İnsanlara hürriyət, millətlərə istiqlal!

Ziyafət Əsgərov: "İran rejimi özü hazırda xaos içərisindədir"

“Təəssüflər olsun ki, cənub qonşumuz İran 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı dövründə işğalçı dövləti qınayan heç bir addım atmamaqla yanaşı, əksinə, zaman-zaman Azərbaycanla bağlı aqressiv siyasət yeritib. Vətən Müharibəsi başalayandan sonra biz bu aqressiyanın daha da intensivləşdiyini hiss etmişik”.

Bu fikirlər Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova məxsusdur. Komitə rəhbəri bildirdi ki, son vaxtlar isə biz bu destruktiv münasibətin mənfi və qanunsuz nəticələrini artıq ölkəmizin daxilində də görməyə başlamışıq: “Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində aparılmış kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində noyabr ayının 1-də İran xüsusi xidmət orqanlarının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa edilmiş, noyabr ayının 14-də isə DTX məlumat yayaraq İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsinin ifşa edildiyini bildirmişdir. DTX-nın əməliyyatları zamanı aşkar edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşları gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunmuş, onlar Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılmış, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan vətəndaşlarından ibarət gizli qanunsuz hərbi silahlı birləşmə yaradılmış, bəzi vətəndaşlar maddi maraq müqabilində Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün məlumatlar ötürmüş, hətta, hərbi hissələr, onların yerləşdiyi yerlər və təyinatları, komanda heyəti barədə məlumatlar ötürməyə cəhdlər edilmiş və digər formalarda İran İslam Respublikasının xüsusi xidmət orqanlarının tapşırıqları əsasında dövlətə xəyanət edilmişdir. Bu günə qədər Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdikləri təkzibolunmaz faktlarla tam sübuta yetirilmişdir. Sadalanan təxribatçı hərəkətlərləİran Azərbaycanda özündən asılı təşkilat və özəklər formalaşdırmaqla, ictimai-siyasi prosesləri yönləndirməyə cəhdlər göstərir”.

 Z.Əsgərov qeyd etdi ki, Azərbaycan əleyhinə kəşfiyyat-pozuculuq fəaliyyətini gücləndirməsi, təhdid xarakterli bəyanatlar səsləndirməsi ilə yanaşı, İranın radikal dairələri Azərbaycanla həmsərhəd bölgələrdə vəziyyəti gərginləşdirmək, o cümlədən hərbi qüvvələrin cəmləşməsini və irimiqyaslı təlimlərin təşkilini həyata keçirməklə ölkəmizə qarşı hərbi-siyasi təzyiq üslubunda fəaliyyətlər də həyata keçirirlər: “Bu yaxınlarda İran quru qoşunlarının Azərbaycan Respublikası ilə sərhəddə, Araz çayı sahilində irimiqyaslı hərbi təlimlər keçirdiyini xatırlayaq.Bu Vətən Müharibəsi başa çatandan sonra İranın Azərbaycanla sərhəddə keçirdiyi üçüncüvə miqyasına görə ən böyük təlim idi. Əlbəttə, Azərbaycana bu hərbi təlimlər barədə əvvəlcədən məlumat verilmişdi. Lakin, İran İslam Respublikasının silahlı qüvvələrinin ən böyük qoşunu olan İran İnqilab Keşikçiləri Ordusunun iştirakı, hərbi təlimlərin əvvəlki dövrlərdən fərqli olaraq, Azərbaycanla bütün sərhəd zolağını əhatə etməsi, ilk dəfə təlimlərdə üzən körpülərdən istifadə edilməsi və İran əsgərlərinin Araz çayını keçməsi, təlimlərdə daha çox hücum təyinatlı silahlar və hərbi manevrlərin sınaqdan keçirilməsi bu təlimlərin heç də İran rəsmilərinin açıqladıqları kimi ölkənin ümumi müdafiə sistemlərini təkmilləşdirmək məqsədilə sıradan təlim planının bir hissəsi olmadığını göstərdi”.

 Komitə sədri bildirdi ki, İran ötən ilin oktyabrında da Azərbaycanla sərhəddə irimiqyaslı hərbi təlimlər keçirmişdi: “Cənab Prezident hələ həmin vaxt cəsarətlə və açıq sözlülüklə İranın niyə Cəbrayıl, Füzuli və Zəngilan bölgələrinin 30 il Ermənistanın işğalı altında olarkən hərbi təlim keçirməməsini sorğulamış və öz mövqeyini qəti şəkildə ortaya qoyub. Halbuki, İran təlimləri öz sərhədlərinin mühafizəsi üçün təşkil edirsə, əslində təlimlər elə həmin vaxt keçirilməli idi. Çünki 30 il erməni işğalı dövründə həmin ərazidə heç bir qanuni sərhəd yox idi. İran isə işğalçı ilə sərhədinin olmasına çox normal yanaşmış, mühafizəsini təmin etmək üçün heç bir təlim keçirməyə ehtiyac görməyib. Amma Azərbaycan öz ərazilərini işğaldan azad edib İranla dövlət sərhədlərini bərpa edəndən sonra İran Azərbaycanla sərhəd xəttini möhkəmləndirməyə, təlimlər keçirməyə başladı. İran prezidenti İbrahim Rəisinin son dövrlərdəki çıxışlarında dəfələrlə İranın “qırmızı xətti”ndən danışaraq Cənubi Qafqazda “sərhədlərin dəyişməsinin” Tehran üçün qəbuledilməz olduğunu vurğulamasını da xatırlayaq. Yenə eyni məntiqi sual ortaya çıxır: niyə Azərbaycan torpaqlarının 30 il erməni işağalı altında olduğu müddətdə İran bir dəfə də olsun sərhədlərin dəyişdirilməsinin və işğalın qəbuledilməz olduğunu bildirməyib? İslam dininin əxlaqı və ədaləti ilə fəaliyyət göstərdiyini iddia edən, hər zaman İslam birliyindən və həmrəyliyindən dəm vuran, özünü dünya müsəlmanlarının bir nömrəli təəssübkeşi kimi qələmə verən İranın qonşu dövlətin, həm də əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi dövlətin işğalına etiraz etməməsinin və məscidlərdə donuz saxlayan Ermənistana bu “dost” münasibətinin öz səbəbləri var. Hələ Birinci Qarabağ Müharibəsi zamanı İranda bəzi qüvvələrin erməni terrorçularına yardım etməsi, erməni işğalında olan Azərbaycan ərazilərinin talan olunmasında birbaşa iştirakı, İrandan Ermənistana silah daşınması, yanacaq daşınması, əli Azərbaycan xalqının qanına batmış əvvəlki Ermənistan prezidentlərinin İranda ən yüksək səviyyədə qonaq edilməsi, İran-Ermənistan dostluğu və qardaşlığı haqqında bəyanatlar verilməsi, bütün bunlar, əlbəttə, illərdir bizim diqqətimizdən qaçmayan məsələlərdir”.

 Z.Əsgərov bildirdi ki, Vətən Müharibəsindəki zəfərimizdən sonra son iki il ərzində qalib dövlət kimi Azərbaycanın mövqeyinin xeyli güclənməsi və xüsusilə də Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların getdiyi bir məqamda, İranın vəziyyəti gərginləşdirmək üçün Azərbaycana qarşı təhdidkar, Ermənistana qarşı isə “dost” münasibəti daha da güclü hiss olunmağa başlayır: “Bu yaxınlarda İranın Qafanda konsulluğunun açılması da bu “dostluğun” görüntüsüdür. Son dövrlərdə Azərbaycana qarşı hazırlanmış təxribatlar və sərhədlərin mühafizəsi pərdəsi altında Araz çayı sahillərində keçirilmiş təlimlər İranın “güc nümayişi” cəhdidir. İranı bu “güc nümayişi”nə vadar edən səbəblərə keçmədən öncə bəri başdan qeyd edək ki, bu cəhddə də İranın nə qədər uğursuz olduğu aydın oldu. Bu təlimlər illərdir tətbiq olunan sanksiyalar səbəbi ilə inkişaf etmiş ölkələrin əksəriyyətindən təcrid olunmuş İran ordusunun müasir hərbi standartlardan çox geridə qaldığını göstərdi. İranın Azərbaycana qarşı münasibətdə narahatlığı çoxtərəflidir. Əlbəttə, ilk növbədə qalib dövlət kimi Azərbaycanın güclənməsi İranı narahat edir. Belə olmasaydı, İran 30 il ərzində riyakar davranmaz, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verməzdi. İranın şimal-qərb bölgəsi ilə həmsərhəd olan Azərbaycan torpaqlarına Ermənistanın nəzarət etməsi siyasi baxımdan Tehran üçün əlverişli idi. Bu, Azərbaycanla İranın azərbaycanlılar yaşayan şimal-qərb bölgələri arasında “bufer zona”sı demək idi. İran Cənubi Azərbaycanlılardan hər zaman çəkinib, Azərbaycanın güclənməsi fonunda İranda yaşayan 30 milyon azərbaycanlıda yaranmış mənəvi ruhlanma İranın bu narahatlığını daha da artırır. Danılmaz faktdır ki, İranda insan hüquqlarının pozulması, azlıqların hüquqlarının tapdalannması, ana dilində təhsil almaq, təşkilatlanmaq hüquqlarının pozulmasını ən çox hiss edən Cənubi Azərbaycandakı 30 milyon azərbaycanlıdır. Bu da bəllidir ki, İranda erməni icmasına verilən hüquqlar və sərbəstlik azərbaycan türklərinə qətiyyən verilmir. Cənab Prezident bu yaxınlarda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan azərbaycanlıların əksəriyyətinin öz ana dilində təhsil almaq imkanlarından məhrum olduğunu bir daha vurğulamış, onların azərbaycançılıq ideyalarına sadiq olmaları üçün səylərimizi davam etdirəcəyimizi bildirmişdir. Əlbəttə, öz soydaşlarımız ilə milli, tarixi-mədəni əlaqələri qoruyub saxlamaq bizim ən təbii hüququmuzdur”.

 Deputat dedi ki, İranı narahat edən digər bir məsələ Zəngəzur dəhlizinin açılması, Azərbaycan və Türkiyə arasında quru əlaqəsinin yaranması imkanıdır: “İran bir tərəfdən bunu guya sərhədlərə müdaxilə kimi dəyərləndirərək, digər tərəfdən öz tranzitəhəmiyyətinin itirilməsindən qorxaraq Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. Lakin dəhlizlərin açılması heç bir halda sərhədə müdaxilə sayıla bilməz, əgər belə olsaydı onda ilk növbədə Laçın dəhlizinin açılması Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilməli idi. Digər tərəfdən İran Şimal-Cənub, Şərq-Qərb dəhlizinin üzvü kimi Azərbaycanla əməkdaşlıq edərsə, bu İran üçün əlavə tranzit imkanları gətirə bilər və hətta beyəlxalq tranzit yollarına inteqrasiya İrana qarşı sanksiyaların aradan götürülməsinə də müsbət təsir edə bilər. Türk dövlətləri birliyi ideyasının möhkəmlənməsi, Türkiyənin bölgədə fəallığının, gücünün artması, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artması və baş verən bu hadisələr fonunda Cənubi Qafqazda gedən proseslərdən kənarda qalması da İranı narahat edir. Lakin İran Ermənistanla “dostluğun” onu Cənubi Qafqazda nüfuz sahibinə çevirəcəyinə və Ermənistanın timsalında özünə etibarlı mütəffiq qazanacağına inanırsa, qətiyyətlə deyə bilərik ki, İran yanılır. Çünki hal-hazırda Ermənistanın özünün Cənubi Qafqazdakı gələcək aqibəti Azərbaycan və Türkiyədən asılıdır. Həm Türkiyə, həm də Azərbaycanla sərhədləri bağlı olan Ermənistan özü də artıq çox gözəl anlayır ki, onun böhrandan xilas olmaqda yeganə yolu hər iki ölkə ilə sərhədləri açmaq və münasibətləri normallaşdrımaqdan keçir. Digər tərəfdən Ermənistanın qərbyönümlü siyasət yeritmək cəhdləri artıq hamıya bəllidir, son vaxtlar hətta İrəvanda KTMT-dən çıxmaq vaxtının gəlib çatması ilə bağlı iddialar da artıb. Buradan da aydın olur ki, qərbyönümlü siyasət yeritməyə cəhd edən Ermənistanla, özünü qərbdən tamamilə təcrid etmiş İranın “möhkəm dostluğu”nun ortaq məxrəcini Azərbaycana qarşı olan mənfi münasibət təşkil edir”.

 Z.Əsgərov daha sonra bunları söyləyib: “İsrail-Azərbaycan münasibətləri, İsrail şirkətlərinin Qarabağda yenidənqurma işlərinə cəlb edilməsi də İranın Azərbaycana qarşı dilə gətirdiyi tutarsız dəlillərdən biridir. Guya, bununla Azərbaycan regionda olmayan gücləri regiona cəlb edir və ərazisində yerləşdirir. Lakin İran unudur ki, onun beynəlxalq hüququ pozaraq erməni terorçu dəstələrinə yardım etməsindən, gizli və qaçaqmalçılıq yolu ilə Ermənistana silah, yanacaq daşımasından fərqli olaraq, İsrail-Azərbaycan münasibətləri həmişə şəffaf və açıq olub. İki müstəqil dövlətin şəffaf, beynəlxalq hüquqa uyğun, üçüncü dövlətlərə qarşı yönəlməmiş əməkdaşlığının region üçün heç bir mənfi nəticəsi ola bilməz.

İranda son zamanlar baş verən hadisələr, söz azadlığının, mətbuat azadlığının olmaması, din amilindən istifadə edilməklə insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, teokratik idarəçiliyin böhranlı vəziyyəti göstərir ki, İran rejimi özü hazırda xaos içərisindədir və İran rejiminin İslam əxlaqı ilə əlaqəsinin olmadığı artıq aşkardır. Xaos içərisində çırpınan İran rejimi öz xalqı başda olmaqla, bütün dünyaya qarşı “güc nümayiş etdirir”. İranın Azərbaycana qarşı son dövrlərdəki hərəkətlərinə həm də bu geniş aspektdən qiymət verilməlidir. İran bu davranışları ilə həm Qərbə qarşı güc nümayiş etdirmək məqsədini daşıyır, həm də ölkədə geniş vüsət alan etirazların İran dövlətçiliyinə təhdid yaratdığı mesajını verməyə çalışıraq etirazların qarşısını almaq və diqqəti “xarici düşmənlər”ə yönəltmək istəyir”.

Komitə rəhbəri xatırlatdı ki, bu gün İran müasir dünyanın ən çox sanksiyaya məruz qalmış ölkələrindən biridir: “Yaxın və Orta Şərqdə mövcud olan bütün münaqişələrdə İranın adı keçir, lakin son 40 ildə qatıldığı heç bir müharibədə qalib olmayıb, “himayə etdiyi müsəlman ölkəsini” xaosdan çıxara bilməyib, əmin-amanlıq, sabitlik yaratmayıb və hazırda İran özü beynəlxalq təcrid vəziyyətindədir. Biz digər dövlətlərin İranla düşmənçiliyinə qoşulmaq və ya İranla münasibətləri gərginləşdirmək marağında deyilik. Azərbaycan bu illər ərzində İrana qarşı tətbiq edilən sanksiyaların heç birinə qoşulmayıb. Təkcə bu faktı demək bizim İrana qarşı heç bir düşmənçilik mövqeyimizin olmadığını təsdiq edir. Qonşu ölkələrlə yaxşı münasibətlərimizin olması bizim xarici siyasətimizdə əsas prioritetlərdən biridir. Cənubi Qafqazda sülhün, sabitliyin, sosial-iqtisadi inkişafın bərqərar olunması naminə Azərbaycan bundan sonra da qonşu dövlətlər ilə münasibətləri normallaşdırmağa davam edəcək. Lakin, İran Azərbaycanın bu xoş münasibətindən sui-istifadə etməməli və ən əsası unutmamalıdır ki, artıq 90-cı illərin əvvəlləri deyil. Vətən Müharibəsindən İran da özü üçün nəticə çıxarmalıdır. Cənab Preidentin sözləri ilə desək “burada əsas söz və güc bizimdir. Bunu sərhədimizdə hərbi təlim keçirələnlər də bilməlidir. Bizi heç kim qorxuda bilməz!”

 E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR