İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin reytinqinə ağır zərbə – xalq razılaşmanı qəbul edəcəkmi?

"ABŞ Prezidenti Donald Trampın Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa dövlətlərinin liderləri ilə keçirdiyi görüşdən iki əsas nəticə çıxarmaq olar.

Birinci nəticə ondan ibarətdir ki, Zelenski ərazi mübadiləsi mövzusunun müzakirəsinə tamamilə qarşı deyil. Ancaq Ukrayna lideri hələ ki, bu barədə qəti söz demək niyyətində deyil. O, əvvəlcə Rusiya Prezidenti Vladimir Putinlə təkbətək və Trampın iştirakı ilə keçiriləcək üçtərəfli görüşün nəticələrini gözləmək istəyir. Yalnız bundan sonra konkret mövqe açıqlaya bilər".

Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun fikrincə, ikinci mühüm məqam ABŞ-ın mövqeyi ilə bağlıdır:

"Ağ Ev sahibi müharibə dayandırıldıqdan sonra Ukraynaya təhlükəsizlik tıminatının veriləcəyini bildirib. Bu o deməkdir ki, NATO üzvlüyü xaricində Ukraynaya elə bir təhlükəsizlik təminatı verilməlidir ki, Rusiyanın gələcəkdə Ukrayna ərazilərinə iddiası və ya hərbi müdaxiləsi mümkün olmasın. Trampın açıqlamalarından görünən odur ki, ABŞ Ukraynanın təhlükəsizliyinin təminat altına almaq üçün bu ölkəyə qoşun hissələri göndərməyəcək. Bu məsələni Avropa dövlətləri öz aralarında həll etməlidir. Kiyev üçün təhlükəsizlik təminatı və Rusiyadan qorunmağın yolu bu ölkədə Qərb ölkələrinin hərbi bazalarının yerləşdirilməsidir. Ağ Ev bunun maliyələşməsində iştirak etməyəcək, bu yükü Avropa dövlətləri daşımalı olacaqlar.

Rusiya Prezidenti Vladimir Putin Donald Trampla Alyaskadakı görüşdə istədiyi əraziləri aldıqdan sonra Qərb ölkələrinin Ukraynaya təhlükəsizlik təminatının verilməsinin əleyhinə olmadığını söyləyib. Bu o deməkdir ki, Kreml sahibi Avropa ölkələrinin bir qrupunun Ukraynada hərbi bazalarının yerləşdirilməsinin əleyhinə olmayacaq. Əsas məsələ müharibənin dayandırılması üçün “ərazi mübadiləsinin” hansı prinsip üzrə həyata keçiriləcəyidir. Rusiya 4 bölgəni – Donetsk, Luqansk, Xerson və Zaporojyenin tamamını işğal etməyə çalışır. Belə bir versiya var ki, Volodimir Zelenski bu ərazilərin işğal olunan hissəsindən imtina mövzusunu müzakirə etməyə hazırdır. Çünki Ukrayna üçün bundan sonra işğal altındakı əraziləri geri qaytarmaq çox çətin olacaq. Ancaq Ukrayna bu itkilərini heç zaman hüquqi olaraq tanımayacaq. Bu Krıma da aiddir. Əgər Zelenski müharibəni dayandırmaq və razılaşma əldə etmək üçün belə bir ağrılı qərara imza atacaqsa, bu Ukrayna Konstitusiyasına zidd olacaq. Zelenski Konstitusiyanı dəyişdirmək üçün referendum keçirməli olacaq. Ümumiyyətlə mümkün razılaşma Volodimir Zelenskinin reytinqinə zərbə olacaq və Ukraynada gələcək razılaşmadan narazıların sayı çox olacaq".

Politoloq qeyd edir ki, hadisələrin başqa istiqamətdə inkişafı da mümkündür:

"Zelenski Putinlə gələcək görüşdən nəticə əldə etməsə müharibə davam edəcək. Avropa ölkələri Ukraynanın Rusiya qarşısında məğlub olmasını istəmirlərsə, bu ölkəyə maliyyə və hərbi dəstəyi artırmalı olacaqlar. Bu halda müharibəyə bu və ya digər formada qarışan ölkələrin resursları tükənməkdə davam edəcək. Hansı tərəfin insani və hərbi rüsursları daha sürətlə tükənərsə, həmin tərəfin məğlubiyyət günü yaxınlaşacaq".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR