Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski, milli telemarafon zamanı hazırkı müharibə şəraitində əsas diqqətin şərq cəbhəsindəki vəziyyətin sabitləşdirilməsinə yönəldiyini bildirib.
Musavat.com xəbər verir ki, Prezidentin sözlərinə görə, yanvar ayında Rusiya hücumlarının qarşısını almaq və ən azı cəbhə xəttində sabitlik yaratmaq əsas məqsəddir.
Zelenski şərq cəbhəsini hazırda müharibənin ən çətin istiqaməti kimi qiymətləndirib: “Yanvarda cəbhədə ən azı sabitləşməni təmin etmək üçün əlimizdən gələni edəcəyik. Bu, çox çətindir. Lakin bizə vəd edilən dəstəyin çatdırılması qrafiklərinə uyğun hərəkət edirik. Hər şey yoldadır, bəzi yardımlar artıq bizə çatıb.”
Prezident qeyd edib ki, 2024-cü ilin payız-qış dövründə Rusiya Federasiyasının Xarkov, Sumı və Zaporojye bölgələrini işğal etmək üçün planlaşdırdığı üç əsas əməliyyat Ukrayna ordusunun səyləri nəticəsində uğursuzluğa düçar olub.
“Bu uğurun əsas səbəbi bizim qəhrəman döyüşçülərimizdir. Onlar həqiqətən böyük işlər görürlər,” – deyə Zelenski vurğulayıb.
Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi
Zelenski, Fransa Prezidenti Emmanuel Makronun Ukraynada Fransa hərbi kontingentinin yerləşdirilməsi təşəbbüsünü dəstəklədiyini bildirib. Lakin o qeyd edib ki, yalnız bir ölkənin iştirakı kifayət deyil: “Avropa qüvvələrinin yerləşdirilməsi NATO-ya gələcək üzvlüyümüzü istisna etmir. Biz bu təşəbbüsü dəstəkləyirik, lakin daha geniş koalisiya formalaşdırılmalıdır.”
Prezident ədalətli sülh anlayışının Ukrayna üçün yalnız Avropa İttifaqına üzvlük və güclü təhlükəsizlik zəmanətləri ilə mümkün olduğunu qeyd edib.
“Ədalətli sülh bizim üçün Aİ-də yerimizi tanımaq və güclü təhlükəsizlik zəmanətlərinə malik olmaq deməkdir,” – deyə Zelenski bildirib.
Zelenski ikinci müddətə prezidentliyə namizəd olub-olmamaq barədə qərarının müharibənin necə bitəcəyindən asılı olduğunu vurğulayıb: “Hazırda bu, mənim üçün prioritet deyil. Əgər müharibəni dayandırmaq üçün daha çox şey edə bilsəm, o zaman bu qərara daha müsbət yanaşa bilərəm.”
Prezident Vladimir Putinin danışıqlardan qaçdığını iddia edib: “O, mənimlə danışıqlara getməmək üçün hər bəhanəyə əl atır. Əslində isə o, heç bir dialoqu istəmir.”
Zelenski, yanvar ayını Rusiyanın növbəti hücumlarına qarşı müqavimət göstərmək üçün kritik dövr kimi qiymətləndirir. Həmçinin, Avropa və beynəlxalq tərəfdaşların göstərdiyi dəstəklər bu mübarizədə mühüm rol oynayır.
Musavat.com
05 Yanvar 2025
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ