Onlayn ictimai-siyasi qəzet
Pərakəndə satış şəbəkələri və bazarlarda inhisarlaşmanın yüksək səviyyəsi effektiv nəzarət imkanlarını xeyli dərəcədə məhdudlaşdırır
Dünya qlobal aclıq təhlükəsi ilə bərabər hazırda həm də qida təhlükəsizliyi probleminin dərinləşməsi ilə mübarizə aparmaqdadır. Yer kürəsinin bir ərazisində insanlar yeməyə nələrsə tapmaqda çətinlik çəkdikləri bir dövrdə digər qismində hazır qidaların yaratdığı problemləri aşmağa çalışırlar.
Bu, xüsusilə dünyada ən çox qida israf edən inkişaf etmiş ölkələrdə özünü daha qabarıq büruzə verir. İnsan həyatını asanlaşdıran, əziyyətsiz qidalanmanı təmin edən üsullar çoxaldıqca, onlardan istifadə ilə istehsal olunan məhsulların orqanizmə zərərləri də artır. Bir çox hallarda belə qidaların başdansovdu istehsalı, həmçinin saxlanma və daşınmasında yol verilən nöqsanlar onlarla, yüzlərlə insanın həyatına ağır zərbələr vurur.
Belə hallardan biri qida təminatında dünyada öndə gedən ölkələrdən biri olan Fransada yaşanıb. Məhsulları bütün dünyanın mağazalarında əlçatan olan "Nestle" firmasının istehsal etdiyi “Buitoni” dondurulmuş pizzasından kütləvi zəhərlənmə yaşanıb. 2022-ci ildə baş verən hadisə nəticəsində yüzlərlə insan xəstəxanalara axışıb, 2 uşaq həyatını itirib. Pizzanın içində E.coli olub. “Buitoni” pizzasının istehsalı o vaxtdan dayandırılıb. 2023-cü ildə "Nestle" 63 qurban və onların ailələri ilə kompensasiya razılaşması əldə edib.
Lakin Fransa prokurorluğu 2022-ci ilin martında başlayan araşdırmaları davam etdirib və prokurorlar “Buitoni” dondurulmuş pizzasından kütləvi zəhərlənmə ilə əlaqədar "Nestle" şirkəti və onun yerli törəməsi olan "Societe des Produits Alimentaires de Caudry"yə (SPAC) qarşı qəsdən adam öldürmə ittihamı irəli sürüblər. İsveçrə şirkətinin nümayəndəsi bildirib ki, ittiham iyulun 2-də və 4-də irəli sürülüb, lakin istintaq davam edir, istintaq hələlik heç bir nəticə çıxarmayıb və məhkəmənin vaxtı təyin edilməyib. Fabriki təhlükəli pizza istehsal edən SPAC bu vəziyyətdə baş verənlərə görə bütün məsuliyyəti öz üzərinə götürmək niyyətində olduğunu elan edib.
"Nestle" nə qədər ağır təzminat ödəsə belə, aydın məsələdir ki, 2 uşağın yaşamını bərpa etmək mümkün olmayacaq.
Fransa qida sənayesində ən yüksək texnologiyalara, keyfiyyət və qida təhlükəsizliyinə dair ən sərt tələblərə malik ölkələrdən biridir. Belə bir ölkədə və "Nestle" kimi çox məşhur şirkətin müəssisəsində qida istehsalında insan həyatına ölümcül təsir edən nöqsana yol verilməsi bir daha sübut edir ki, qida sənayesinə - ilkin istehsaldan başlayaraq, idxala və son satışa qədər çox ciddi nəzarət sistemi qurulmalıdır.
Bu il mayın 7-də Azərbaycanın Zaqatala rayonunda kütləvi zəhərlənmə qeydə alınıb. Yerli xəstəxanaya 40 nəfərə yaxın sakin tibbi yardım üçün müraciət edib, onlardan 15 nəfəri uşaq olub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, sakinlərin zəhərlənməsinə yedikləri dönər səbəb olub. Bildirilib ki, zərərçəkənlərin ifadələri əsasında qida məhsulunun istehsal olunduğu iaşə müəssisəsinə (“Şef Dönər”) baxış keçirilib. Müayinələrin aparılması üçün məhsullardan və qida ilə təmasda olan səthlərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. İlkin araşdırma zamanı çiy dönərin müəssisənin daxilində hazırlandığı müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Obyektlə bağlı digər nəzarət tədbirləri aparılmaqdadır. Araşdırma nəticəsində müəyyən edilib ki, zəhərlənməyə səbəb dönərlərin hazırlanması (o cümlədən çiy dönərlərin hazırlanması) və istehlakçılara təqdim edilməsi zamanı ciddi sanitar-gigiyenik pozuntulara yol verilməsi və ikincili çirklənməyə səbəb olmasıdır.
Çox maraqlıdır ki, AQTA 2023-cü ildə “Şef Dönər”in sahibini məhz qida təhlükəsizliyi tələblərinin pozulması faktı üzrə cərimələyibmiş: “Agentlik tərəfindən həmin ünvanda aparılan monitorinqlər zamanı toyuq dönərində E.Coli aşkar edildiyi üçün 2023-cü il 14 dekabr tarixində "Şef Dönər" ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib, aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində icrası məcburi göstərişlər verilib, müəssisənin sahibinə cərimə tətbiq edilib".
AQTA 2024-cü ilin mayına qədər 58 dönərxanada yoxlama aparıldığını açıqlayıb. Məlumata görə, yoxlamalar zamanı 18 dönərxanada sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Uyğunsuzluq aşkarlanan obyektlərin fəaliyyəti ilə bağlı müvafiq məhdudlaşdırıcı qərarlar qəbul edilib.
Zaqatalada baş verən hadisə göstərir ki, AQTA-nın tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər, hətta cərimə problemi aradan qaldırmayıb. İaşə müəssisəsi yenə qida təhlükəsizliyi tələblərini qulaqardına vurmağa davam edib. Bu isə daha sərt addımların atılmasını vacib edir.
Qeyd edək ki, Azərbaycanda yalnız dönər və ictimai iaşə müəssisələrində qida məhsullarının hazırlanması zamanı deyil, qida məhsullarının daşınması, saxlanması, hətta pərakəndə satışı zamanı tələblərə əməl olunmaması halları geniş yayılıb. Hazırda ölkənin bazar-dükanlarında müxtəlif qida məhsullarının saxlanma rejiminə, şəraitinə əməl olunmaması ən böyük problemlərdən biridir. Xüsusilə ət, balıq, toyuq məhsulları ilə bağlı vəziyyət daha pisdir. Və bu problemə həm açıq bazarlarda, həm də iri supermarketlərdə rast gəlmək mümkündür.
Əgər bazarlarda bir çox hallarda açıq formada, sanitar-gigiyenik tələblərə əməl olunmadan mənşəyi məlum olmayan toyuq, balıq əti satışı üstünlük təşkil edirsə, supermarketlərdə bunu soyutma sisteminin düzgün işinin təmin edilməməsi, məhsulların birlikdə saxlanma tələblərinin pozulması halları daha çoxdur. Bir çox hallarda hətta böyük supermarketlərdə belə elektrik enerjisinə qənaət məqsədilə gecələr soyuducular söndürülür, səhər işə salınır. Qışda bu, elə də ciddi fəsad verməsə də, yayın isti günlərində məhsullara böyük zərəri dəyir. Gündəlik alış-veriş edən hər kəs bəzi ən məşhur supermarketlərdə belə kərə yağı, şor və sair məhsulların bağlamalarının formasının dəyişdiyini müşahidə edə bilər. Eyni zamanda çox tez-tez rast gəlirik ki, buzlu, yaxud soyudulmuş toyuq alanlar buzlu toyuğun içində iri buz parçasından, təzə toyuq alanlar isə ətin qızarmış olmasından narazılıq edir, istehsalçını günahlandırırlar. Lakin az adam bilir ki, hər iki problem toyuq əti saxlanan soyuducunun uzun müddət söndürülməsi zamanı yaranır...
Bir sıra mütəxəssislər bu kimi halların qarşısını almaq üçün sahibkarlıq sahəsində yoxlamaları qadağan edən qanunun ləğv olunmasını təklif edirlər. Bildirilir ki, bəzi sahibkarlar qanunun yaratdığı şəraitdən sui-istifadə edərlər.
Xatırladaq ki, 2015-ci il noyabrın 1-də qəbul edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun müxtəlif dövlət qurumlarının sahibkarlıq subyektlərində apardıqları çoxsaylı yoxlamaları (Baş Prokurorluğun korrupsiya cinayətlərinin araşdırılması üzrə apardığı yoxlamalar istisna olmaqla) dayandırmışdı. Ötən müddət ərzində qanuna çoxsaylı dəyişikliklər edilərək, yoxlamalarına icazə verilən qurumların sayı xeyli artırılıb. Hazırda qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar bunlardır: vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.
Lakin nəzərə alsaq ki, qida təhlükəsizliyi ilə bağlı yoxlamaları qanun qadağan etmir, eyni zamanda AQTA-nın sahibkarlıq subyektlərində monitorinqlər aparmaq səlahiyyəti var, onda yuxarıda qeyd olunan qanunun ölkədə qida təhlükəsizliyinin qorunması prosesinə ciddi maneə yaratdığını söyləmək mümkün deyil.
Bu isə o deməkdir ki, qanunvericiliyin yaratdığı imkanlardan sahibkarları boğmamaq şərtilə effektiv şəkildə istifadə etməklə, qida təhlükəsizliyi kimi çox mühüm sahədə sərt nəzarəti təmin etmək vacibdir. Aydın məsələdir ki, Fransa təcrübəsindən gördüyümüz kimi, ən inkişaf etmiş mexanizmlərə malik ölkələrdə belə nəzarətdən yayınma hallarına rast gəlmək olur. Lakin Azərbaycanda pərakəndə satış şəbəkələri və bazarlarda inhisarlaşmanın yüksək səviyyəsi effektiv nəzarət imkanları xeyli dərəcədə məhdudlaşdırır. Burada həmçinin qida təhlükəsizliyinə nəzarət edən əməkdaşların korrupsiyalaşma səviyyəsinin də rolu var. Son illərdə AQTA-nın müxtəlif strukturlarında çalışan şəxslərin rüşvət müqabilində saxtakarlığa əl atdıqlarına dair faktlar da qeydə alınıb.
Dünya SAKİT,
“Yeni Müsavat”
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ