Onlayn ictimai-siyasi qəzet
“Zəngəzur dağları” - YENİ HAVAMIZ
Yazın gəlişi sadəcə bir fəsil dəyişikliyi deyil, türkün ruhunun yenidən doğuluşudur. Dəmiri əridən, dağları dələn iradənin, bozqırda qopan tufanın, alovlar içindən qılınctək sıyrılıb çıxan ulusun dastanıdır Novruz- Yenigün. İlla, təqvimdəki sadə gün deyil bu, türkün varoluş fəlsəfəsidir – sərt qışın qandallarını qıran, soyuğun susqunluğunu pozan, doğayla birgə yenilənən, göylərlə əlləşən, qanadlanan, ruhlanan, dirçələn ulusun ilk əhdi…
Dədə-babalarımız qarlı dağların arasında ilişib qalmadı – yol tapdı, yol açdı, yol oldu, qutsal yolçu olub yola çıxdı... Dəmiri əritdi, torpağı oyatdı, sulara qovuşdu, öz çadırı bildiyi ulu göyüzü altında yeni bir sabah yaratdı. Ərgənəkon dastanı yalnız keçmişin anısı deyil, gələcəyin də yol xəritəsidir. O, bir çağırışdır – hər yaz yenidən doğul, hər yaz öz içindəki dağları dəlib keç!..
Yerlə Göy arasında ruhi bağdır Novruz. Atəşlə rəqs edən su, torpağa kök salan qızıl toxum, havaya havayi qanadlanmayan alxış… Hər od-ocağın qığılcımında bir umud var, hər küləkdə bir şərqi, hər axan suda bir tarix… Ocaq başında deyilən alxışlar, səməniyə toxunan əllər, qurşağa, şala qoyulan pay – bunlar sadə gələnəklər deyil, türkün yaşam fəlsəfəsidir: paylaşılan ruzinin bərəkətli olduğu, ata-baba yolunun unudulmaz olduğu, hər yeni günün – Yenigünün – bir yenilənmə imkanı olduğunu bildirən fəlsəfə!
Bu gün də dünya qışın sərt sınaqlarından keçir. Amma Ərgənəkondan Gün kimi gün doğduğu kimi, türkün yol açan iradəsi də bu çətinliklərdən alnı açıq, üzü ağ çıxacaq. Çünki Novruz yalnız yazın deyil, yenidən doğulmağın da bayramıdır.
Hər səhər bir yeni başlanğıc, hər gün bir Ərgənəkondur, hər od-ocaq bir qurtuluşun işığıdır.
Gün doğar,
yol açılar,
türk yenə öz yazını, yeni gününü bular! Bular da, Göyçədə “Göyçəgülü”, İrəvanda “İrəvançuxuru”, Zəngəzurda (yeni yaradacağımız) “Zəngəzur dağları” havasını çalar! Batı Azərbaycanda çalınan “Ürfani” Anadoluda “Osmanlı divanisi” ilə səsləşər - sinəyə qalxan ulu sazlar bir-birini haraylar! “Arayan bular” - kim nəyi haqq edərsə onu!..
2020-ci ildə sürən 44 günlük qutsal buluşumuz kimi!
2023-cü ilin (qazaxlar demiş) qırxüyək ayındakı müddətcə gündən qısa, mahiyyətcə yüzili aşqın təmizləmə eyləmi kimi!
Xankəndidə, Xocalıda Dəmir Yumruq, Polad İradə, Uğurlu Əl, Dərin İnanc sayəsində qaldırılan Bayraq kimi!
Qazaxın kəndlərinin düşmən tapdağından qurtuluşu kimi!
Gün bizim, ay bizim, il bizim, dövr bizimdir!
Dindirir əsr bizi dinirik!
Birik,
İriyik,
Diriyik!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
21 Mart 2025
20 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ