Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski bu gün Ali Radada etdiyi çıxışında müharibə şəraitində seçkilərin keçirilməsinin hüquqi olaraq mümkün olmadığını vurğulayıb.
“Qanun müharibə zamanı seçki keçirilməsinə icazə vermir. Buna görə də, Ukrayna əvvəlcə ədalətli və davamlı sülhə nail olmalıdır. Yalnız bundan sonra biz ədalətli seçkilər keçirəcəyik”, – deyə Zelenski bildirib.
O əlavə edib ki, Ukrayna sülhə yönəlmiş siyasətini davam etdirəcək və müharibə sona çatdıqdan sonra xalqın iradəsi ilə seçkilərə gedəcək.
Musavat.com UNİAN-a istinadən Zelenskinin çıxışında diqqət çəkən bəzi əsas məqamları təqdim edir:
O, Ukrayna ordusunun inkişafına xüsusi diqqət yetirərək, ölkənin 3 min qanadlı raket istehsal etməyi hədəflədiyini açıqlayıb.
"Gələn il Ukrayna ən azı 30 min uzun mənzilli pilotsuz uçan aparat istehsal edəcək. Bu addım Ukraynanın öz müstəqil müdafiəsini təmin etməsi və xarici təhdidlərə qarşı daha effektiv mübarizə aparması üçün əhəmiyyətlidir", – Zelenski vurğulayıb.
Zelenski çıxışında ABŞ-dakı vəziyyəti də qeyd edərək, “Bütün dünya Donald Trumpdan möcüzə gözləyərkən, biz sizinlə birlikdə çalışmağa davam etməliyik”, deyib.
O, Ukraynanın ərazi bütövlüyünü bərpa etmək üçün müxtəlif yolların açıq olduğunu da qeyd edib.
Prezident Ukraynanın hərbi sənayesinin inkişafına diqqət çəkərək, bu sahədə fəaliyyət göstərən 600 Ukrayna şirkətinin olduğunu və bunun 300 min iş yeri yaratdığını bildirib.
“Biz heç vaxt suverenliyimizi və ərazilərimizi satmayacağıq. Bu, bizim üçün qırmızı xəttdir”, – deyə Zelenski əlavə edib.
İqbal RZAYEV,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ