Свобода людям, независимость нациям!

74 şallaq və ya hara tələsirsiniz, doktor?..

Sanki ürəyimə dammışdı. Ötən həftələrdə yazmışdım ki, doktor Pezeşkian, ruhanilərin təzyiqi altında hakimiyyəti yarımçıq qoymaq haqqında düşünməyin.

Amma budur, bir neçə gündür deyilir ki, bəs prezident Pezeşkian istefa ərizəsini ali dini lider Seyyid Əli Xameniyə təqdim edibdir.

Düzdür, dini liderin onun istefasını qəbul etmədiyi bildirilir, amma bununla məsələ həll olunacaqmı? Axı prezident ali dini liderin əlində bir oyuncaq olacaqsa, belə prezidentliyin bir mənası varmı?..

Bəs çıxış yolu nədədir? Dəfələrlə yazmışıq ki, İranın bu vaxta qədərki islahatçı liderlərinin sadəcə, adı islahatçı olub. Onlar prezidentlik müddətlərini birətəhər başa vurub böyük siyasətdən uzaqlaşıblar, heç biri ali ruhani elitasının üzəırinə getməyibdir, ölkə siyasətində həlledici dönüş etməyə çalışmayıbdı. Ruhani elitasının indiki prezidentdən də umduğu sanki elə budur: bizim dediklərimizi et və müddətini başa vur, çünki səni iranlı seçicilərdən əvvəl biz seçmişik...

Amma bu minvalla İranda heç nə dəyişməyəcək, halbuki insanlar dəyişikliklər, özü də ciddi dəyişikliklər gözləyirlər, yarım əsrlik molla-kratiya onları büzdirib. Odur ki, ya “yuxar”ıdan, islahatçı siyasətçilərdən biri bu praktikanı dəyişməli, ruhani elitası ilə “kəllə-kəlləyə” gəlməli, ölkədə həqiqi islahatların aparılmasına çalışmalıdır, ya da nə vaxtsa bu ölkədə də qanlı inqilab olacaq – bəli, üçüncü yol yoxdur!

Ona görə yox ki, bəs dünyada qərb-şərq amili var, yox, məsələ bunda deyil, Qərb deyilən siyasi, geosiyasi və geoiqtisadi düşərgə özü indi ciddi böhran keçirir və hələ məlum deyil ki, bu düşərgənin özünün taleyi necə olacaq? Məsələ ondadır ki, azadlıq deyilən bir dəyər var və bu Tanrının insanlara bəxş etdiyi ən ali haqlardan biridir, yaşamaq haqqının özü qədər dəyərlidir.

Doxsanıncı illərdə İran prezidentlərindən biri yazmışdı ki, azadlıqla rəqabətdə bütün digər dəyərlər – haqlar acizdirlər, onlar gec-tez azadlıq qarşısında geri çəkilməli olacaqlar. Odur ki, İranın indiki rejiminin, eləcə də ona bənzər digər avtoritar rejimlərin heç bir perspektivi yoxdur.

Ona görə də deyirik ki, İranda da ya gec-tez “yuxarı”dan dinc islahatlar aparılmalıdır, ya da bir daha vurğulayırıq ki, məsələni nə vaxtsa əlahəzrət inqilab həll edəcək. Başqa yol yoxdur. Sadəcə, problem ondadır ki, “yuxarılar”da hələ belə cəsarətli şəxs yoxdur, “aşağılar” isə hələ tamam başqa cür yaşamağa qərar verməyiblər, onlar hələ Səməd Berhrənginin yazdığı kimi, bu bataqlıqdan savayı dünyaların olmasının fərqində deyillər...

Amma əbədi olaraq belə davam etməyəcək. Mütləq nə vaxtsa dönüş baş verəcək – ya ümum İran inqilabı olacaq, ya da milli azadlıq hərəkatları baş qaldıracaq.

Təsəvvür edin, indi İranda dini hakimiyyətin də, siyasi hakimiyyıtin də başında azərbaycanlı türkləri dayanır. Amma bunun 30-40 milyonluq azərbaycanlı türkü üçün zərrə qədər belə olsun fərqi varmı? Ölkədə hətta türk əsilli prezident də türkcə danışa bilmirsə, adi insanlar nə etsinlər?..

Bir daha deyirik ki, məsələ təkcə qərbdə-şərqdə deyil. Guya onlar olmasa, otuz-qırx milyonluq azərbaycanlı türkü dilindən imtina edəcək?

Yox, belə olmayacaq, çünki öz dilində danışmaq, ana dlini yaşatmaq hər insanın, hər bir xalqın təməl haqlarından biridir. Əgər insanın doğma ana dilində danışmaq haqqı da yoxdursa, onun başqa hansı haqqı var?..

Bəli, məsələ bundadır! İran mollaları savadsız deyillər, dünya siyasətindən də yetərincə baş çıxarırlar. Dünyagörüşləri də kifayət qədər var.

Bir dəfə dini lider Seyyid Əli Xameneyinin sevdiyi yazıçıların siyahısı verilmişdi. Onların arasında nəinki fransız Viktor Hüqo, hətta rus Mixail Şoloxov da vardı!

Elə orta əsrlərdə Avropadakı İnkvizisiyanın liderləri də savadsız, dünyagörüşsüz deyildilər. Amma onlar nə qədər qan tökdülər, nə qədər insanın həyatına son qoydular! Ta o vaxta qədər ki, bu Qitədə Yan Quslar, Lüterlər peda oldu və onlar yüz illərlə katolik kilsəsinin çıxardığı oyunlardan insanları agah etdilər və Reformasiya kimi böyük bir dini hərəkata təkan verdilər!

Ona görə də hətta indinin özündə kimsə katolik kilsəsi – Vatikan haqqında ağızdolusu danışanda bu, bizdə ən azı ironiya doğurur, çünki katolik kilsəsi, elə digər kilsələr də yüz illər ərzində ibadətdən daha çox siyasətlə məşğul olub və indi də daha çox bununla məşğuldurlar.

Bu sözləri İran mollaları haqqında dümək olar, onlar da eyni işlə məşğuldur. Ona görə də İran cəmiyyəti də gec-tez onlardan qurtulmalıdır, çünki mollaları heç kim, hətta İslamın özü belə az qala, yüz milyonluq İran cəmiyyətinə vəkil etməyibdir, ən azı ona görə ki, katolisizmdən fərqli olaraq İslamda heç vaxt Tanrı ilə bəndələri arasında “vasitəçiyə” ehtiyac duyulmayıbdır...

Qayıdaq İranın cari siyasətinə. Bu günlərdə icbari hicaba etiraz etdiyinə görə tanınmış İran musiqiçisinə 74 şallaq cəza kəsildi!

Bunu eşidəndə qeyri-ixtiyari olaraq bir fikir keçdi beynimizdən: İlahi, bunlar hansı əsrdə yaşayırlar?

Amma müğəninin özünün buna reaksiyasi daha müdrik oldu. Dedi ki, azadlıq üçün də bədəl ödəmək lazımdır...

O ki qaldı prezident Pezeşkiana, düşünürük ki, o, da müdrik hərəkət etməlidir. Ona görə ki, 21-ci əsr olmasına baxmayaraq hələ də bəzi ölkələrdə siyasət cəngəllik qanunları ilə idarə olunur.

Bu səbəbdən də zəiflik göstərmək, geri çəkilmək nəinki bağışlanılmaz səhv, hətta bəlkə də cinayətdir: bir daha deyirik ki, çox təəssüf, siyasət nəcib insanlar klubu deyil, xüsusən də o ölkələrdəki orada insanları hələ də daş-qalaq edir, şallaqlayırlar...

Нет комментариев

Новости автора