İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Oruc: “Paşinyanın növbəti cəsarətli addımı...”

Milli Məclis bütün hakimiyyət orqanları kimi cari ildə fəaliyyət planını prezident İlham Əliyevin 7 yanvar tarixində bəyan etdiyi strateji hədəflər üzərində qurur. Həmin görüşdə irəli sürülən əsas ideyalar yaşadığımız dövrün qlobal və regional təhlükələrinə qarşı dövlətimizi hazırlamaq məqsədinə xidmət edirdi. Ölkə rəhbəri dedi ki, 2-ci dünya müharibəsindən sonra formalaşan beynəlxalq təhlükəsizlik sistemi çökür, yenisi isə yaranma mərhələsindədir. Bəli, Qələbəmiz ölkəmizin siyasi çəkisini artırıb. Tarixmizdə ilk dəfə, dövlətimiz hərbi Qələbədən sonra dünyanın yenidən bölüşdürülməsində öz taleyinin sahibi kimi çıxış edir.

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.

Deputatın çıxışının tamını təqdim edirik:

“Ona görə də obrazlı desək, işğal dövründə Qarabağ özü boyda mina idi, indi azad torpaqlar yeni Vətən qurucluğunun məhək daşına çevrilir. Bir vaxtlar 1 milyon qaçqın və köçkünün hüquqları uğrunda vuruşan Azərbaycan indi Yaxın Şərq və Cənubi Qafqaz  regionunda sülhyaradıcı missiyada çıxış edir. Ölkəmiz Türkiyə ilə birlikdə yeni Suriya quruculuğuna töhvə verir. Son 2 əsrdə ilk dəfə erməni amili regionda həlledici rol oynamır. Göründüyü kimi, yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasında parlament diplomatiyasını hər zamankı kimi fəal davam etdirəcəkdir.

Ölkə rəhbərinin ikinci yer ayırdığı məsələ, Ermənistana son 30 ildə rəhbərlik edən 3 şəxsin, xüsusilə saxta sülhpərvər obraz arxasında gizlənən Levon ter Petrosyanın çıxışına münasibəti informasiya məkanında böyük əks-səda doğurdu. Təəssüflər olsun ki, Tatul Akopyan adlı jurnalistin iki il əvvəl yaydığı kadrlar yalnız indi Albert İsakov adlı blogerin tərcüməsindən sonra ciddi ictimai reaksiyalara səbəb oldu. 1993-cü ilin avqustunda işğal günlərində ter-Petrosyan deyir ki, azərbaycanlıların sayca üstünlük təşkil etdiyi Basarkeçər, Uluxanlı və digər ərazilərdən məqsədyönlü şəkildə təmizlənməsi “600 illik erməni arzuları gerçəkləşməsi”dir. Əks halda, ölkəsində demoqrafik balansı xeyirlərinə dəyişmək, milli dövlət qurmaq mümkün olmazmış. Digər tərəfdən, respublikamızda sayları 300 minə çatan ermənilərin də Ermənistana köçürülməsi əhali azlığını kompensasiya etmək planı olub. Petrosyanın çıxışı xalqımıza qarşı soyqırım, etnik təmizləmənin təsdiqi olduğu üçün həmin dövrdə müdafiə naziri olan  Vazgen Sarkisyan deyir ki, prezidentin çıxışı məxfiləşdirilməlidir, çünki düşmənçilik planları və Ağdamın işğalının etirafı ölkənin beynəlxalq imicinə ciddi zərər vurar.

Göründüyü kimi, xalqımızı “Bakı, Sumqayıt, Kirovabad  hadisələri” adı ilə əsassız yerə ittiham edənlərin 30 illik hökmləri iflasa uğradı. Ona görə də təklif edirik ki, Milli Məclis Levon ter Petrosyanın torpaqlarımızın işğalının əsas ideoloji-hərbi proqramı olan çıxışına hüquqi-siyasi qiymət versin və qərarını bütün xarici ölkə parlamentlərinə  yaysın.

Üçüncü məsələ, ABŞ-ın Nyu York mərkəməsi tərəfindən 18 ilin senatoru Bob Menendesə layiq olduğu 11 illik cəzanın çıxarılmasını alqışlayırıq,  hökmün təkcə korrupsiya cinayətlərinə görə deyil, həm də erməni yalanlarına xidmət edən ABŞ siyasətçilərinə görk olduğunu bildiririk. Proses zamanı hakim Sidni Steynin sözləri çox ibrətamizdir-sitat: “siz siyasi şöhrətin zirvəsində idiniz, lakin yolunuzu azdınız”. Həqiqətən bütün deputatlıq fəaliyyətini ölkəmiz əleyhinə bədnam qətnamələrə həsr edən, Qarabağın işğalının simasına çevrilən adamın karyerasının  sonu Qələbəmizin birbaşa nəticəsidir. Təklif edirik ki, Milli Məclisin komitələrindən biri ABŞ Məhkəməsinə öz ehtiramını ifadə edən məktub göstərsin, eləcə də Azərbaycana qarşı hər gün iftira şəbəkəsinə başçılıq edən Adam Şif, Frenk Pallone və digərlərinin fəaliyyətinin də araşdırılmasını xahiş etsin. Biz  Avroparlamentin və Avroşura təmsilçiləri Natali Luazo, Rafael Qlüksman, Frank Şvabenin də eyni aqibət yaşayacağına inamımızı ifadə edirik.

Sonda bir daha Qarabağ məsələnin başa çatmadığını iddia edən qrupların sistemli halda Human Rights Watch-un 2024-cü il üzrə hesabatında, Avropa parlamanetinin son qətnaməsində, Kanada xarici siyasət idarəsinin bəyanatlarında qırmızı xətlə keçən bir avantüraya- ermənilərin Xankəndinə qayıtmasına dair irəli sürdükləri tələbə cavab vermək istərdik: Ermənistanın dövlət siyasətində qayıdış məsələsi olmadığı halda müxtəlif siyasi mərkəzlərin Qarabağın düşmənçilik ocağını sönməyə qoymamaları yaşadğımız bölgəni daim əldə saxlamaq və sümürmək məqsədlərinə xidmıət edir. Ona görə Nikol Paşinyanın növbəti cəsarətli addımı məhz ötən əsrin 50-ci illərindən gündəliyə çıxarılan soyqırım biznesini də nəhayət, durdurmağa, xalqını bu əsarətdən də xilas etməyə çalışması yeni qırğınların qarşısını almaq üçündür. Qafqaz heç vaxt indiki qədər xarici dövlətlərdən azad olmayıb. İlham Əliyev ‘yeni geosiyasi reallıq yaratdıq’, deyərkən də məhz bunu nəzərdə tutur”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR