Onlayn ictimai-siyasi qəzet
Sinan Oğan: “Ermənilər İrəvandakı yeganə məsciddə türk izlərini silməyə çalışırlar, amma... ”
“Mən yüz il öncə ata-babaları Qərbi Azərbaycandan qovulmuş nəslin övladıyam. İnanıram necə ki, artıq yavaş-yavaş Xocalı qətliamını törədənlər ədalət məhkəməsi qarşısında cavab verməyə başlayıb, eləcə də bir gün türklər, azərbaycanlılar doğma yurdları olan o torpaqlara geri dönəcəklər. Mən bir türk və Qərbi Azərbaycan kökənli olaraq buna inanıram və bu yolda mübarizəmi daim davam etdirəcəm”.
“Yeni Musavat” bildirir ki, bu sözləri türkiyəli siyasətçi, prezidentliyə keçmiş namizəd Sinan Oğan “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış tarixi, mədəni və hüquqi əsasları” adlı beynəlxalq konfransda deyib.
Sinan Oğan tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, vaxtilə regionda ən çox məscid məhz İrəvan şəhərində olsa da, hazırda həmin məscidlərdən yalnız biri bu günə qədər qalıb: “Yüz il öncəyə geri dönüb baxsaq görərik ki, nə Suriyada, nə digər yerlərdə məscid o qədər çox deyildi, nəinki İrəvan şəhərində. İrəvanın az qala hər küçəsində məscid var idi, hər tərəfdə insanlar türkcə danışırdı, türk mədəniyyəti hökm sürürdü. Lakin türklər, azərbaycanlılar ata-babalarının doğma yurdu olan o torpaqlardan işgəncələrə, əzablara məruz qalaraq qovuldu. Bu proses sovet dövründə də davam etdirildi. O torpaqlardan türk izini tamamilə silməyə başladılar.
Bu gün beynəlxalq təşkilatlar ermənilərin Qarabağa geri dönməsi üçün təzyiqlər edirlər. Bəs niyə ermənilərin Qarabağa qayıtmasından bəhs edənlər azərbaycanlıların, türklərin öz doğma yurdlarına, Qərbi Azərbaycana geri qayıdışından bəhs etmir? Qeyd etdiyim kimi, məscidlərinin çoxluğu ilə seçilən İrəvanda indi yalnız bir məscid qalıb. Onu da İran, fars məscidi kimi təqdim edir, türk izlərini silməyə çalışırlar. Hətta onun üzərində olan ay-ulduzu pozmağa çalışsalar da, bu, alınmadı. İnanıram ki, gün gələcək, Qərbi Azərbaycanda ay-ulduzlu bayraqları görəcəyik".
Qeyd edək ki, Azərbaycanın qədim torpağı olan İrəvan şəhəri vaxtilə çox sayda məscidləri ilə məşhur olub. Bu şəhərin möhtəşəm məscidləri onun simvoluna çevrilmişdi. Məşhur fransız səyyahı və etnoqrafı İvan Şopen (1798-1870) XIX əsrin 20-ci illərində Rusiyaya gələrək, Qafqaz canişinliyinə işə düzəldikdən sonra general İ.F.Paskeviçin göstərişi ilə Qafqazda yaşayan xalqların, xüsusilə də İrəvan və Naxçıvan əhalisinin tarixi ilə əlaqədar tədqiqat işləri aparmağa başlayıb. İ.Şopen əsərlərində Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların tarixi, etnik tərkibi, dili, folkloru, ədəbiyyat və incəsənəti haqqında geniş məlumatlar toplayıb. O, 1832-ci ildə təkcə İrəvanda 12 məscid qeydə alıb. Onlardan “Came məscidi”, “Şah Abbas məscidi”, “Zal xan məscidi”, “Novruzəli bəy məscidi”, “Sərtib xan məscidi”, “Hüseynəli xan məscidi”, “Hacı İmamverdi bəy məscidi”, “Hacı Cəfər bəy məscidi”ni misal göstərmək olar.
Araşdırmalar göstərir ki, 1912-ci ilə kimi indiki Ermənistan ərazisinin İrəvan qəzasında 42, Eçmiəzdin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərib. 1915-ci ildə isə İrəvan və Zəngəzur quberniyasının ərazisində məscidlərin sayının artması müşahidə olunub. Burada 382 şiə, 9 sünni məscidi fəaliyyət göstərib. 1918-ci ildən başlayaraq bu məscidlərin hamısı ermənilər tərəfindən dağıdılaraq məhv edilib.
İrəvandakı məscidlərin ən qədimi “Sərdar məscidi” olub. Köhnə məscid adlandırılan bu ibadətgah zamanında Şah İsmayılın tapşırığı ilə onun vəziri Rəvanqulu Xan İrəvan qalasını tikdirdiyi dövrdə inşa edilib. 1589-cu ildə isə Osmanlı türkləri tərəfindən yenidən bərpa edilib. İrəvan qalası içərisində və Sərdar sarayı yaxınlığında yerləşdiyi üçün “Sərdar məscidi” adlandırılıb. 1918-ci ildə ermənilər həmin məscidə müsəlmanları dolduraraq od vurub yandırıbıar. Məscid insanlarla birlikdə tamamilə yanıb külə dönüb.
İrəvandakı məşhur məscidlərdən biri “Şah Abbas məscidi”dir. 1604-cü ildə 1-ci Şah Abbas İrəvan qalasını Osmanlılardan azad etdikdən sonra 1606-cı ildə İrəvan xanına məxsus Sərdar sarayının şərq tərəfində möhtəşəm bir məscid inşa etdirib. Məscidə xalq tərəfindən “Şah Abbas məscidi” adı verilib. Məscidin memarı o zamanın məşhur sənətkarı Şeyx Bahəddin idi. Gəncə məscidinə oxşarlığı olan “Şah Abbas məscidi”nin kompleksinə mədrəsə, kitabxana, mehmanxana və müxtəlif obyektlər daxil idi. İrəvan xanlığı dövründə məscidin aş evində kasıblara gündə 3 pay yemək verilirmiş. Məscid dini məkan olmaqla bərabər, həm də ictimai qurumların toplandığı yer olması ilə də diqqəti cəlb edib. 1918-ci ilə qədər “Şah Abbas məscidi” yarıuçuq vəziyyətdə olsa da, sonralar tamamilə məhv edilib.
“Dəmirbulaq məscidi” İrəvan şəhərinin azərbaycanlılar yaşayan məhəlləsində 17-18-ci əsrlərə aid müsəlman ibadət məkanıdır. Şəhərin Dəmirbulaq məhəlləsində yerləşdiyi üçün “Dəmirbulaq məscidi” adlandırılıb. Məscidin üstündə düzəldilmiş günlüyə görə ona bəzən “Günlüklü məscid” də deyirmişlər. Məscid İrəvan şəhərinin varlı adamlarından olan Hacı Müzəffər Ağa tərəfindən 17-18-ci əsrlərdə inşa etdirilib.
1988-ci ilə kimi fəaliyyət göstərən və şəhərin dindar müsəlmanlarına xidmət göstərən məscid elə həmin ilin fevralında erməni millətçiləri tərəfindən hücuma məruz qalıb və talan edilərək yandırılıb.
“Rəcəb paşa məscidi” isə 1725-ci ildə Rəcəb paşa tərəfindən İrəvan qalasında inşa edilmiş məsciddir. Ruslar İrəvanı işğal etdikdən sonra (1827) Rəcəb paşanın inşa etdirdiyi məscid dağıdılıb və yerində Rus pravoslav kilsəsi tikilib. “Abbas Mirzə xan məscidi” 18-ci əsrdə Abbas Mirzə Qovanlı-Qacar tərəfindən İrəvan qalasında inşa etdirilib. 1827-ci ildə ruslar tərəfindən dağıdılıb. 2008-ci ildə isə tamamilə sökülüb. “Şükürbəyli məscidi” də İrəvanın məşhur məscidlərindən biri olub. 1827-ci ildə ruslar məscidin daxilini dəyişdirib və adını “Svyatoy Boqoradiç” qoyublar. Hazırda “Şükürbəyli məscidi” rus kilsəsi kimi fəaliyyətdədir.
İrəvanın digər məscidi “Zalhan məscidi” olub. Məscid II Dünya müharibəsindən sonra arxitektura xüsusiyyətləri pozularaq şəkil və sərgi binası kimi fəaliyyət göstərir.
Hazırda Ermənistanın paytaxtı olan İrəvan şəhərində yeganə məscid “Göy məscid”dir ki, onu ermənilər bütün dünyaya fars, İran məscidi kimi təqdim edir.
Xatırladaq ki, bu məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib. Azərbaycanın memarlıq nümunələrindən biri olan məscidin eni 66, uzunluğu 92,2 metrdir. “Göy məscid” İrəvan məscidləri arasında ölçüsünə görə ən böyüyüdür. Bu ziyarətgah çar dövründə İrəvanda azərbaycanlıların ibadət etdikləri 8 məsciddən biri idi. Məscid 20-ci əsrdə iki dəfə yandırılıb. Birinci dəfə 1918-ci ildə, ikinci dəfə isə 1955-ci ilin martında. Həmin vaxt azərbaycanlı din xadimi Mahmud Aruzoğlu, həyat yoldaşı və 22 nəfər türk alimi məsciddə ibadət edərkən ermənilər tərəfindən yandırılıb. “Göy məscid” 1995-2006-cı illərdə İran tikinti şirkətlərinin köməkliyi ilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzinə çevrilib.
Beləliklə, Sinan Oğanın dediyi kimi, ermənilər tarixi İrəvan şəhərində Azərbaycanın yeganə məscidini də məhv etməyə və yaxud oradakı türk izlərini silməyə çalışsalar da, buna nail ola bilməyəcəklər. Və zaman gələcək ki, məscid yenidən öz əsl sahiblərinə qovuşacaq.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ