İnsanlara hürriyət, millətlərə istiqlal!

Zeynəb Xanlarovanın qudasına şok ittiham - "Maisə Rəhimova bu cinayətin təşkilatçısıdır"

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları, tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Onlar Qarabağda tədqiqat aparılması üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilirlər.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hazıtda şahidlərin dindirilməsi mərhələsidir. Prosesdə məlum olub ki, barələrində məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdən 14-ü yenə də məhkəməyə gəlməyib.
Hakim bildirib ki, məhkəməyə gəlməkdən yayınan şahidlər haqda dəfələrlə təkrar məcburi gətirilmə qərarı qəbul edilib, müxtəlif qurumlara, o cümlədən, Milli Elmlər Akademiyasının vitse-prezidenti Gövhər Baxşəliyevaya məktub göndərilib.
Amma yenə də şahidlər məhkəməyə gəlmirlər.

Bu dəfəki iclasda prokuror və AMEA-nın nümayəndəsi vəkil Orxan Zeynalov gəlməyən şahidlərlə bağlı mübarizəni dayandırıb, əvvəlki ifadələrini elan etməyi təklif edib. Prokuror deyib ki, heç bir işdə məhkəmə bu qədər məcburi gətirilmə qərarı qəbul etmir, bir neçə yerə müraciət edilib.
Sədrlik edən hakim bir daha təkrar edib ki, məhkəmə qalan şahidlərin gətirilməsi üçün bütün vasitələrdən istifadə edir: “Bakı Şəhər Baş Polis İdarəsi, AMEA, yerli polis şöbələrinə, hər yerə müraciət etmişik. Şahidlər məktub göndərirlər ki, istintaq vaxtı dediklərimizi təsdiq edirik. AMEA-nın vitse-prezidentinə də məktub yazdıq, bilərəkdən ya bilməyərəkdən cavab vermədi. Nə edək? Müdafiə tərəfi siz deyin".

Həmin 14 nəfər şahiddən biri də Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq direktoru Maisə Rəhimovadır.

Təqsirləndirilən tarixçi alim əvvəlki iclaslarda demişdi ki, ekspedisiyaya adı yazılıb, evdə oturanların pulunu Maisə Rəhimovaya verib. Bu günlərdə isə məhkəməyə məlumat daxil olub ki, Maisə Rəhimova insult keçirib.

”Səbuhi Hüseynov burda pulları ona verdiyini deyəndən sonra Maisə Rəhimova insult olub. Yəqin ki, mediada yazılanları oxuyub”- hakim Azad Məcidov deyib.

54 il AMEA-da çalışan tarix elmləri doktoru Maisə Rəhimova 2021-ci ildə işdən çıxarılıb. Həmin vaxt AMEA-nın prezidenti Ramiz Mehdiyev idi. O, xalq artisti Zeynəb Xanlarovanın qudasıdır.

Təqsirləndirilən şəxslər və vəkilləri isə bütün şahidlərin hakim qarşısına çıxmasını tələb edirlər. Səbuhi Hüseynov hesab edir ki, onlara şahidlərin dedikləri əsasında ittiham veriblər, bu səbəbdən də gəlib burda da danışmalıdırlar: “Şahidlərin dedikləri böyük bir cinayətin üstünü aça bilər. Ekspedisiyada iştirak etməyən şəxslərin pulları mənimsənilib. Maisə Rəhimova isə bu cinayətin təşkilatçısıdır. O da daxil olmaqla, əsas şahidlərdən biri olan baş mühasib Züriyyə Cəfərova da dindirilməlidir. Tanınmış tarixçi alim mühakimə edilir, şahidlər isə məhkəməyə gəlmir”.
Hakim Səbuhi Hüseynovdan baş verənləri olduğu kimi danışmasını tələb edib: “Biz neçə müddət iş apardıq, siz ancaq son iclaslarda etiraf etdiz ki, Maisə Rəhimovaya pul vermişəm. Təklif edirəm ki, hər şeyi düzgün deyin”.

Gülüstan İsayeva da şahidlərin hər birinin məhkəməyə gətirilməsini istyir. O, bir-bir ad çəkərək kimlərin nəyə görə hakim qarşısında danışmalı olduğunu elan edib.

Xanım müttəhimin dediyinə görə, şahidlər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sevə-sevə gediblər. Ona görə də məhkəməyə də gəlməlidirlər.

“Sevə-sevə çətin gələrlər. Amma yenə də biz çalışacağıq ki, gəlsinlər” - deyə hakim Azad Məcidov qeyd edib.

İttihama görə, Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva Qarabağ bölgəsində tədqiqat aparılması üçün ayrılmış vəsaitin 92 min 700 manatını mənimsəməkdə təqsirləndirilir.

Səbuhi Hüseynov və Gülüstan Əliyeva barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Cinayət Məcəlləsinin 179.3.2- ci maddəsi ilə 5 ilə, 308.2-ci maddəsi ilə 7 ilə, 313-cü maddəsi ilə isə 2 ilə qədər cəza nəzərdə tutulub.

Cinayət işi üzrə zərərçəkmiş qismində Azərbaycan Milli Elmlər Akademiyasının Arxelogiya, Etnoqrafiya və Antropoligiya İnstitutu tanınıb.

Proses mayın 15-də davam etdiriləcək.

 

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR