Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Donald Tramp və vitse-prezident Cey Di Vens arasında baş verənlər Amerika siyasətçiləri, diplomatları və hərbçiləri (həm keçmiş, həm də hazırkılar) arasında geniş rezonansa səbəb olub.
Musavat.com xarici mediaya istinadla onlardan bəzilərini təqdim edir.
Demokrat senator Kris Merfi bu hadisəni "Amerika üçün utancverici səhnə" adlandırıb. Onun partiya yoldaşı, senator Emi Klobuşar Zelenskinin ABŞ-a həm açıq, həm də qapalı görüşlərdə dəfələrlə minnətdarlıq etdiyini vurğulayıb və Ukrayna xalqının Putinin Avropaya irəliləməsinin qarşısını aldığını bildirib.
Konqresmen Erik Suoluell Zelenskinin "Oval kabinetdə Rusiyanın ən yaxşı danışıqlar aparanlarına qarşı durduğunu" deyib. Senator Adam Şiff isə Zelenskinin Tramp və Vens ilə görüşünü "qəhrəman və qorxağın görüşü" adlandırıb.
Respublikaçıların keçmiş konqresmeni Liz Çeyni Tramp və Vensin Zelenskini Ukraynanın azadlığını "hərbi cinayətkara – KQB zabitinə təslim etməyə" məcbur etdiyini bildirib.
Tramp administrasiyasının keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton Tramp və Vensin "Rusiya-Ukrayna müharibəsində Rusiyanın tərəfində olduqlarını" açıq şəkildə bildirmələrinin ABŞ-ın milli təhlükəsizliyi üçün "fəlakətli səhv" olduğunu vurğulayıb. O, bunun Tramp və Vensin şəxsi siyasəti olduğunu, amerikalıların əksəriyyətinin bu mövqeyi dəstəkləmədiyini qeyd edib.
Sabiq prezident Barak Obamanın müşaviri Devid Akselrod Oval kabinetdə baş verənləri izləyərkən "Amerika üçün heç vaxt bu qədər utanmadığını" bildirib və Tramp ilə Vensin Putini açıq şəkildə dəstəklədiyini iddia edib.
ABŞ Quru Qoşunlarının Avropadakı keçmiş komandanı Mark Hertlinq isə "heç vaxt Amerika liderlərindən bu qədər utanmadığını" etiraf edib və bu vəziyyətin yalnız Ukraynanın deyil, ABŞ-ın müttəfiqlərinin də Vaşinqtondan uzaqlaşmasına səbəb ola biləcəyini söyləyib.
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol da Putinin Ukraynanı işğal etməsinə şərait yaratmağın ABŞ-ın milli maraqlarına uyğun olmadığına və Trampın "azadlıq komandasından diktatorlar komandasına" keçməyə hazırlaşdığına işarə edib. O, bu hadisəni "Amerikanın diplomatik tarixi üçün kədərli gün" kimi qiymətləndirib.
Bu gərginlik ABŞ-ın xarici siyasətində böyük suallar doğurub. Vaşinqtonun Ukraynaya münasibətdə mövqeyində dəyişiklik baş verəcəkmi? Bu hadisə Amerika diplomatiyasının gələcəyinə necə təsir edəcək? Bütün bu suallara gələcək günlərdə aydınlıq gətiriləcək.
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ