Общественно-политическая интернет газета
21-ci əsrin Türk əsri olacağını deyənlərin yanılmadığına əmin olmaqdan ötrü elə gündəmi izləmək kifayətdir. Son günlərə nəzər salsaq, dünyada Türk rüzgarının əsdiyini görə bilərik. Özü də bu rüzgar türkofob qüvvə və paytaxtların iddia etdiyi kimi, kimlərəsə təhlükə vəd etmir, olsa-olsa, yayın qızmarında, qlobal iqlim dəyişikliyində və ümumən bəşəriyyəti ağuşa almış növbənöv təhlükələr fonunda xilaskar rolunu oynayır, ən azı yayın qızmarında ürəklərə sərinlik gətirir. Hədəflər isə çox böyükdür, təbii ki, xilas(kar) mənasında…
Bir neçə gün idi nəzərlər Türk yurdu, Turanın böyük bir parçası Qazaxıstana, başkənd Astanaya yönəlmişdi. Şanxay Əməkdaşlıq Təşkilatının Zirvəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də fəxri qonaqlar sırasında idi. 2022-ci ilin Özbəkistan – Səmərqənd Zirvəsindən sonra Prezident Əliyev ikinci dəfə bu, mötəbər təşkilatın Zirvə toplantısına dəvət alırdı, hər iki halda Türk liderlər tərəfindən. Bu faktın özü çox qürurvericidir, həm də bizim birliyimizin, vəhdətimizin göstəricisidir. Düzdür, Azərbaycan ŞƏT-in üzvü deyil, amma qurumun dialoq tərəfdaşı kimi, faktiki olaraq qurucu üzvlərdən seçilmir. Elə İlham Əliyevin Astana Zirvəsi çərçivəsində keçirdiyi ikitərəfli, həmçinin üçtərəfli görüşlər, aparılan müzakirələr, əldə olunan anlaşmalar da dövlətimizin və liderimizin reytinqinin növbəti göstəricisi, nümayişi oldu. Azərbaycan, Türkiyə, Pakistan liderlərinin, üç qardaş ölkənin ayrıca bir araya gəlməsi, yüksək səviyyədə keçirilən görüş və bütün dünyanın izlədiyi səmimiyyət, liderlərin qucaqlaşması… Dar gündə də, xoş gündə də bir yerdə olanların vəhdəti. Eyni zamanda Mərkəzi Asiyanın Türk cümhuriyyətlərinin liderləri ilə ikitərəfli görüşdə səslənən qarşılıqlı etimada, tarixi əlaqələrə söykənən əməkdaşlıq perspektivləri barədə anonslar, həmçinin qazax liderinin ŞƏT kürsüsündən hər kəsi bu ilin noyabrında Azərbaycanın evsahibliyi ilə keçiriləcək dünya miqyaslı COP29-a dəvət etməsi. Bir Türk dövləti dünyanın BMT-dən sonra ən böyük və nüfuzlu təşkilatının qlobal məna kəsb edən, insanlığın xilasına yönəlmiş beynəlxalq konfransa dəvət edir. Qürurvericidir, bu birlik, bu birgəlik!
Dünya nəhənglərindən biri Çin Xalq Respublikasının liderinin Azərbaycan Prezidenti və dövləti barədə yüksək fikirləri, həmçinin Azərbaycanın Ermənistanla sülhü özündə ehtiva edən sülh formulunu birmənalı şəkildə dəstəkləməsi, eyni zamanda Azərbaycan üzərindən həyata keçiriləcək nəqliyyat qovşaqlarının yüksək əhəmiyyət kəsb etdiyini bəyanlaması həm də Turan qapısının – Zəngəzur dəhlizinin açılmasının “olmazsa, olmaz”a çevrildiyini, bunun dünya gücləri və ŞƏT səviyyəsində qurumlar tərəfindən də birmənalı qəbul olunduğunu təsdiqlədi.
ŞƏT də Azərbaycan liderinin dediyini dedi. Eyni zamanda Çin və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərin qurulması istiqamətində önəmli addımın atılması, bəyannamənin imzalanması olduqca əhəmiyyətli hadisələrdən oldu. Xarici siyasətin düzəninə diqqət edin: Türkiyə ilə Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi, Rusiya ilə müttəfiqliyi özündə ehtiva edən sənəd, Türk Dövlətlər Təşkilatının daha böyük hədəflərə doğru əzmlə addımlaması, dünya nəhəngi Çinlə Astanada imzalanan sənəd. Avropa və Asiya arasındakı körpü rolunu oynayan Azərbaycanın görünəndən daha böyük əhəmiyyət kəsb etdiyini artıq düşmənlər də etiraf edirlər. Bu mənada 43 km-lik bu gün bağlı olan körpü də açılacaq, şübhəniz olmasın!
Qayıdaq Azərbaycana. Türk rüzgarı davam edir. Xüsusən də səhəri Prezident, Ali Baş Komandan İlham Əliyevin Xocalı hava limanı önündən məğrurcasına addımlamasını görmək Türkün möhtəşəm zəfərlərinin növbəti səhifələrini izləmək hər birimiz üçün qürurverici hadisə oldu. İşğal zamanı Xocalı aeroportuna uçacağını iddia edən canilər var idi, indi səs-səmirləri gəlmir, Qarabağ Sərkərdəsinin bu addımlarını uzaqlardan, gizləndikləri yerlərdən müşahidə edirlər yəqin ki…Bir azdan Xocalı hava limanının görünüşü də bambaşqa olacaq və ilk Sərnişin şəhidlərimizin ruhunu şad edəcək növbəti tarixi öz əlləri ilə yazacaq!
2021-ci ilin 15 iyununda, Şuşa Bəyannaməsi imzalanan gün Cıdır düzündən hələ separatçıların olduğu Xankəndi tərəfə baxaraq tarixi söhbət eləmişdilər. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan dostu-qardaşından “otel ordamı” soruşmuşdu. Prezident Əliyevsə “orda da olacaq” demişdi.
Artıq otel hazır, özü də birinin əvəzinə, ikisi – “Qarabağ” və “Palace” hotelləri.
Həmçinin Xankəndidə bu il ilk qəbulu həyata keçirməklə tarixin növbəti səhifəsinə adı həkk olunacaq ünvanda - Qarabağ Universitetində görülən işlərlə maraqlanan dövlət başçısı daha sonra məşhur “İsa bulağı” istirahət kompleksində olub. “İsa bulağı” nisbətən çökəklikdədir, amma Qarabağın hər guşəsi kimi, ora da yüksəklikdir, çünki 28 il ərzində “Gedək İsa bulağına” oxusaq da, əlimiz yetmirdi, ünümüz çatmırdı. Şəhidlərimizin, qazilərimizin, ordumuzun, Baş Komandanımızın sayəsində artıq o yüksəkliyə də qovuşmuşuq. Bu məkanda çay süfrəsi nə gözəl göründü...Ruhumuz dincəldi. Vaxtilə bizləri Qarabağa çay içməyə çağıranlar var idi, baxsınlar, bağırları çatlasın!
Nəhayət, sabah, iyulun 6-da Şuşa Zirvəsində - Qalasında ilk dəfə olaraq Türk Zirvəsi keçiriləcək. Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentləri Azərbaycan Prezidenti ilə yanaşı olacaq. Eyni zamanda Quzey Kıprıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar dünəndən Bakıdadır, Zirvəyə dəvətlidir və bu, Yavru Vətənə olan böyük diqqətin nəticəsidir.
Macarıstanın baş naziri Viktor Orbanın da növbəti dəfə Türk Dövlətlər Təşkilatının toplantısında iştirakı gözlənilir. Qardaş Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanın Zirvədə iştirakı gözlənilsə və arzulansa da, hələlik bu barədə tam aydınlıq yoxdur. Könül istərdi ki, Türkiyə lideri Şuşa Zirvəsində iştirak edəndən sonra Almaniyaya Türkiyə-Niderland matçını izləməyə getsin. Amma bundan əvvəl Qazaxıstan səfərinin, gərgin qrafikin olduğunu da unutmamalıyıq. İstənilən halda bir əminliyimiz var: Azərbaycanın olduğu yerdə Türkiyə, Türkiyənin olduğu yerdə Azərbaycan var! Bunu Prezident İlham Əliyev Avropada bəyan edib, Bozqurddan hürkən çevrələrin olduğu türkofobların üzünə! İstisna deyil ki, iki qardaş lider, həm də Şuşaya gələcək digər türk liderlər anlaşıblar öncədən.
Həm də axı, Avropa Çempionatının dörddə bir mərhələsində mücadilə aparacaq Türkiyə millisinin oyunu elə Türk dünyasının böyük diqqət göstərəcəyi matç olacaq. Bundan öncəki oyunda Bozqurd işarəsinin göstərilməsi ilə sadəcə qələbə sevincinin bölüşdürülməsinə Avropadakı irqçi, faşist dünyagörüşlülərdən məkrli reaksiyaların, yığmanın oyunçusuna sərt təpkilər və cəza təhdidinin qarşılığında Almaniyadakı ay-ulduzlularla yanaşı, Türkiyə Cumhurbaşqanının da Berlindəki tribunada yer alması milliyə əlavə ruh verəcək, şübhəsiz.
Və həm də Azərbaycan orda olacaq, necə ki, Almaniyada, çempionat boyunca iki qardaş ölkənin bayraqları bərabər dalağalanır azarkeşlər əlində. Hər iki halda bir gözümüz Şuşada, biri Almaniyada olacaq! Avstriya üzərində qələbəyə sevinən həm də 10 milyonluq Azərbaycan idi. “Bir millət, iki dövlət” deyil, həm də Türk Dövlətlər Təşkilatı və türklərin yaşadığı bütün dünyadır bu sevincə şərik olan. Anlamırlar ki, Bozqurd sadəcə xilaskardır, qəsbkar deyil. Türkün toteminə qıcıqlı yanaşanlar, səlibçilər sinirə bilmirlər yüz milyonların bəşəriyyətə hüzur gətirən uğurlarını. “Yurdda sülh, cahanda barış” deyən və əhdinə sadiq olan Türkdür, bunların planını pozan əsas hədəf. Ona görə də Bozqurda belə, sinirlənirlər, cəza mexanizmini işə salmaq üçün absurdlara baş vururlar, saxta “erməni soyqırımı”nı inkar cəzası tətbiq edən, Qarabağda guya “erməni genosidi” baş verdiyi haqda miflər uyduran antitürk mərkəzlər. Amma istənilən halda Türk qalibdir, özünün mərdanə mövqeyi, dik duruşu, əzmi ilə. Türkiyə millisinin Avstriya kimi güclü komanda üzərində üstünlüyü bir daha sübut etdi ki, Türk nəinki torpağa, nəinki yaşadığı evinin qapısına, hətta futbol meydançasında qoruduğu qapısına belə Vətən kimi baxanda, onu Vətən kimi qoruyanda qalib gəlir, zəfər qazanır! Bu zəfəri biz dünyanın hələ də kəşf edə bilmədiyi Şuşa zirvəsində gördük, Azərbaycanın qəhrəman oğullarının simasında. Bütövlükdə Türk Dünyası olaraq üzümüzü ağ edən məhz Şuşa zəfərinin bəhəridir – Türk dövlətlərinin liderinin 6 iyul Zirvəsi! Xeyirli-uğurlu olsun! Sonda qəbul ediləcək Qarabağ Bəyannaməsi Şuşa Bəyannaməsi qədər, daha geniş arealda təhlükəsizlik və əməkdaşlığı özündə ehtiva edəcək təminat müqaviləsi, sənədi olacaq!
Belə bir gündə 40 milyondan artıq Türkün yaşadığı cənub qonşumuzda, həm də Güney Azərbaycanda Türk namizədin mübarizə apardığı prezident seçkiləri keçirilir. Güneyli qardaş-bacılar “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!” deyir, kimsədən çəkinmədən. Bu seçkidə həkim Məsud Pezeşkian hətta qalib olmasa belə, on milyonlarla türkün var olduğu ölkədə bir türkün ortaya iddia qoyması bütün dünyaya verilən önəmli mesaj oldu, növbəti qələbənin ayaq səsləri sayılmalıdır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Çin səfərində əbəs yerdə türklərin, uyğur qardaşların yaşadığı bölgəyə səfər edib, türk nənə ilə həmsöhbət olmadı. Türk nazirin uyğur qadından aldığı “yaxşıyam” cavabı həm Türk coğrafiyasının nəhəngliyinin simvolik mənası, həmçinin gələcəyin anonsu idi. 21 əsrin müjdələri çox olacaq hələ...
Və... Göygöl rayonunda keçiriləcək III Milli Yaylaq Festivalında Türk dövlətlərindən təmsilçilər var, orda da büsat qurulub.
Həmçinin Borçalı elində Elat Bayramı – Milli Yaylaq Festivalı keçiriləcək. Harada Türk varsa, orda hüzur var, düşmənlər əndişələnməsin. “Dünya beşdən böyükdür” deyilməmişdimi? Alın cavabınızı. Amma qorxmayın, bu
Tanrı Türkü və onun dostlarını qorusun, düşmənlərini düz yola gətirsin!
КомментарииОставить комментарий