Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi hər iki qardaş ölkədə məmnunluqla qarşılanan hadisədir. Xüsusilə də Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra iki türk liderin telefonla bir araya gəlməsi həm regional maraqlar, həm də “Bir millət, iki dövlət”in əlaqələri, hədəfləri baxımından yerində atılan addımdır.
Azərbaycan və Türkiyə arasında 21-cı əsrin “Qars Müqaviləsi” hesab edilən 2021-ci ilin 15 iyun Şuşa Bəyannaməsində strateji müttəfiqliyimizi özündə ehtiva edən bir sıra önəmli razılaşmalar var ki, indiki situasiyada atılan addımlar həm də sözügedən Müttəfiqlik anlaşmasına tam uyğundur. “Azərbaycan Respublikası Türkiyə Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, sabitliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş bütün fəaliyyətləri, o cümlədən terrorçuluğun bütün forma və təzahürlərini pisləyir və Türkiyə Respublikasının terrorçuluğa qarşı apardığı mübarizəni qətiyyətlə dəstəkləyir”, müddəasını xatırlamaq kifayətdir.
Rəsmi məlumata görə, telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin strateji müttəfiqlik zəminində inkişaf etdiyini bir daha vurğulayıblar. Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın və Əminə xanım Ərdoğanın Azərbaycanda keçirilmiş COP29 konfransının liderlər sammitində fəal iştirakını məmnuniyyətlə qeyd edərək, geniştərkibli Türkiyə nümayəndə heyətinin konfransın işinə əsaslı töhfələr verdiyini vurğulayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan öz növbəsində COP29-un uğurla keçirilməsi və danışıqlar prosesində əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Bu detallara toxunulması təbiidir. Prezident Ərdoğanın xarici səfərdən birbaşa Azərbaycanın evsahibliyi etdiyi möhtəşəm tədbirə təşrif buyurması, çox isti qarşılanma və bütün dünyaya ünvanlı mesajların səsləndirilməsi tarixi hadisə oldu. Bir sıra türk düşmənləri COP29-u da pozmaqdan ötrü sonadək dəridən-qabıqdan çıxmışdılar axı, Azərbaycan bütün planları pozdu, uğurlu xarici siyasəti, qətiyyətli mövqeyi, yüksək səviyyədə həyata keçirilən hazırlıqları, həm də dost-qardaş, müttəfiq ölkələrin ədalətli mövqeləri sayəsində.
Liderlərin telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə də toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Bildirilir ki, dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər. Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib. Prezident Rəcəb Tayyib Ərdoğan bütün sahələrdə olduğu kimi, Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.
Əslində bu gün bir sıra qeyri-müttəfiq ölkələr belə, birbaşa da olmasa, dolayısı ilə Bəşər diktaturasına son qoyulması hadisəsinin Türkiyənin aktivinə yazıldığını etiraf edirlər. Prezident Ərdoğan əminliklə deyirdi ki, bir gün gələcək suriyalı qaçqınlar öz evlərinə dönəcəklər, budur, dönürlər. Demişdi Əsəd rejimi devriləcək, hər şey göz qabağındadır, əliqanlı Əsəd özü “qaçqın” həyatı yaşayır. 13 ildir Suriyanın milyonlarla vətəndaşına – onların sayının 4-5 milyon olduğu deyilir - qucaq açan, onlara Vətən olan Türkiyə növbəti missiyasını layiqincə icra edir. Bu, həm də Azərbaycanı qürrələndirən mühüm faktdır. Cənab Prezident necə demişdi: “Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır” . Həm də axı, Türk dünyasının türkmənləri də var, qəlbi sınıq, əsrlərdir faciələrlə üzbəüz qalan milyonları, Kərkükdə, Mosulda, Telafərdə, Hələbdə nisgil içərisində yaşayan, PKK, PEJK, İŞİD-dən sitəmlər görmüş qan qardaşlarımız, soydaşlarımız. Türkiyə həm də onları xilas edib və etməkdədir. Əbəs yerə deyil ki, Suriyada türk lirəsi dövriyyədədir, Ərdoğana, Türkiyəyə alqış edilir, Türk ordusuna xilaskar ordu olaraq dualar səslənir. 2018-ci ildə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində antiterror əməliyyatı keçirməklə həm özünün təhlükəsizliyini təmin etmiş oldu, həm də qonşu ölkənin şimal bölgəsində hüzur yaratmağı bacardı. O zaman yazdıqlarımızı xatırlayıram. Afrin əməliyyatından sonra Qarabağın xilas əməliyyatına da yaşıl işıq yanacağına inamımızı ifadə edirdik: “Afrindən sonra Qarabağ”, deyirdik. Terrordan on illərlə əziyyətlər çəkən, hətta “ürəyindən” hədəfə alınan qardaş ölkənin terrorçuları yuvasındaca məhv etməyə başlamasından sonra inanırdıq ki, Azərbaycan da öz ərazilərini azad edəcək, həm də qardaş ölkənin dəstəyi ilə!
Şükürlər olsun, bu, baş verdi və Türkiyə hər an yanımızda oldu, Azərbaycan Prezidenti, Ali Baş Komandanımız Zəfər Paradını 2020-ci ilin 10 dekabrında qəbul etdi, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla birgə! Budur, həmin Zəfər Paradının düz 4-cü ildönümü günündə iki Türk lider növbəti zəfəri müzakirə edib! Beləcə, Qarabağdakı terrorçuların başının əzilməsindən sonra Suriyadakı istibdada son verildi, həm də Türkiyənin varlığı sayəsində!
Bir neçə il əvvəl Türkiyənin Qaziantep bölgəsindəki qaçqın şəhərciyində olmuşdum, reportajlar hazırlamışdım. Oradakı uşaqların baxışları indiyədək gözlərimin qabağındadır. Türkiyəmiz nə qədər isti qucaq açsalar da, onları bağça ilə, məktəblə, hər cür qayğı ilə, ata-analarını işlə, yeməklə təmin etsələr də, yenə də gözlərində kədər var idi, yurdlarından perik düşmüşdülər, Suriyadakı dəhşətli müharibə nəticəsində. Türkiyə milyardlar xərclədi Suriya qaçqınlarının xilası naminə. Qərb dövlətləri qaçqınların dəryalarda qərq olmasını seyr etməklə, bəzən onların axınının qarşısını almaq naminə silahlı ordusunu, polisini önə çıxartmaqla işini bitmiş saydı.
Həm də Türkiyəyə vəd olunan vəsaiti belə vermədilər, Türkiyəni iqtisadi cəhətdən sarsıtmaq planını belə işə saldılar bu kəmfürsətlər. Amma qardaş ölkə zəlzələ dəhşətlərinə belə sinə gərib, dözdü, ayaqda oldu və budur, Suriyadan olan milyonlar evlərinə dönür! Yaxın Şərqdə Qarabağa Böyük Qayıdışa bənzər hadisələr baş verir. Qarabağlı Şuşaya, Xankəndiyə...qayıdışın sevincini yaşadığı kimi, suriyalı ərəb, türkmən də Hələbə, Dəməşqə qayıdışın vüsalına toy-bayram edir. Türkmən yeniyetmənin Azərbaycan bayrağından olan köynəyi də nəzərimizdən qaçmadı. Onlar da bizdəndir, Nəsiminin uyuduğu məkanlar da azaddır! Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin ruhları da şaddır, inşallah! Bu, həm də Türkün, Türkiyə və Azərbaycanın qələbəsidir! Suriyada da Qarabağdakı canilərin cinayətlərinə bənzər cinayətlərin izləri açılır. Şuşa həbsxanasında dəhşətli işgəncələr verilən azərbaycanlıların taleyini yaşayan suriyalı məhbuslar azadlığa qovuşur. Təəssüf ki, azərbaycanlıların kütləvi məzarlıqları kimi, suriyalıların da cəsədləri aşkarlanır...
Bu xilas əməliyyatında Türkiyə var olmaqla həm də cənab Ərdoğanın “Dünya beşdən böyükdür” deyiminin haqq olduğunu bir daha təsbit etdi. Bu, Türkün böyüklüyüdür, yurdda və cahanda sülh istəyinin bariz nümunəsidir. Azərbaycan və Türkiyə ağır gündə bir yerdə olmağı bacardıqları kimi, xoş günlərdə də birgədirlər. Həm də hüzuru təkcə öz dövlətləri daxilində mövcudluğu naminə çalışmadıqlarını isbat edirlər, nümunə - Suriya. Azərbaycan Qarabağda erməni vandallığının nəticələrini aradan qaldırmağa çalışmaqda ikən Suriyaya da humanitar dəstəyini əsirgəməyəcək. Bu günlərdə Bakıda olan İraq Türkmən Cəbhəsinin rəhbəri, millət vəkili Ərşad Salehi də dar gündə Azərbaycan dövlətinin İraq türkmənlərinin yanında olduğunu Milli Məclis tribunasından məmnunluqla ifadə etdi.
Prezidentlərin telefon söhbəti zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı da qeyd olunur. Təbii, dayanmaq yox, yola davam. Həm də...Bir daha Şuşa Bəyannaməsinə istinad edək: “Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər”.
Bəli, daha bir hədəf Türk zolağının boğazında “kal armud”a çevrilənlərin gözünü oymaq, Turan qapısını açmaqdır. Niyə mən qardaşımın evinə ancaq hava yolu ilə getməliyəm, quru yol təbii haqqım ola-ola? Üstəlik, təkcə 2020-ci ilin 10 noyabr Bəyannaməsi deyil, müqəddəs Şuşa Bəyannaməsi bunu tələb edir. Həm də Ermənistan adlı “kal armud” bu bölgədə yad cisimdir, bunu havadarları da anlamalıdır. Türkiyə Suriyada önəmli magistralları da nəzarətdə saxlayacaq, hüzur, inkişaf, təhlükəsizlik naminə. Bunun ardınca Zəngəzur dəhlizi gələcək, “olmazsa, olmazdır”. Artıq Ermənistanda da bu reallığı anlayırlar. Bu günlərdə Azərbaycanda səfərdə olan Türkiyə parlamentinin deputatı, sabiq vitse-prezident Fuad Oktay “Yeni Müsavat”ın Ermənistan Konstitusiyası və Zəngəzur dəhlizi ilə bağlı rəsmi İrəvanın müqaviməti ilə bağlı sualına çox aydın cavab vermişdi.
Sitat: “Nə qədər ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var, sabit sülhə nail olmaq mümkün deyil. Daimi sülhü təmin etmək və bu problemi gələcək nəsillərə buraxmamaq üçün Ermənistan Konstitusiyasının bu maddəsi ləğv edilməlidir”-demişdi. Həmçinin Zəngəzur dəhlizinin açılması zərurətini də ifadə etmişdi. Ermənistanda böyük rezonans doğurub bu mesaj-xəbərdarlıqlar. Anlayırlar ki, “daş”ı ətəyindən tökməsə, Paşinyan Əsədin, Ermənistan Suriyanın taleyini yaşayacaq. İşğal illərində suriyalı terrorçuların Qarabağda yerləşdirilməsini, Ermənistanın Suriyaya hərbçi göndərməsini, Bəşər Əsədin Ermənistana isti münasibətini unutmamışıq. Türkiyəyə qarşı savaşan terrorçu təşkilatlarda erməni terrorçuların varlığı da faktdır. Türkə uzanan dillər, əllər kəsiləcək, gec-tezi var...Nə qədər tez uzanan əli öpüb, gözləri üstə qoysalar, xilas olarlar, Əsəddən güclü olmayacaqlar ki...
12 Dekabr 2024
11 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ