaya atır. Hətta Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Qriqoryan ötən il anklavların ümumi sahəsinin təxminən eyni olduğunu və dəyişdirilməyə ehtiyac olmadığını iddia etmişdi. Bunlar anlamır ki, əvvəla, ərazi fərqi böyükdür. Digər tərəfdən, hər iki halda söhbət Azərbaycanın tarixi ərazilərindən gedir, burada mübadiləyə yer yoxdur!!! Ermənistan Azərbaycanın 20 faiz ərazisini 30 il ərzində işğalda saxladığına - üstəlik, 8 kəndimizi hələ də azad etmədiyinə - görə cavab verməlidir, təzminat ödəməlidir! Məsələ bitməyib! Ölkəmizə, vətəndaşlarımıza vurulan yüz milyardların qarşılığında hətta Başkənd boyda ərazi də yetərli deyil, baxmayaraq ki, Başkənd məsələsi qeyd etdiyimiz kimi, başqadır, bu ərazi Azərbaycanın bir parçasıdır! Ona görə də hər hansı ərazi mübadiləsindən söhbət gedə bilməz, bu, sizinçün hərbi əsirlərin mübadiləsi deyil! Həm də Qazaxın kəndlərinin işğalı zamanı törədilən cinayətlər, soyqırım faktları, mülki şəxslərin, qadın, uşaqların diri-diri yandırılması!!! Unutmamışıq, o ərazilər həm də bizimçün ziyarətgahdır! Kim bilir, o kəndlərdə neçə nəfərin sümükləri torpağa qarışıb...
Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edən Nikol Paşinyan bu günə qədər 8 kəndimizi azad etməməklə əslində saxta adam olduğunu etiraf edir. “Ermənistanın 29 800 kvadrat kilometr ərazisinə Başkənd də daxildir”-söyləyən Paşinyan nədənsə tarixi həqiqətləri unudur. Üstəlik, “Azərbaycan 8 kənd məsələsini qaldırır, öz növbəmizdə deyirik ki, bizim də 8 kəndlə bağlı problemimiz var”-deyir erməni baş nazir. Daha bir saxtakarlıq! Hələ onun parlament sədri Alen Simonyan “nəzarət altında” olan kəndlərin sayını 31-ə qaldıracaq qədər avantüristdir.
Bizim Ermənistanda hələ çox ərazilərimiz var: təkcə 1929-cu ildə Azərbaycandan qoparılan Nüvədi kəndi deyil, çoxdur, lap çox. Kəndlərimizin anklav taleyi yaşaması da ərazilərimizin otlaq, qışlaq, əkin yerləri kimi ələ keçirilməsinin, 9 min kv.km-lik Ermənistanın 29,8 min kv.km-ə çatdırılması nəticəsində baş verib. Masaya 1918-20-ci illərin xəritəsi mütləq qoyulmalıdır və qoyulacaq! Onda baxarıq, anklav hardadır, esklav harda. O halda Ermənistan özü ankalava çevriləcək!
Necə olur ki, bu gün Ermənistan İrana və Gürcüstana gedən yolların nəzarət altına düşəcəyindən ehtiyatlanır, amma Azərbaycanın Qərb bölgəsinin Naxçıvanla birbaşa quru əlaqəsinin 32 ildir kəsilməsini gorməzdən gəlir?! Deyən gərək, Paşinyan, nə magistral yol söhbəti salmısan, sənin “kupça”sız ölkən mənim Naxçıvan yolumun üstündə yerləşir e. Elə olmasın ki, günün birində deyək: “götür Ermənistanı, (“artsax” oyuncağı kimi) rədd ol torpaqlarımızdan!
КомментарииОставить комментарий