Общественно-политическая интернет газета
Təcili yardım idarəsində islahatlar davam edirmiş - bu haqda müdir millətimizə zəruri məlumatları çatdırmışdır. Deyir filan qədər zəng qəbul edirik, elektrikli maşınlar alacağıq, xalqa yardım etmək müqəddəs borcumuzdur və sairə və ilaxır.
Şübhəsiz. İnkişaf bütün sahələr üzrə göz qabağındadır. Hamı dəqiq çalışır. Bəzən təcili yardıma zəng eləmək istəyəndə cib telefonunu axtarırsan, görürsən telefonun həkimin xalatın cibində vibrasiya verir - zəngi gözləmədən gəliblər. Keçən ay mənim ürəyim ağrımaq istədi, baxdım nəbzim tibb bacısının əlindədir. Ağrını qabaqlayıcı tədbirlər görürlər.
Məsələn, elə bugünlərdə başqa dövlət idarəsi elan vermişdi ki, sabah səhər saat 10-da filan-filan rayonların filan ərazilərində əhaliyə təbii qazın - mavi yanacağın verilməsində fasilə yaranacaqdır, çünki boru kəmərlərində təmir işlərimiz vardır. Mənə çox maraqlı gəldi, çünki bizim məskunlaşdığımız çiçəklənən qəsəbə də qazı kəsiləcək nöqtələr arasında qeyd edilmişdi. Birtəhər hövsələmi basıb, gecə barmağımı kəsib yaraya duz da səpərək səhəri dirigözlü açdım. Qorxurdum yatıb qalaram, bu vacib anı gözdən qaçıraram.
İnanırsınızmı, düz səhər saat 10:00-da qaz kəsildi! Heyrətə gəldim. Qazın böyründə, mətbəxdə donub qalmışdım. Bu dərəcədə dəqiqlik, xalqa bu qədər yaxınlıq (o anda “biz sizə şah damarınızdan yaxınıq” ayəsini də xatırladım, bilmirəm, bəlkə günah işlədim) olarmı?! 9:59-da qaz gəlirdi, 10:00 olan kimi fısıltısı da batdı.
İdarə bunu necə tənzimləyir? Belə gözəl mütəxəssisləri harada yetişdiriblər?
Şübhəsiz, burada təhsil sistemimizdə islahatların da böyük rolu vardır. Məsələn, tələbələrimiz əsasən toyuq dərisindən və dümbülündən hazırlanan dönər yeyirlər. Buna görə şəxsən mən valideyn olaraq Təhsil Nazirliyinə minnətdaram. Çünki elmi baxımdan isbata yetmişdir, toyuğun iki hissəsi yeməlidir: bir dərisi, bir gerisi. Bunu sübut edən alimə keçən il Beynəlxalq Dümbül Mükafatı verdilər (bu, broyler sənayesi üzrə Nobel mükafatının alternatividir).
Ola bilərdimi ki, qaz 10:01-də kəsilsin? Yox, ola bilməzdi. Çünki nəticədə vətəndaşlar dəm qazından, kalonka partlayışından və sairə neqativ hadisələr üzündən həlak olardı.
Bayaq tələbələrimizdən bəhs elədik, sözgəlişi, hazırda tələbə gənclərimizin təqaüdü 100-175 manat arası dəyişir. Bu da, hesab edirəm ki, olduqca ciddi vəsaitdir. Məsələn, toyuq dönərinin qiymətini təxminən 3 manatdan götürsək orta hesabla 150 manat təqaüd alan tələbə bu vəsaitlə 50 dönər alar! Ayda hər günə 1 dönər düşür, hələ 20 dönər də artıq qalır, istəsə onu yoldaşları ilə bölüşər, elm yollarında birgə addımlayarlar. Amma istəməsə 20 dönərin pulunu, yəni 60 manatı investisiya yatırımı kimi banka qoyar, institutu bitirib həyatın qucağına atılanda (xeyli zaman idi bu “həyatın qucağına atılmaq” ifadəsini yazmağa fürsət gəzirdim, qismət bu gün imiş) hesabına çoxlu pul yığılar. Ya da ayda 60 manatla çoxlu elmi-bədii əsərlər alıb oxumaq mümkündür. Hər yerdə, maşallah, kitab sərgilərimiz olur.
Dəqiqlik üçün onu da qeyd edim ki, yuxarıda yazılan məbləğ bakalavrların puludur, magistr və doktorantura oxuyanlara lap çox pul verilir. Məsələn, yaxşı oxuyan magistrin təqaüdü 195 manata çata bilir! Fəlsəfə elmləri namizədi adı almaq üçünsə təqaüd nə az, nə çox: 240 manatdır! Vallah, şadlığa şitlik nəyə lazımdır? Kimə bu qədər sərvət versələr nəinki fəlsəfə elmləri namizədi, lap Platon və Aristotel olmağa borcludur!
Bu da son deyil! Təzəlikcə bizə gözaydınlığı verdilər, deyir gələn ildən təqaüdlər daha da artırılacaqdır! Ondan sonra dönərlə lap ayran al!
Yəqin bu artım 2025-ci il 1 yanvar, gecə saat 0:00-dan başlayar.
КомментарииОставить комментарий