İnsanlara hürriyət, millətlərə istiqlal!

Yüksək maaş, üç aydan bir mükafat, imtiyaz və güzəştlər – ölüm hökmünü icra edənlərin “üstünlük”ləri  

Təxmini statistikaya görə dünyada 40 minə yaxın peşə var. SSRİ-də isə peşələrin sayı təxminən 6-7 minə çatıb və hər kəs öz bacarığına, arzusuna, marağına görə peşə seçimində sərbəst olub. Sovet dövründə qeyri-rəsmi adı “cəllad” olan bir peşə də olub ki, onların rəsmi vəzifəsi “ölüm hökmünü icra edənlər” adlanıb. Elə bu vəzifəyə də insanlar heç də məcburi deyil, könüllü gediblər. Bu könüllü seçimdə əsas maraq daha çox qazancdan irəli gəlib.

SSRİ-nin mövcudluğu dövründə məhkəmənin çıxartdığı ölüm hökmü güllələnmə ilə icra edilib. İcra ilə bağlı “NKVD”-də, daha sonra isə müvafiq qurumlarda bütöv bir aparat fəaliyyət göstərib. Struktura görə bu aparatda 4-5 nəfərlik komandalar olub ki, onlar birbaşa ölün hökmünü icra ediblər. 1937-1939-cu illərdəki kütləvi repressiyalar zamanı komandalar 5 nəfərdən ibarət olubsa, 1970-1980-ci illərdə komandaların əsasən 4 üzvü olub. Komandalara ölümün baş verməsini təsdiqləyən bir nəfər həkim, onu qeydə alıb rəsmiləşdirən bir nəfər prokurorluq əməkdaşı da daxil edilib.

1178499_original.jpg (112 KB)

SSRİ-nin ayrı-ayrı müttəfiq respublikalarında komandaların sayı fərqli olub. Estoniya, Latviya, Litva və Moldoviyada isə ölüm hökmünü icra edən komandalar olmayıb, yəni bu replikalara ölüm hökmünü icra edənlər üçün ştat vahidi ayrılmayıb. Bu respublikalarda güllələnməni icra etmək üçün “cəllad”lar digər respublikalardan ezam olunublar, yaxud da ölüm hökmünə məhkum olunanları başqa respublikalara aparıblar.

Ölüm hökmünü icra edənlər müvafiq qurumlarda digər vəzifə sahibləri kimi rəsmi işə qəbul olunublar, xüsusi rütbə daşıyıblar və dövlətdən maaş alıblar. Amma onların əmək haqları mövcud dövrdə digər dövlət orqanlarında işləyənlərdən daha çox olub.

Hər bir icraçı əməkdaş güllələməyə görə ayda 200 rubl maaş alıb. Bundan əlavə, onlara hər bir ölüm icrasına görə rəsmi olaraq əlavə pul verilib. İcraların sayından asılı olmayaraq əməkdaşlar hər rüb, üç aydan bir 150-170 manat pulla mükafatlandırıblar. Daha bir “üstünlük” isə ondan ibarət olub ki, güllələnmə içra olunan gün ölüm faktı təsdiqləndikdən sonra əməkdaşlar iş günündən azad olunaraq istirahətə buraxılıblar.

0003256997.jpg (139 KB)

Bununla yanaşı ölüm hökmünü icra edənlərə ildə bir dəfə sanatoriya və pansionatlara ödənişsiz göndəriş verilib. “Cəllad”ların özlərinin və ailə üzvlərinin ərzaq təminatı dövlət tərəfindən qarşılanıb. Onlar hər ay xidmət etdikləri qurum tərəfindən ərzaqla təmin ediliblər.

Ölüm hökmünü icra edənlərin daha bir üstünlüyü ondan ibarət olub ki, onlar digər rütbə daşıyanlardan fərqli olaraq 25 ildən sonra deyil, 15 xidmət ilindən sonra təqaüdə çıxmaq hüququna malik olublar.
Amma güllələnmə hökmünü icra edənlərdən bəziləri 15 xidmət ilini başa vura bilməyiblər, gündəlik olaraq gördükləri qanlı səhnənin ağırlığına tab gətirməyiblər. Eyni zamanda bu vəzifədən təqaüdə çıxanların da ömrü uzun olmayıb. “Cəllad”lar stress “atmaq” üçün əsasən spirtli içkilərdən istifadə ediblər. Hətta xidməti vəzifəsini icra edərkən spirtli içkilərdən istifadə edilməsinə rəhbərlik göz yumub.
Güllələnmə hökmünü icra edənlər xidmətə qəbul olunanda onlardan tutduqları vəzifə haqqında heç kimə məlumat verməmələri haqqında yazılı iltizam alınıb. Hətta əməkdaşların ailə üzvləri “evin kişisinin” nə işlə məşğul olması haqqında məlumatları olmayıb.

Uzun illər kütləvi informasiya vasitələrinə “cəllad”lar haqqında, onların peşə fəaliyyəti ilə bağlı hansısa bir yazını dərc etmək müyəssər olmayıb. Yalnız SSRİ-nin süqutundan sonra silsilə yazılarla “ağır” peşə sahiblərinin fəaliyyəti ictimaiyyətə təqdim olunub. Bu yazılarda ən məhsuldar “cəllad”ların adları da açıqlanıb. Məsələn, general rütbəsinə qədər yüksələn Vasili Bloxinin şəxsi işində onun 30 min nəfər, Pyotr Maqqonun 15 min nəfər, Sardion Nadaryanın 10 min nəfər, Jiqalyov qardaşlarının 18 min nəfər güllələnməsi qeyd edilib. Bu yüksək “göstəricilər”ə görə onların şəxsi işində dəfələrlə dövlət mükafatları ilə təltif olunmaları da yer alıb.

FD856DF8-7FD0-4906-8157-01D4F6DA032C.jpeg (69 KB)

Sonrakı araşdırmalar zamanı məlum olub ki, yüksək əmək haqqı alan, güzəşt və imtiyazlara sahib olan rütbəli “cəllad”ların heç bir maddi və məişət problemi olmasa da onların heç biri uzun ömür sürməyib. Mənəvi problemlər “cəllad”lara çox yaşamağa imkan verməyib. Tanınmış “cəllad”ların arxivlərdən çıxarılmış qovluqlarında onların əsas ölüm səbəbləri də bunu bir daha sübut edib. Stresslər sayəsində qazanılan ürək çatışmazlığı və hədsiz dərəcədə alkoqol qəbulundan qaraciyər serozu...

İlham Cəmiloğlu, Musavat.com

 

 

 

 

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR