İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəfər paradiqmasının siyasi-diplomatik və hərbi-ideoloji-informasion reallıqları

Müasir Azərbaycanın hərbi-strateji Zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi XXI əsrin ikinci onilliyində Cənubi Qafqaz regionunda yeni bir geosiyasi reallığa zəmin oldu və qonşu ölkələrin qarşılıqlı münasibətlərində yeni əməkdaşlıq mühitini meydana çıxartdı. Bu Prezident İlham Əliyev strategiyasının Vətən müharibəsində uzun illər yönəltdiyi mükəmməl siyasi-hərbi və diplomatik-ideoloji-informasion xəttinin yekunu isə Zəfər oldu. Vətən müharibəsində Zəfər paradiqmasının reallıqlarına nəzər yetirək. İlk öncə qeyd edək reallıqdır ki, Vətən müharibəsində Zəfəri şərtləndirən geosiyasi proseslərdə davamlı, praqmatik xarici siyasət platformasından irəli gələn uğurun nəticəsidir. İkincisi, bu reallıq Azərbaycanın siyasi-iqtisadi və hərbi-sənaye üstünlüyünün məntiqi təsdiqi idi. Üçüncüsü, 30 il müddətində Azərbaycanın tarixi Qarabağ torpaqlarının işğal altında qalması faktını dünya ictimaiyyətinə sənədli dəlillərlə, onun tarixi-geosiyasi səbəblərini çoxsaylı beynəlxalq tədbirlərdə məlumatlandırılmaqla nail olunmuşdu.

Vətən müharibəsində Zəfər Yolu fəlsəfəsi başlanğıc gücünü Ulu Öndər Heydər Əliyev xarici siyasət konsepsiyasından irəli gələn və Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilən müvafiq strateji-hərbi platforma idi. Bu yolun hədəfi saxta “dağlıq qarabağ” adlanan qondarma erməni mifinin dağıdılaraq həlli prinsipi idi. A.Şopenhauer “Dahilik haqqında” əsərində göstərdiyi kimi: “Dahi bütün başqalarının görmədiyi özgə bir dünya görür, çünki, həmin dünya onun başında obyektiv, yəni təmiz və aydın şəkildə canlanır”. (4;11)

Bəs iki əsrdən (1805- Kürəkçay müqaviləsindən-2020-ci il 27 sentyabr Vətən müharibəsinədək) gələn Yolda otuz illik işğal və Haqq-Ədalət uğrunda Vətən müharibəsinin yekunu olan Zəfəri şərtləndirən paradiqmalar nədir?

Ulu Öndər Heydər Əliyev vurğulayırdı ki, “Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir”. (2;39) Bu ulu Öndər Heydər Əliyevin ordu quruculuğu, siyasi-hərbi strategiyasının paradiqmal göstəricisidir. Bu nöqteyi baxımdan:

- 1994-cü ildə müvəqqəti “Atəşkəs rejiminin" yaradılması ilə Ermənistanın işğalçılıq siyasəti dayandırıldı, ölkədə daxili ictimai-siyasi sabitlik bərpa olundu, Dövlətçilik institutu formalaşdırıldı, Ordu gücləndirildi, hərbi sənaye yaradıldı, siyasi, iqtisadi, hüquqi, mədəni və s. sahələrdə quruculuq bərpa işləri aparıldı, xarici siyasətdə qlobal və regional çoxşaxəli layihələr həyata keçirildi, müstəqil Azərbaycan Dövləti dünya birliyində tanındı. Bu kontekstə alman filosofu İ.Fixtenin fikri ilə yanaşsaq: “Dövlət ayrı-ayrı xüsusi maraqların deyil, millətin maraqlarına, onun birləşməsinə və vahidləşməsinə xidmət etməli, daşıyıcısı xalq olan mənəviyyatın müdafiəsində durmalıdır.” (3;476)

-Son 30 ildə Azərbaycan tarixi Qarabağ torpaqlarını itirməyə məruz qalmış və Prezident İlham Əliyevin balanslı xarici siyasəti, müasir silahlarla təchiz olunan Ordunun mübarizliyi nəticəsində işğal olunmuş torpaqlar azad edilərək, Azərbaycan xalqının şərəfi, ləyaqəti, milli mənliyi, qüruru, özünə güvənci qaytarılaraq, tarixi ədalət bərpa olundu. Bu mənada Nobel mükafatçısı, hind ekonomist filosofu Amatiya Sen “Ədalət ideyası” kitabında yazdığı kimi: “Müharibələri sona yetirən əxlaq nəzəriyyəsi ədalətə nail olmaq deyil, ədalətsizliyin qarşısını almaq üçündür”. (8) Azərbaycanda ədalətsizliyin qarşısı alındı.

Azərbaycan Ordusunda hərbi güclə qazandığı uğur üç rayonun - Ağdam, Kəlbəcər və Laçının heç bir döyüş olmadan geri verilməsi ilə nəticələndi. İtki – şəhid vermədən, hərbi əməliyyatsız torpaqların geri qaytarılması dünya hərb tarixi təcrübəsində nadir olan taktiki gedişdir. Bu düşünülmüş və uzaqgörən diplomatik-hərbi strategiyadan qazanılan Zəfər paradiqmalarıdır.

Milli Ordunun qəhrəmanlığı, Ali Baş Komandanın sərkərdəlik, eləcə də xalq-dövlət Birliyi, ölkə vətəndaşlarının dövlətlə Həmrəyliyi, qüdrətli Türkiyə dövlətinin Azərbaycana siyasi və mənəvi dəstəyi Vətən müharibəsində Zəfəri təmin edən həlledici komponentdir. -Yada salaq ki, münaqişənin BMT səviyyəsindən ATƏT çərçivəsinə keçirilməsi təşəbbüskarı da Ulu Öndər Heydər Əliyev idi. Reallıq idi ki, BMT-də Ermənistan əleyhinə hansısa qərarın qəbuluna ABŞ, Rusiya və Fransa heç vaxt imkan yaratmayacaqdı. BMT Baş Məclisində "Azərbaycanın işğal olunmuş rayonlarında vəziyyət" və s. qəbul edilmiş qərarlar da buna sübutdur. ATƏT-də isə qərarlar konsensusla qəbul edilir və bu da Azərbaycanın şansını artırırdı. Lakin, ABŞ, Rusiya, Fransa dövlətləri ATƏT-in Minsk qrupunun həmsədrləri seçildilər və “vasitəçilik diplomatiyası" uzun illər münaqişəni dondurdu və sanki "konservləşdirdi".

Müstəqil Azərbaycanın bütün istiqamətlər üzrə güclənməsi ilə təcavüzkar Ermənistana dəstək verən dövlətlər isə münaqişənin dondurulmasına cəhd edirdilər. ATƏT-in Minsk qrupu işğalçılıq siyasətinin meydana çıxardığı status-kvonu Azərbaycana qəbul etdirməyə yönələn masa-dialoq diplomatiyası və ya “turist diplomatiyası” adı ilə problemin hərbi yolla həllinə imkan qoymurdu. Belə ki, hətta BMT Təhlükəsizlik Şurası və Baş Məclisi tərəfindən qəbul olunan 4 qətnamə, həmçinin AŞPA və ATƏT kimi Qərb demokratik institutlarının da qətnamə və qərarları kağız üstdə, yəni masa danışıqlarında qalması ilə yekunlaşırdı. Ermənistana himayədarlıq edilir, onun güclü silahlandırılması prosesi gedirdi. Azərbaycan isə öz tarixi torpaqları uğrunda diplomatik-siyasi çərçivədə mübarizəni dayanmadan aparır, həm də ordusunu gücləndirirdi. Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi: "Diplomatiya döyüş meydanı deyil, burada siyasətçilər təvazökarlıq, səbr, iradə və əzm göstərməklə, istədiklərinə nail ola bilirlər''. (2;37)

2003-cü ildən münaqişənin siyasi diplomatik yolla həllinə çalışan Prezident İlham Əliyev hərb yolunun da istisna olunmadığını beynəlxalq tribunalardan söyləyərək bəyan etmişdi. Azərbaycanda beynəlxalq standartlara uyğun modern və nizami milli Ordu yaradılaraq, müasir silah və döyüş texnikaları alınmış, NATO nümunəsində ordu quruculuğu formalaşdırılmışdı. Ulu Öndər Heydər Əliyev məntiqi ilə desək: “Silahlı qüvvələrin yaradılması Azərbaycanın dövlət müstəqilliyi və suverenliyini təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir” (2;37)

-Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri ilə Vətən müharibəsi sonrası görüşdə söylədiyi əsaslı tənqidlər Azərbaycan xalqının narazılığının ifadəsi idi. Belə ki, BMT-nin 1995-ci il “Dözümlülük prinsipləri haqqında” Bəyannaməsinin 2-ci maddəsində dövlətlər qarçısında belə bir tələb qoyulur: “Dövlətlər insan hüquqları haqqındakl beynəlxalq konvensiyaları təsdiq etməli, əgər lazım gələrsə cəmiyyətdəki bütün qruplar və ayrı-ayrı şəxslər üçün bərabərhüquqlu yanaşmanı, imkanların bərabərliyini təmin etmək məqsədilə yeni qanunvericilik işləyib hazırlamalıdırlar”. (5; 11) Bu müddəa münaqişənin həllində Minsk Qrupunun fəaliyyətinə ehtiyacın olmadığı göstəricisinin paradiqmasıdır.

Azərbaycana keçmiş Dağlıq Qarabağ ətrafı işğal olunmuş 7 rayonun, bəzən də 5 rayonun qaytarılması təklif edilir, "öz tarixi torpaqlarımızın öz torpaqlarımızla əvəz edilməsi, verilməsi" kompromis variant kimi tövsiyyə edilirdi. Bu Azərbaycan tərəfindən qəti qəbul olunmurdu. Bu illər ərzində Ermənistan işğal etdiyi torpaqlarda güclü mühəndis-istehkam qurğuları yaratmışdı. (xaricdəki havadarların dəstəyi ilə bu guya alına bilməz "Sərkisyan-Ohanyan istekamları xətti” adlandırırdı). İkili standartlardan irəli gələrək bütövlükdə işğal zonasında çoxlu sayda müxtəlif silah ilə təchiz olunan, silahlı quldur qruplarının düşərgələri yaradılaraq, Ermənistan ordusunun “məğlubedilməzliyi” haqda “mif” yaranmışdı. Azərbaycanın işğal edilən Qarabağ ərazisində yeraltı və yerüstü resusları talan edilərək, dünyanın müxtəlif ölkələrindən ermənilərin Qarabağa və onun ətraf rayonlarına qanunsuz köçürülərək, məskunlaşdırılması prosesi həyata keçirilmişdi.

-Yada salaq ki, Ermənistan hələ 2016-cı il aprel döyüşlərində ciddi "zərər aldı" və Azərbaycanın hansı imkanlara malikliyini əyani gördü, keçmiş Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında "Madrid prinsipləri"ndən imtina etdi. Münaqişənin nizamlanmasını deyil, əksinə “yeni ərazilər işğal etmək” bəyanatları ilə status-kvonu əbədiləşdirməyi qərarlaşdıran işğalçı Ermənistan hökuməti İkinci Qarabağ müharibəsini əsas başladan səbəbkarı oldu.

-Beynəlxalq Beyin mərkəzləri, Avropa dövlətləri, Rusiya, ABŞ və İran Cənubi Qafqazda baş verən hadisə və proseslərə nəinki birbaşa ciddi təsir göstərir, habelə Azərbaycana siyasi dəstək verən Türkiyədən qeyri, əsasən işğalçını dəstəkləyirdilər. Azərbaycanın iqtisadi, siyasi, hərbi təhlükəsizlik baxımdan dəstəklənməsində tarixi, mədəni və etnopsixoloji baxımdan dərin köklərə malik Türkiyənin rolu əhəmiyyətli dərəcədə böyükdür. NATO üzvü olan Türkiyənin Azərbaycanla strateji əməkdaşlığı regional siyasəti təmin edən başlıca komponentlərdəndir. 2020-ci il yayından ölkənin dövlət sərhədlərinin atəş altında saxlanılaraq, dinc əhalini, mülki obyektləri və yaşayış tikintilərini gülləbarana tutmasının adi hal alması Azərbaycan xalqının hərbi vətənpərvərlik ruhunu qabartmış, Xalq Dövlətdən artıq ciddi tədbirlərə başlanılmasını tələb edirdi. 2020-ci il 12 iyul və 27 avqustda Ermənistan silahlı hərbi hissələrinin Azərbaycan dövlət sərhədlərini müxtəlif silahlardan atəşə tutması Ermənistan rəhbərliyinin müharibə istəyinin əlaməti idi. 2020-ci il sentyabrın 27-də səhər erkən Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə əks hücuma keçdi. 2020-ci il noyabrın 10-dək davam edən silahlı döyüşlər Ermənistanın məğlubiyyətini sonlandırdı. 2020-ci il noyabrin 10-da Rusiya və Azərbaycan prezidentləri V.Putin və İ.Əliyev, Ermənistanin Baş naziri N.Paşinyan hərbi əməliyyatların dayandırılması haqqında 9 bənddən ibarət Bəyanatı imzaladılar.

-ABŞ Dövlət katibinin keçmiş müşaviri, politoloq Pol Qobl “Cənubi Qafqazda geopolitika və böyük güc rəqabəti” adlı tədbirdə söylədiyi kimi: “Rusiya Qarabağ müharibəsində Qarabağa ordu yerləşdirmək istəmirdi. Lakin Türkiyə qüvvələrinin bura girəcəyindən ehtiyat etdiyinə görə, hesab edirəm ki, son olaraq belə bir addım atdı. Öncə Rusiya erməni xalqının qələbə qazandığını düşünürdüsə, sonda onların məğlub olduğunu başa düşdü”. (7)

-Azərbaycanın Vətən müharibəsində Zəfəri Ermənistanda ciddi qarmaqarışıqlıq, xaos və çətin vəziyyət yaratdı. XXI əsrin Ermənistanı XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın üzləşdiyi mürəkkəb, ziddiyyətli və qalmaqallı günlərə döndü. Ermənistanın “məğlubedilməz ordu” mifi, lobbisinin hamiliyi, erməni-daşnaq, quldur dəstələrinin “güclülüyü” haqda onilliklər boyu formalaşdırılan nağıllar Azərbaycan milli Ordusunun dəqiq və hazırlıqlı cavab zərbələri ilə YUXUda qaldı. Azərbaycan Ordusu xalqın otuz ildə verdiyi şəhidləri və işğal edilən torpaqlarını azad etməklə, intiqamını aldı və Türk birliyinin gücünü bütün dünyaya göstərdi. Azərbaycan Zəfər çaldı, suverenliyi və torpaqlarının bütövlüyü ilə əlaqədar BMT-nin tarixi qətnamələrini kağız üzərindən real gerçəkliyə çevirdi. Burada yenə Hegel siyasi-fəlsəfi fikrinə müraciət edək. Hegel yazır ki: “Xalq nəinki müharibədən bərkiyib çıxır, eyni zamanda millətlər arasında mövcud olan barışmaz antoqonizmlər xarici müharibələr sayəsində daxili dincliklə əvəz olunur”. (6;565)

-Ermənistan hərbi silahlı qoşunlarının 2020-cil il iyul Tovuz hadisələrindən başlayaraq ardıcıl hücumlar törədərək, Azərbaycan ordusunun mövqelərini və dinc yaşayış məskənlərini atəşə tutması, “daha yeni ərazilər” uğrunda iddiası, ən faciəli-hərbi siyasi səhvi nəticəsində onun məğlubiyyətinə səbəb oldu. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin birinci bəndində yazılıb: “Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır” (1;6) və 11-ci maddənin üçüncü bəndində deyilir ki: “Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir” (1;7)

Bu siyasi-hərbi, diplomatik-ideoloji paradiqmalar vəhdəti belədir:

1) Azərbaycan öz ərazisində suveren hüquqlarının təmini, əhalinin qorunması üçün hərbi silahlı müdaxiləyə də əks hücumla cavab verdi.

2) Vətən müharibəsində geosiyasi tarixi mövqedən və beynəlxalq hüququn prinsiplərinə görə də Azərbaycanın haqlı olmasını təsdiq etdi.

3) Azərbaycan illərlə çətin bir yol adlamış, dünya ictimai rəyinin münaqişənin gerçək səbəblərini rəsmi sənədlərlə göstərməklə yanaşı, həm də 2020-ci il 27 sentyabr Vətən müharibəsinədək Cənubi Qafqaz regionunda işğalçılıq siyasətinə dair fikir yarada bilmişdi.

4) 44 günlük müharibədə dünya güclərini siyasi təzyiqlərdən, diplomatik təhdidlərdən birbaşa açıq-hərbi müdaxiləyə keçməkdən çəkindirən də bu gerçək faktlar idi.

5) Azərbaycanın taktiki strateji siyasəti beynəlxalq aləmdə mövcud reallıqlara və hadisələrin hərbi yönümünün mümkün ssenarilərinə qarşı bir siyasi tolerantlıq yaratmışdı.

6) Vətən müharibəsində digər önəmli fakt Ali Baş Komandanın hərbi əməliyyatlar zamanı faktiki sənədlərə əsaslanan xarici KİV-lərdə çıxışları, Azərbaycanın – informasiya, güc, yəni informasiya “yumşaq” mübarizəsində qələbəsinə əsas təkan verən həlledici faktor oldu.

7) Belə ki, müharibəyə sövq edilən, öz ərazi bütövlüyünün təmini üçün beynəlxalq təzyiqlərə müqavimət göstərən, qarşı tərəfə dünyanın aparıcı güclərinin verdiyi açıq və gizli dəstəyin nəticələrini mümkün qədər neytrallaşdırmada da əsas rol daşıyan Ali Baş Komandan idi.

8) Dövlət Rəhbərinin beynəlxalq KİV-lərdə çıxışları mühüm əhəmiyyət kəsb edirdi. Prezident İlham Əliyevin diplomatik sahədə təhsili və bilik səviyyəsi, beynəlxalq münasibətlər üzrə peşəkarlığı, siyasi dünyagörüşü, proseslərə çevik və savadlı, operativ yanaşma məharəti Azərbaycana qarşı əks qüvvələrin əsas rol oynadığı xarici informasiya məkanında dominantlığın əldə olunmasında da böyük rola malikdir. Ali Baş Komandanın prosesi yüksək peşəkarlıq, operativ çevikliklə idarə etməsi, məqamı yetəndə zəruri müdaxilələri və korrektələri, diplomatik-ideoloji müsahibələri də informasion müharibədə dəqiq hədəflənmiş uğurun Zəfər paradiqmalarıdır.

-Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev prinsipiallığı, qətiyyətli siyasi iradəsi ilə xalqın milli maraqlarını cəsarətlə müdafiə etdi, məqsədəmüvafiq, ardıcıl strategiya yürütdü və Azərbaycanın işğalda olan tarixi ərazilərinin azad edilməsi üçün 27 sentyabr 2020-ci ildə düşmənə onun hərəkəti ilə-cavab atəşləri ilə hücuma başladı. N.Makiavelli yazdığı kimi: “Düşmənlə iki yolla mübarizə aparmaq olar:birinci qanunlarla, ikincisi güclə”.(4;11)

-Vətən müharibəsi dövründə respublikanın bütün ictimai və siyasi təsisatlarının, fəaliyyəti işğalçı Ermənistanın təcavüzkarlıq siyasətinin ifşasının məhvinə yönəldilmişdi. Ölkə Prezidenti öz çıxışlarında hər zaman göstərirdi ki, Azərbaycan torpaqlarına təcavüz siyasəti işğalçı Ermənistanı bütün regional layihələrdən təcriddə saxlayıb və ermənilər perspektivi olmayan, xaricdəki diaspor-lobbi maliyyələşməsi ümidinə qalan monoerməni xalqından ibarət bir dövlətdir. V.Şekspir məntiqi ilə desək: “Müqavimət nə qədər güclü olsa, qələbə o qədər parlaq və şərəfli olar” (4;105)

Azərbaycanın Vətən müharibəsində Cənubi Qafqaz regionunda öz tarixi ərazilərini azad etməsi yeni siyasi reallıqları üzə çıxartdı. Bu yeni reallıqla da Cənubi Qafqazda siyasi təsir imkanları uğrunda Azərbaycanla da hesablaşma zərurəti yaratdı.

- Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərinin “münaqişənin hərbi yolla həlli yoxdur” tezisini 44 günlük Vətən müharibəsi gedişində darmadağın etdi və Cənubi Qafqazda tam yeni bir güclü Azərbaycan reallığı meydana çıxdı. Bu yeni siyasi reallıqda Azərbaycan hərtərəfli inkişaf edən, qüvvəti orduya malik Qalib dövlət, Ermənistan isə hərbi potensialının əksərini itirən, öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə resursları olmayan, iqtisadi perspektivi zəif, məğlub ölkə olaraq daxil oldu və “yenilməz erməni ordusu” mifi dağıdıldı, Azərbaycanın “hərbi-diplomatik-innovativ güc diplomatiyası” Zəfər çaldı.

-Azərbaycanın Birinci Vitse-Prezidenti Xanım Mehriban Əliyeva da bütün dünyada Azərbaycana qarşı obyektiv rəy formalaşdıran, beynəlxalq təşkilatlarda ədalətə, haqqa səsləyən çoxsaylı tədbirlər keçirmiş, Qarabağın işğalı və Xocalı soyqırımı haqqında dünyaya müfəssəl məlumat vermişdir. Belə ki, “Xocalıya ədalət!” kompaniyası, bir çox ölkələr tərəfindən Xocalı soyqırımının tanınması, demək olar ki, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərənin formalaşmasını da hədəf seçmiş paradiqmalardır.

-Azərbaycanın Vətən müharibəsində Zəfəri güclü ordu-xalq-dövlət, Ulu Öndərin siyasi təməllərini əsas tutan azərbaycançılıq, multikultural həyat tərzini bəyan edən, modernləşmə xəttini, davamlı inkişaf kursunu aparan Prezident İlham Əliyevin liderlik qabiliyyəti və düzgün müəyyənləşdirilmiş strateji hərbi-diplomatik-ideoloji paradiqmalarıdır. Bu məntiqin izahıdır ki, əvvəlki illərdə dünya Azərbaycanı məğlub ölkə kimi tanıyırdısa, artıq Azərbaycan qalib və qürurlu xalq kimi qəbul edilir. Dünya mətbuatı və xalqları Azərbaycanı 21-ci əsrin müharibəsini qələbə ilə yekunlaşdıran xalq olaraq tanıyır. Bütün bunlar Azərbaycanın dünyada mövqeyini daha da möhkəmləndirilməsini şərtləndirən paradiqmalardır.

Rəna Mirzəzadə,
AMEA FSİ “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, professor

thumb (1).jpg (31 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR