İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstanı Azərbaycanın dostu etmək mümkün olacaqmı?

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin Afina səfərinin yekunlarına olan ümidlər - rəy

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Yunanıstana rəsmi səfəri ölkələr arasında ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcını qoyub.

Səfər çərçivəsində Əmirbəyov Yunanıstanın yüksək rütbəli rəsmiləri ilə bir sıra mühüm görüşlər keçirib. Onların arasında Yunanıstan xarici işlər nazirinin müavini Aleksandra Papadopulu və baş nazirin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Thanos Dokos da olub. Hakim Yeni Demokratiya Partiyasından olan deputat, Yunanıstan parlamentinin Milli Müdafiə və Beynəlxalq Əlaqələr Daimi Komitəsinin üzvü Sofiya Vultepsi ilə də görüş keçirilib. Bundan əlavə, azərbaycanlı diplomat Yunanıstan Avropa və Xarici Siyasət Fondunun (ELİAMEP) nümayəndələri ilə danışıqlar aparıb.

Papadopulu və Dokosla danışıqlarda əsas mövzular ikitərəfli münasibətlər, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri və Ermənistanla Azərbaycan arasında davam edən münasibətlərin normallaşması prosesi olub.

Elçin Əmirbəyov həmçinin Yunanıstanın nüfuzlu “To Vima” qəzetinə müsahibə verib və bu müsahibədə siyasi dialoqun, o cümlədən 2024-cü ilin martında keçirilmiş ikitərəfli siyasi məsləhətləşmələrin bərpasından məmnunluğunu ifadə edib.

Müsahibədə iki ölkənin “xarici təsirlərdən azad” əlaqələri inkişaf etdirməyə dair razılaşmasına xüsusi diqqət yetirilib. Əmirbəyov açıq şəkildə bildirib ki, Ermənistan Yunanıstan-Azərbaycan münasibətlərinin hazırkı durumu ilə çətin ki, qane olsun: “Bir ölkənin digər ölkə ilə əla münasibətləri onun üçüncü ölkə ilə eyni münasibətlərə malik olmasına mane olmur”.

Onun sözlərinə görə, ölkənin həm Ermənistan, həm də Azərbaycanla eyni vaxtda yaxşı münasibətlər saxlaya bilməsi fikri Yunanıstanda getdikcə daha çox qəbul edilir.

Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov da Afinada olub və Yunanıstanın xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Haris Teoharislə görüşüb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər, enerji sektorunda əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıblar və bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslərin daha da inkişaf etdirilməsində qarşılıqlı maraqlı olduqlarını bildiriblər.

Yunanıstanı Azərbaycanın dostu etmək mümkün olacaqmı? 

Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." -  MÜSAHİBƏ

Əli Orucov

Siyasi şərhçi Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, Yunanıstan Azərbaycanın dövlət müstəqilliyini tanıyan və diplomatik münasibətlər quran ilk ölkələrdən biri olsa da, Afina ilə daha çox iqtisadi, ticari və enerji sahələrində sıx əməkdaşlıq edilir: "Yunanıstan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, Avropa İttifaqının, Avropa İttifaqının yeni qonşuluq siyasəti proqramı və NATO-nun fərdi tərəfdaşlığın fəaliyyət planı çərçivəsində də  Azərbaycanla əlaqələrə malikdir. Afina Azərbaycanın yaşıl enerji sahəsində qarşıya qoyduğu səmərəli və ambisiyalı hədəflərindən də yararlanmaq istəyir. Eyni zaman nəqliyyat-logistika, informasiya  kommunikasiya və yeni texnologiyalar, həmçinin mədəni sahələr üzrə də əməkdaşlıqda maraqlıdır. Azərbaycan təbii qazının Avropa bazarlarına çıxarılmasında da Yunanıstanın rolu var. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanla Yunanıstan arasında siyası münasibətlərin çox yüksək səviyyədə olmasını demək bir qədər çətindir”.

Əli Orucov dedi ki, bunun səbəblərindən biri Türkiyə-Azərbaycan qardaşlıq münasibətləri, biri Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə dəstəyi faktorudur. Eyni zamanda Yunanıstanın da Ermənistana dəstək verməsi zaman-zaman Azərbaycanı narazı salıb və salır: “Afina Ankara ilə zaman-zaman gərginlik içərsində olub. Hətta bu gərginliklər siyasi böhranadək inkişaf edib. Ankara ilə Afina arasında ərazi suları və adalarla bağlı mübahisələr var. Azərbaycanla Yunanıstanı Kipr məsələsində  əks mövqelər ayırır. Afina Kipri bütöv bir ölkə kimi tanıyır və dəstək verir. Oradakı türklərin fikrinə önəm vermir. Şimali Kipr Türk Cümhuriyyətinə beynəlxalq tanınmada ən böyük maneə kimi çıxış edir. BMT-nin sabiq baş katibi  Kofi Annandın Kiprlə bağlı planı da məhz Afinanın fəaliyyəti nəticəsində rədd edildi.  Yunanıstan hər vəchlə çalışır ki, bütün platformalarda adadakı türklərin maraqlarına əngəl törətsin. Təəssüf ki, buna da nail ola bilir. Bir müddət əvvəl Türk Dövlətləri Təşkilatında  təmsil olunan türk dövlətlərinin bəzilərinin Kiprin yunan kəsimində  səfirlik açmalarının təşəbbüskarı da məhz Afina olmuşdur. Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı Azərbaycanın qəti və prinsipial mövqeyi heç də Yunanıstanın ürəyincə deyil. Həmçinin Türkiyə-Azərbaycan əlaqələrinin ən üst səviyyədə olması və qardaşlığın daha da dərinləşməsi Afinanı narazı salmaya bilməz”.

Ekspertin sözlərinə görə, bütün bunları təhlil edərkən bir daha aydın olur ki, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Yunanıstana etdiyi işgüzar səfəri və keçirdiyi görüşlər hər iki ölkə arasında mövcud olan fundamental məsələləri tam həll edə bilməsə də iqtisadi, ticari və digər sahələrdə əməkdaşlığa müsbət impuls verər. Bunun üçün böyük potensial və geniş imkanlar var.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR