Onlayn ictimai-siyasi qəzet
Fazil Mustafa: “Təşkilatın etdiyi həm mənəviyyatsızlıq, həm də mədəniyyətsizlikdir”
BMT-nin qurumu, mənzil-qərargahı Parisdə yerləşən YUNESKO-nun ermənipərəst mövqeyi Azərbaycan xalqına yaxşı tanışdır. Xeyli dərəcədə onun erməni lobbisinə bağlı korrupsioner baş direktoru Odri Azulenin fəaliyyətindən qaynaqlanan bu mövqe xüsusilə də 44 günlük müharibədən sonra özünü daha qabarıq büruzə verib. Buna əsas səbəb YUNESKO-nun Fransanın təsiri altında olmasıdır. Fransanın sabiq mədəniyyət naziri Odre Azule 2017-ci ilin oktyabrından qurumun baş direktoru vəzifəsini icra edir. Bu hal da Fransanın YUNESKO-ya təsirinin atmasında az rol oynamır. Azulenin Fransanın milli hakimiyyət orqanlarından gələn sifarişləri qeyd-şərtsiz həyata keçirməsi heç kimə sirr deyil. Belə vəziyyət bütünlükdə YUNESKO-ya etimadı azaldır. Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi dağıntılar barədə beynəlxalq qurumlara, o cümlədən YUNESKO-ya dəfələrlə müraciətlər olunsa da, heç bir ciddi addım atılmadı. Lakin Ermənistanın tərəfinin YUNESKO nümayəndələri ilə görüşündə erməni irsinin Qarabağda qorunması məsələsi daim müzakirə edilir.
Məhz YUNESCO-nun ölkəmizə qarşı qərəzli münasibəti üzündən Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva 2022-ci ildə YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyətini dayandırıb. YUNESKO növbəti dəfə Azərbaycanla bağlı təxribatçı bəyanat dərc edib. Bu dəfə onun rəsmiləri Qarabağdakı “tarixi” erməni abidələrinə ziyan vurulması ilə bağlı narahatlıqlarını bildiriblər.
Qurumun Mədəniyyət və Fövqəladə Hallar Təşkilatının direktoru Krista Pikkat müsahibəsində “Qarabağdakı xristian abidələrinin 2020-ci ildə baş verən müharibədən ciddi təsirləndiyini və məhv olma təhlükəsi ilə üz-üzə qaldığını” deyib.
Qarabağda yaşayan ermənilərin regionu tərk etməsinə də münasibət bildirən Pikkat bununla bağlı dərin narahatlıq duyduğunu ifadə edib.
YUNESKO rəsmisi Qarabağda yerləşən xristian məbədlərini və abidələrini ümumiləşdirərək, “qədim erməni arxitekturası” kimi qələmə verməyə çalışıb.
Xatırladaq ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərini işğal edən Ermənistan bəşəriyyətin ulu əcdadlarının beşiklərindən olan Azıx mağarasını hərbi sursat anbarına çevirib, amma YUNESCO susub. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub. 192 ziyarətgah, 144 məbəd, 67 məscid erməni təcavüzünün qurbanına çevrilib. Laçındakı Ağoğlan kilsəsi, Kəlbəcərdəki Xudavəng, Gəncəsər məbədinin albanlara məxsusluğunu göstərən elementlər silinib, erməniləşdirilib. YUNESCO sükutla qarşılayıb. YUNESCO-nun Azərbaycana qarşı ədalətsizlik nümayiş etdirməsi onun məkrli siyasətinin göstəricisidir. Şübhə yoxdur ki, YUNESCO bu gün Fransa tərəfindən idarə olunur, beynəlxalq təşkilat deyil. Yada salaq ki, YUNESCO-ya edilən müraciətlərə baxmayaraq, qurum rəsmi şəkildə müxtəlif bəhanələrlə yaxasını kənara çəkərək işğaldan azad edilmiş ərazilərdə ermənilərin milli-mədəni abidələrimizə qarşı etdikləri vəhşilikləri “görmək istəmədi.” İndi bu cür qərəzli yanaşmalarda yalnız erməni mənbələrin onlara ötürdüyü yalanlardan hazırlanır...
Fazil Mustafa
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, bu cür təşkilatlar artıq özlərini məhz bu açıqlamalarla ifşa edirlər: “İkili standartla məsələyə yanaşmaq olmaz. Əgər dağıdılıbsa, birinci növbədə məscid dağıdılıb. Xristian abidələrini də ermənilərin özləri dağıdıblar, çünki orada özlərindən başqa millət yaşamayıb. Yəni hansısa abidənin dağıdılıbsa, buna ermənilərin əməli kimi yanaşılmalıdır. Bu ərazilərdə 30 il ancaq ermənilər meydan sulayıblar. Azərbaycanlılar öz torpaqlarına yenidən qayıtdıqdan sonra bütün xristian məbədləri qorunur, bütün pravoslav, alban kilsələri, hətta Xankəndinin mərkəzində sonradan inşa edilmiş, son dövrlərin erməni kilsəsi belə hamısı qorunur. Yəni Azərbaycanın hər hansı bir şəkildə kilsə ilə savaşı yoxdur. Çünki mədəni xalqların başqa ölkələrin inanc dəyərləri ilə savaşı olmur, yalnız vəhşi xalqlar onun məscidini dağıdır, dəyərlərinə hücum edir. Bu baxımdan da YUNESCO-nun, ümumiyyətlə, 30 illik işğal dövründə hər hansı bir qərar qəbul etməməsi, faktaraşdırıcı missiya tələb etməməsi, bu missiya olaraq bu bölgəyə gəlib erməni vəhşiliklərini qeydə almaması və indi də erməni arxitektura adı ilə yeni bir yalanla Azərbaycana hücuma başlaması mənəviyyatsızlığın göstəricisidir və bu cür siyasi tərbiyə, mədəniyyət məsələsini gündəmə gətirir.
Abidəyə münasibət hansısa xalqa, dövlətə olan nifrətlə ölçülməməlidir. Bu, hamının irsi ola bilər. Onlar Azərbaycana nifrət edə, ona öz irqçi yanaşması ilə baxa bilərlər, amma abidəyə bir standartdan münasibət lazımdır. Əgər insansansa, hansı xalqa məxsus olursansa ol, vəhşilik etməməlisən, başqasının tarixi abidəsinə toxunmamalısan. Erməni bunu edibsə, erməninin adını demək lazımdır. Lakin bunu müasir dövrdə hansısa erməni arxitekturasının dağıdılması kimi qəsdən təbliğatda istifadə etmək, qeyd etdiyimi kimi, həm mənəviyyatsızlıq, həm də mədəniyyətsizlikdir. YUNESCO-nun da bu addımı erməniləri dəstəkləmək üçün qondarma siyasi məqsəd deyilən addımdır".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ