İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin zəif yeri: Rusiyaya meydan oxuyan prezidentin QORXUSU

Ukraynanın baş prokuroru Andrey Kostin 22 oktyabr tarixində saxta əlillik qalmaqallarına görə istefa verdi.

“Xalqın xidmətçisi” partiyasından deputat olan Andrey Kostin 2022-ci ilin iyul ayında İrina Venediktovanı əvəz edərək Ukraynanın 22-ci baş prokuroru oldu. İstefasından sonra onun vəzifələrini müvəqqəti olaraq birinci müavin Aleksey Xomenko yerinə yetirəcək.

Region prokurorları kütləvi şəkildə özləri üçün saxta əlillik sənədləri tərtib edirmiş: yalnız Xmelniç vilayətində 49 nəfər 2-ci qrup əlillik almışdı.

Qərarları tərtib edən Xmelniç vilayətindəki tibbi-sosial ekspertiza mərkəzinin rəhbəri Tatyana Krupanın evində axtarışlar zamanı təxminən 6 milyon ABŞ dolları və çoxlu miqdarda qiymətli əşyalar tapılıb.

Prokurorların əlillik alması ilə bağlı qalmaqal ölkə üzrə tibbi-sosial ekspert komissiyalarının ləğvinə səbəb oldu. Kostin prokurorluq sistemində korrupsiyanı etiraf etdi və prezident Volodimir Zelenskinin əlillik və pensiya ödənişlərinə dair qanunsuz qərarların ləğvi ideyasını dəstəklədi. Zelenski prokurorlar tərəfindən kütləvi şəkildə əlillik əldə edilməsi barədə danışarkən Ukrayna Prokurorluğundakı vəziyyətə görə baş prokurorun siyasi məsuliyyət daşıdığını bildirmişdi.

Bəs Kostinin baş prokuror kimi əsas səhvi nə idi?

Kostinin istefaya göndərilməsi ilə bağlı söz-söhbətlər 2024-cü ilin yazından bəri dolaşırdı. Prezident Aparatında Kostinin Niderlandda səfir vəzifəsinə təyin olunması müzakirə edilirdi, çünki onun beynəlxalq tribunal üzərində işləməsi üçün vaxt ayırması qərara alınmışdı. Kostinin potensial varisi kimi Odessa vilayətinin qubernatoru Oleg Kiperin adı çəkilir.

ZN.UA-nın mənbələrinin sözlərinə görə, “Baş prokuror gələcəkdə onun üçün problemlərə çevrilə biləcək məsələlərdən hər zaman qaçıb. O, çox vaxtını xaricdə keçirib və bu səbəbdən hüquq-mühafizə orqanları arasında “turist” ləqəbi alıb”.

Kostinin istefasında “dərin prokurorlar” adlı bir qrupun böyük rolu olub. Bu qrup Baş Prokurorluq daxilində lobbiçilik fəaliyyəti ilə məşğuldur. Peşəkar kadr işçiləri qalmaqallar yaratmaq və siyasi təyin olunanları “silib-süpürmək” üçün hər fürsətdən istifadə etməkdə ustadırlar.

“Bu proses keçmiş baş prokurorlar Yuri Lutsenko və İrina Venediktovanın dövründən davam edir”, - deyə Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Vladimir Fesenko bildirib. Fesenko qeyd edib ki, Kostin müdafiə naziri Aleksey Reznikov və xarici işlər naziri Dmitri Kuleba kimi eyni səhvləri təkrarlayıb. O, xarici siyasətdə fəal olub, Avropa ədliyyəsi ilə yaxşı əlaqələr qurub, amma öz ofisinə nəzarəti itirib.

Xmelniç bölgəsindəki hadisə isə “son damla” oldu. Kütləvi qanun pozuntuları ciddi narazılıq doğururdu, prokurorluqda qayda-qanun yaratmaq isə heç kimin marağında deyildi. Kostin “dərin prokurorluq mühitində” tab gətirə bilmədi, ancaq korrupsiyanın çiçəklənməsinin hələ 2000-ci illərin əvvəllərində başladığını vurğulamaq lazımdır.

Fesenko Prezident Aparatının rəhbəri Andrey Yermakın Kostinin istefasına təsirini istisna edir. Kiperin yanında hüquq-mühafizə fəaliyyətləri üzrə Ali Rada Komitəsinin rəhbəri Sergey Yonuşas da potensial baş prokuror namizədi kimi göstərilir. Yonuşas 2019-cu ildə Ruslan Ryaboşapkanın əvəzinə baş prokuror olmağa əsas namizəd idi. O, “Kvartal 95” studiyasının hüquqi işlərini təmsil edən “Geleon” hüquq firmasının rəhbəri olub.

Prezidentin Xmelniç vilayətindəki 49 prokurorla bağlı tədbirləri Sosioloji Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Viktor Nebojenko tərəfindən çox yumşaq qiymətləndirilir. O bildirib ki, rəhbəri cəzalandırmaq, amma digər problemləri həll etməmək sovet dövründən qalan bir yanaşmadır.

Prokurorlar qələbə çalıb, onlara qarşı araşdırma aparılacağını vəd etdilər. Kostin güclü baş prokuror deyildi və onun yerini elə zəif birisi tutacaq. Əslində bu istefalar heç nəyi dəyişməyəcək. Bu prosesin ikinci tərəfi isə Baş Prokurorluğun güclənməsi deyil, əksinə, bu qurumun zəifləməsidir”, - deyə ekspert əlavə edib.

Nebojenko dövlət idarələrinin əl ilə idarə olunması sisteminin baş prokurorun zəifliyinin əsas səbəbi olduğunu bildirib.

“Lakin region prokurorlarının real cəzadan qorxmasına ehtiyac yoxdur, çünki onlar kifayət qədər varlı və nüfuzlu şəxslərdir. Biz milyonerlərdən, hörmətli ictimai xadimlərdən danışırıq. Prezident prokurorlardan qorxur, çünki cəmiyyətdə hər hansı bir qarışıqlıq olarsa, mərkəzi hakimiyyəti heç kim müdafiə etməyəcək. Buna görə də onları “pul sahibi pensiyaçılar” statusunda saxlayırlar. Üstəlik, Ukraynada əlilliyi olan insanlara toxunmaq olmaz, bu, mənəviyyatsızlıqdır", - deyə o vurğulayıb.

Nəsimi,
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR