Свобода людям, независимость нациям!

2127-ci ildə mətbuat İlham Əliyevin Xankəndi paradından nələr yazacaq?

1919-cu ildə “Azərbaycan” qəzeti Xankəndi paradından yazırdı: “Bu günlərdə Qarabağ özünün ən əziz və sevimli qonaqlarını − Gəncə qubernatoru Rəfibəyovun müşayiət etdiyi Baş Nazir Nəsib bəy Yusifbəylini və Hərbi Nazir Səməd bəy Mehmandarovu qəbul etmək sevincini yaşadı. Qonaqlar iyulun 29-da Xankəndiyə gəldilər, orada qoşunların paradı oldu... İyulun 30-da əziz qonaqlar Şuşaya gəldilər. Şəhərdə qonaqlar ruhanilər və əhali tərəfindən duz-çörəklə qarşılandılar...”

TARİX SON.jpeg (72 KB)

Bu hadisənin üstündən 104 il keçəndən sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan Azərbaycan Respublikasında nəşr olunan qəzetlər və ümumiyyətlə, bütün media orqanları, telekanallar Prezident, Ali Baş Komandan İlham Əliyevin, Birinci xanım Mehriban Əliyevanın və oğulları Heydər Əliyevin Şuşaya getdiklərini, oradakı quruculuq işləri ilə tanış olduqlarını, yeni tikililərin açılış mərasimini keçirdiklərini, daha sonra 104 il sonra yenidən azad edilən – bu dəfə də daşnak tör-töküntülərindən - Xankəndiyə səfər etdikləri barədə xəbərlər yaydılar.

AİLESİ.jpg (338 KB)

Daha 104 il keçəcək və 2127-ci ildə qəzetlər Qarabağı erməni işğalından birdəfəlik azad edən, Pənahəli xanın, İbrahimxəlil xanın və Qarabağın quruculuğunda, yağılardan təmizlənməsi yolunda xidmətləri olan hər kəsin ruhunu şad edən Şuşa, Xankəndi fatehi İlham Əliyevin zəfərlərlə dolu həyat yolundan, hakimiyyət illərindən yazacaqlar. Gələcək nəsillər qürrələnə-qürrələnə Azərbaycanın qalib Ordusu barədə oxuyacaq, yazacaq, danışacaqlar. Onlar bizdən də şanslı nəsil olacaqlar, çünki biz uzun illər işğalın fəlakətləri ilə baş-başa qaldıq, bu illərdə də bir çox hallarda azı iki əsr boyunca düşmənlərin qarşısında məğlub duruma düşdüklərinə, torpaqlarımızın tikə-para olunmasına görə babalarımızı qınadıq, gərək belə etməyəydik dedik, sarsıldıq. Amma 104 il sonrakı nəsil İlham Əliyevin prezidentliyi, Baş Komandanlığı ilə Azərbaycanın əbədi qalibiyyətə imza atmasının xoşbəxtliyini yaşayacaq, rəhmətlə, minnətlə xatırlayacaq bu günün əzabkeşlərini, şəhidlərini, qazilərini, şahidlərini! Kim bilir, bəlkə o zaman elə bizim yazdıqlarımız da hansısa yazılar üçün tarixi mənbə rolunu oynayacaq...

Oxuyacaqlar 104 il əvvəlki mənbələrdən: Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü ilin 8 noyabr tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda iştirak və çıxış edib!

CİXİS.jpg (288 KB)

Bir daha xatırladaq, yazaq, həm bu günümüzün yaddaşına yazılsın, həm də gələcək nəsil araşdırmaçıları üçün əlçatan olsun bu tarixi gerçəkliklər. Ötən əsrin əvvəllərində Xankəndidə keçirilən hərbi paradın sevinci çox çəkmədi, təəssüf ki... Ardınca nəinki Xanın kəndi yağmalandı, hətta adı da qaniçənin birinin “kert”inə tuş gəldi. 71 illik əsarətdən sonra müstəqil Azərbaycanın ali qanunverici orqanı ədaləti bərpa etsə də, Xankəndi bizimçün əlçatmaz oldu, daha 32 il! Amma budur, İlham Əliyevin yaratdığı ordu Xanın kəndini – şəhərini əbədi azad etdi, möhtəşəm hərbi parad isə bu azadlığın möhürü oldu!

Zəfər paradını qəbul edən Azərbaycan Prezidentindən “İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı” - sözlərini Xankəndinin mərkəzində, baş meydanındakı tribunadan eşitmək nə qədər qürurvericiydi! Dünənə qədər o tribunaya bitişik binada xunta rejiminin təmsilçiləri kök salmışdılar, Azərbaycan ordusu canilərin kökünü qazdı, terrorçuların başçılarını qandallayıb Bakıya, ədalət məhkəməsi qarşısında cavab verməyə yolladı. Vaxt var idi köhnə yarlıqla adlandırılan Xankəndidə azərbaycanlıları diri-diri yandıran erməni qatillərini mühakimə etmək, onları cəzalandırmaq belə, mümkünsüz idi, çünki himayədarları var idi. Amma artıq dünyanın heç bir ölkəsi Azərbaycanın mühakimə etdiyi canilərin xilasına nail ola bilmir, 3 ildir zəvzəyirlər, ölkəmizə təzyiq edirlər, xeyri yoxdur, cinayət cəzasız qalmamalıdır!

ARAİKLERİ.jpg (436 KB)

Dövlət başçısı hər zaman olduğu kimi, torpaq bütövlüyümüzü əsas memarı kimi ordumuzun xidmətini qeyd etdi, milli həmrəyliyimizi mühüm faktor kimi xüsusi vurğuladı, “Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq” - söylədi. Bəlkə də tarix boyunca milli birliyimizin ilk nümunəsi olduğuna görə tarixi zəfərimizi qazandıq. Bu, həm də gələcək nəsillərimizin yoluna işıq salan qələbə düsturu olacaq: birliyinizi qoruyun ki, diriliyinizi, iriliyinizi də təmin edə biləsiniz! Bu gün düşmənin bəzi təmsilçiləri belə etiraf edir ki, Prezident İlham Əliyev sözü və əməli bir olan liderdir. Dedi, etdi. Hətta düşmənə münasibətdə də. Avropanın bəzi “demokratiya və azadlıq paytaxtları”nda oturan liderlərdən fərqli olaraq, cənab Əliyev silahı yerə qoyan düşmənin kəllələrindən ibarət muzey eksponatlarının qurulmasına tapşırıq vermədi, xeyir, ağ bayraq qaldıranlara aman verdi, onları əfv etdi, görünməyən humanizm nümayiş etdirdi. Bu, bir başqa savaş növüdür, dünyada anoloqu olmayan şəkildə. Azərbaycan dövləti kişi kimi döyüşdü!

İlham Əliyev müqəddəs Qurana və Konstitusiyaya əl basaraq and içmişdi, andına sadiq oldu. Xankəndi paradında sanki hesabat verirdi:

“Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq”.

“Gün gələcək...” demişdi, gəldi o, İKİ ƏSRƏ BƏRABƏR GÜN! Xankəndi paradının keçiriləcəyinə ən çox inanan, bu günü illər öncədən görən məhz o idi. Bir çoxları inanmayanda, bunun mümkünsüzlüyü, dünyanın çoxstandartları, erməniçiliyin hümayədarlarının kəmfürsətliyi ilə bağlı “əsaslandırmalar”la çıxış edəndə, əminliklə işini davam etdirirdi.

AİLESİNİ.jpg (225 KB)

Bu gün Prezident İlham Əliyevə qazandığımız bu möhtəşəm zəfərlərə, tarixi qələbələrə görə ən yüksək mükafatların, adların verilməsini təklif edənlərə təvazökar liderin cavabı: “Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır”.

Azərbaycan Prezidenti bu qədər imkanlara, gücə, məğlubedilməz orduya komandanlıq etdiyi halda, sülh mesajı verdi, “Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Biz bütün vəzifələri icra etmişik” - söylədi. Əslində, ötən illər ərzində dəfələrlə qarşı tərəfə danışıqlar yolu ilə işğala son qoymaq çağırışı edilmişdi, Azərbaycanın gücünü qiymətləndirə bilmədilər, nəticə bəlli... Bütün dünya gördü: Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi. İllər keçdikcə sülhə ümidlər tükənirdi. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar, hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq... Bəli, Azərbaycan bütün dövrlərdə sülhün tərəfdarı kimi çıxış edirdi. Əgər Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici qüvvələr Azərbaycan Prezidentinin sözlərinə qulaq assaydı, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Bu savaş olmasaydı, görün nə qədər oğullarımız sağ-salamat evinə dönəcəkdi, həmçinin düşmən də bu biabırçı məğlubiyyətlə üzləşməyəcəkdi... Düşmən özü istədi bu sonluğu. Hər halda bizim oğullarımız nə üçün şəhadətə can atdıqlarını bilirdilər: “Təki Vətən yaşasın” nidası var idi dillərində, düşmən hərbçiləri isə yad torpağı uğrunda ölümə məhkum edilmişdilər, istədiklərini aldılar...

ALİYEV SON YENİ.jpg (208 KB)

104 il sonrakı nəsil də Şuşa əməliyyatının sehrinə düşəcək, bu qəhrəmanlıq dastanını oxuyub, Azərbaycan vətəndaşı, ümumən azərbaycanlı olduğuna görə dünyanın istənilən ölkəsində fəxr edəcək, alnıaçıq gəzəcək. 44 gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edən, hər gün irəliləyərək, bir gün belə geriyə addım atmayan hərbçilərimizlə qürrələnəcək gələcək nəsillərimiz. O zaman müqayisə də aparacaqlar, bu sətirləri təkrar-təkrar oxuyaraq:

“Düşmən ordusu Azərbaycan Ordusunun, Silahlı Qüvvələrin peşəkarlığını görərək daha da böyük təşvişə düşürdü və onların özlərinin etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olmuşdur...” Və bunun qarşılığında: “Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi”.

Prezident qüdrətli Azərbaycan ordusunun qarşısında çıxış edir:

“Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi. O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və artıq bu gün Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, həmin gün qəbul etdiyimiz qərar düzgün idi.

44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarılsın. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdü. Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi”.

ORDUMUZ EN YENİ.jpg (469 KB)

Tarix nəyi, nə zaman etməyin nə qədər möhtəşəm nəticələr qazandırdığının əsl qiymətini verəcək və bu, həm də gələcəkdə hər kəs üçün ibrət olacaq. Görün, nə qədər gəncimizin həyatı hifz edilib doğru-düzgün, müdrik qərarla.

Ali Baş Komandan şərəf tribunasından Ermənistana və havadarlarına bir daha xatırlatdı ki, “Bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik!”

2019-cu ildə “Qarabağ Ermənistandır. Nöqtə” - deyən birisi var idi, hünəri çatır, cavab versin... Baş Komandan: “Dörd il bundan əvvəl Xankəndi şəhər stadionunda Ermənistanın baş naziri çıxış edərkən təkəbbürlə demişdi: “Qarabağ Ermənistandır və nöqtə”. Biz ona, onun kimilərinə və onların arxasında duranlara döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, o, səhv yolda idi. Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin”.

Dövlət başçımız bir daha xatırlatma etdi:

“Əgər rəsmi İrəvan bizim sözümüzə baxsaydı, sentyabr ayında keçirilmiş antiterror tədbirinə ehtiyac qalmazdı. Onların bütün bəlalarının səbəbkarları elə onların özləridir. Onların bəlaları təkcə üç il bundan əvvəl başlamayıb, hələ 1990-cı illərin əvvəlində başlayıb. O vaxt Azərbaycanın çörəyini yemiş, Azərbaycanın suyunu içmiş nankor kütlə Azərbaycana qarşı ərazi iddiası qaldırmışdır. Onlar hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlayacaqlar. Özləri buna o qədər inanmışdılar, xarici tərəfdaşları da inandırmağa çalışırdılar ki, onların güclü orduları var, onların güclü potensialı var, güclü himayədarları var və Azərbaycan heç vaxt torpaqları hərbi yolla azad etməyə cürət etməyəcək”.

XANİS SON.jpg (225 KB)

Bu xəbərdarlıqlar, xatırlatmalar gələcəkdə ermənilərin də faydasına olar, yadda saxlasalar, əzbərləsələr, bir daha kimlərinsə fitvası ilə Laçın tərəflərə, Kəlbəcərə, Zəngilana kəm baxmağa cürət etməzlər! Anlayarlar ki, onları fəlakətlər burulğanına yuvarlayanların əlində oyuncaq, maşa olmaq növbəti dəfə, 22-ci əsrin dərsi ilə nəticələnə bilər!

Və...2127-ci ildə Azərbaycanın oğul və qızları orta məktəblərin tarix kitabında Prezident İlham Əliyevin Xankəndi paradında söylədiyi, bizim nəslin hələ də yuxuya bənzətdiyi hadisələrlə bağlı tarixi fikirlərini oxuyacaqlar: “Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə Azərbaycan Bayrağı qaldırıldı. Bundan böyük xoşbəxtlik ola bilməz”.

Bəli, Azərbaycanın oğul və qızları xoşbəxt ömür yaşayacaqlar bundan sonra, çünki Qarabağ Azərbaycandır! Amma o nəsil daha xoşbəxt yaşayacaq, çünki Azərbaycan olan tarixi torpaqlarımız təkcə Qarabağ və Şərqi Zəngəzur deyil!

Yeni-yeni zəfərlərə doğru, Azərbaycan!

Нет комментариев

Новости автора