Onlayn ictimai-siyasi qəzet
Fevralın 22-də Azərbaycanın fəxri, hamızın futboldakı qürur, ümid yeri sayılan “Qarabağ” növbəti şərəfli tarixini yaza bilər. “Köhlən atlar” Bakı vaxtı ilə saat 21:45-də Avropa Liqasının pley-off - 1/16 final mərhələsində meydana çıxacaq. Rəqib çox güclü, son Portuqaliya çempionu “Braqa” klubudur. Ağdam komandası bu mərhələni keçərsə, 1/8 mərhələsinə adlayacaq və Avropa Liqasının 16 ən güclü klublarından biri olacaq.
Müstəqillik illərimiz ərzində futbolumuzun belə önəmli, vacib oyunu heç zaman olmayıb. Belə ki, ilk dəfədir bir Azərbaycan klubu bu mərhələdə çıxış edir. Əslində “Qarabağ”ın iştirak etdiyi Avropa Liqasının qruplarından çıxması futbolumuz adına bir ilk idi və indi qalır növbəti ilkə imza atmaq... O da “Qarabağ”ın öz əlindədir. Bu şansı oynadığı oyunla öz yaradıb.
Əslində son bir həftədə, yəni “Braqa”nı məğlub etməsindən sonra bütün dünya mediasının manşetlərini “Qarabağ”ın bəzəməsi çox qürurverici idi. Komandamızın futbolu olmayan ölkədə “yoxdan var yaratdığını” hər kəs bilir. Bu şah əsərin müəllifi isə sözsüz ki, Qurban Qurbanovdur...
Qeyd edək ki, ilk oyunda təmsilçimiz 4-2 hesablı qələbə qazanıb. Bu səbəbdən azərbaycanlı azarkeşlərdə bir qədər arxayınlıq yaranıb. Lakin “Qarabağ”ı çalışdıran, əfsanəvi məşqçimiz Qurban Qurbanov ilk oyundan sonra fikirlərini Bakıda oyun öncəsi keçirdiyi mətbuat konfrasında da səsləndirib. O, qətiyyən arxayın deyil.
“Bizim üçün çox vacib və dəyərli oyundur. Bu oyun ətrafında çox da danışmaq istəmirəm. Fikrimizi tam rəqibə yönəltmişik”.
QOL.az xəbər verir ki, bu sözləri Qurbanov mətbuat konfransında deyib. O qeyd edib ki, "Braqa" haqda əlavə məlumata ehtiyac yoxdur: “Portuqaliyada da demişdim ki, ilk matçın nəticəsi bizi aldatmalı deyil. Əksinə, Bakıda daha səliqəli və intizamlı oynamalıyıq. Komandanı da sırf bu yöndə hazırlamağa çalışırıq. İnanıram ki, futbolçularım Bakıda daha istəkli, soyuqqanlı olacaqlar və daha düzgün oynayacaqlar. Sabaha kimi vaxtımız var. Rəqibi futbolçularımıza daha yaxından tanıdacağıq. Oyunu yaxşı notlarla başa vurmaq istəyirik. Şansımız varsa, bundan istifadə etməyə çalışacağıq.
Baş məşqçi komandada zədəli futbolçu olmadığını bildirib.
Q.Qurbanov “Braqa” rəhbərliyinin futbolçuların qarşısına Bakıda qələbə qazanmaqla bağlı tələb qoymasının gözlənilən olduğunu qeyd edib: “Başqa cür ola da bilməzdi. "Braqa" böyük klubdur, onların növbəti mərhələyə çıxmaq şansı daha çox idi. Məşqçi kimi bunu normal qarşılayıram. Psixoloji məsələyə gəlincə, rəhbərliyin fikri inanmıram ki, psixoloji təsir etsin. Biz “Braqa”nın gücünü bilirik. Məğlub olmaqları o demək deyil ki, biz onlardan üstünük, ya onlar bizdən zəifdir. Belə fikir bizdə yoxdur. Portuqaliyada da futbolçularla danışanda dedim ki, Bakıdakı matçda daha aktiv olmalı, daha çox güc sərf etməliyik ki, “Braqa”nı saxlayaq. Çox sürətli oyunçulara malikdirlər. Əksər rəqiblərə uyğun və xoş olmayan oyun tərzləri var. “Braqa”nın böyük təcrübəsi var. İllərdir ki, bu cür gərgin oyun oynayan komandadır. Biz özümüzü sırf oyuna hazırlamışıq.
“Qarabağ”ın çalışdırıcısı qeyd edib ki, bu cür oyunlarla həm futbolçuları, həm də futbol ictimaiyyəti böyüyür: “Belə durum yaranıb ki, Avropadakı istənilən oyundakı qələbə bizim futbol üçün böyük uğur sayılmalıdır. Çünki bu, bizim üçün çox vacibdir. Daha stabil olmaq üçün belə uğurlara çox ehtiyac var. Pley-off oyunlarında bu cür qələbələr futbolçuların və azarkeşlərin inamı üçün çox lazımdır. Belə oyunlarla futbol ictimaiyyəti böyüyür. Hamı bir yerə yığışır. Uğur da öz yerində. Mənim üçün vacib olan azarkeşləri bu cür oyunlara kökləmək və inandırmaqdır. Biz yanaşsaq ki, ən böyük uğurumuzdur, yerimizdə qala bilərik. Hər il bir addım irəli gedəndə, həvəsli, inamlı oluruq. İstər-istəməz nəinki azarkeşlər, hətta dövlət orqanlarının oyunlara marağı böyüyür. Bu da futbolumuzun inkişafı üçün yaxşıdır. Həmişə istəmişəm, bura böyük komandalar gəlsin ki, futbola və bizə maraq, inam daha da artsın. Bu, uğur sayıla bilər, amma bununla dayanmalı deyilik. Düzdür, hələ uğur əldə olunmayıb. Bəli, ilk oyunda qalib gəlmişik. Ancaq sabah uduzsaq da, bunu uğursuzluq adlandırmaq olmazdı. Çünki səfərdə udmuşuq. Demək ki, işimizi aktivləşdirsək, möhkəmləndirsək, qarşıdakı illərdə rəqiblərlə başabaş mübarizə aparmaq mümkündür”.
“Maraqlı oyun olacaq. Rəqibimiz çox güclü komandadır. Biz də matça ciddi hazırlaşmışıq. Şansları bərabər dəyərləndirirəm. İlk oyunda qazandığımız 4:2 hesablı qələbə heç nəyi dəyişmir”.
Bu sözləri isə “Qarabağ”ın futbolçusu Juninyo deyib. Juninyo qeyd edib ki, “Braqa” “Qarabağ”ın necə komanda olduğunu bilir: “Məncə, "Qarabağ" ilk oyunda “Braqa”nı təəccübləndirmədi. Onlar bizim necə komanda olduğumuzu bilirdilər, bizi tanıyırdılar və bizdən bu cür oyunu gözləyirdilər. Yəqin ki, “Braqa”nın sabahkı oyuna görə strategiyası olacaq və bunu görəcəyik".
Braziliyalı hücumçu Portuqaliya təmsilçisinin təhlükəli olduğunu bildirib: ""Braqa"nın Avropa Liqasına Çempionlar Liqasından gəlməyi onların təhlükəli olduğunu göstərir. Öz azarkeşlərimizin qarşısında oynamağımız önəmlidir. “Braqa” yaxşı komandadır. Buna diqqət yetirməliyik. Ümid edirəm ki, maraqlı bir oyun olacaq".
Juninyo “Qarabağ”a tez uyğunlaşdığını da qeyd edib: ""Qarabağ" uzun illərdir avrokuboklarda iştirak edir, Avropa təcrübəsi var. Tez bir zamanda bura uyğunlaşdım. Bunda məşqçi amili, oturuşmuş komanda faktoru var. İnanıram ki, azarkeşləri sevindirəcəyik".
Komandadakı abı-havadan da söz açan futbolçu rəqibin oyunçularının və baş məşqçisinin qələbə qazanacaqları haqda açıqlamalar verməsinin “Qarabağ”a təsir etmədiyini deyib: “Futbolçularımız oyuna kökləniblər. Komandamızda abı-hava yaxşıdır. İnanmıram ki, bu cür açıqlamalar bizə hansısa təsir göstərsin. Portuqaliyadakı oyun həm "Braqa" üçün, həm də bizim üçün çətin oldu. İnamlı qələbə qazandıq. Hər şey qarşılaşmadan asılı olacaq. Ümid edirəm ki, oyun bizim xeyrimizə başa çatacaq".
O, “Qarabağ” və “Braqa”nın mərhələ adlamaq şanslarını da dəyərləndirib: “Şansları 50/50-yə dəyərləndirirəm. Bura Avropa Liqasıdır, burada hər nəticə gözləniləndir. İlk oyunda 4:2 hesablı qələbə hələ heç nə demək deyil”.
“Qarabağ”la “Braqa” arasında keçiriləcək Avropa Liqası pley-off mərhələsinin cavab görüşündən öncə hər iki komandanın heyətində itkilər var.
Portuqalların heyətində kapitan Rikardo Horta və cinah müdafiəçisi Adrian Marin zədə səbəbindən heyətdə yoxdur. Onun yerinə Portuqaliya millisinin sabiq üzvü Bruma çıxış edəcək.
Ağdam təmsilçisinin heyətində isə Kevin Medina zədəli olduğu üçün oynamayacaq. Marko Veşoviç isə bir oyunluq cəzadan sonra heyətə qayıdıb.
Aqil Abbas: ""Braqa"nın bir oyunçusunun qiyməti "Qarabağ"ın büdcəsidir"
Futbolu yaxından izləyən deputat Aqil Abbas öncəliklə Q.Qurbanovun ehtiyatlı açıqlamalarına toxundu: “Qurban Qurbanov heç vaxt yekə-yekə danışmır. Bütün işləri görür, amma sadəliyini itirmir. Allah qoysa, bu mərhələni də keçəcəyik, özü də qələbə ilə. Heç bir narahatlığa gərək yoxdur. Amma yenə də deyirəm ki, Qurban özündən razı deyil, sadə bir oğlandır. Məhz belə açıqlamaları sadəliyindən irəli gəlir. Başqa məşqçilər kimi qışqırıb-bağırmır, hoppanıb-düşmür. Komandası qol vuranda da, qol buraxanda da eyni görkəmdə qalır. Qısacası, Qurban Qurbanovdan yoxdur. Allah Azərbaycana belə məşqçilər versin. Rəşad Sadıqovdan bunu gözləyirəm. Amma o, arada təmkinini pozur. Ona məsləhət görərdim ki, Qurbanın təmkinini öyrənsin”.
A.Abbas ilk oyunda əldə edilən 2 top fərqli üstünlükdən də danışdı: “Futbol hər şey demək deyil. "Braqa"nın bir oyunçusunun qiyməti “Qarabağ”ın büdcəsidir. Amma futbol ürək tələb edir. “Qarabağ”ın oyunçuları ürəklidir. Onları “köhlən atlar” deyil, “ayğır atlar” adlandırıram. Köhlən atlar uzaq məsafəyə gedən, yorulmayan atlara deyilir. Amma ayğır atlar ipə-sapa yatmayan, dəliqanlı, ağzı ilə od püskürən döyüş atlarıdır. Ayğır atlar təmiz başqa atlardır. Onların köhlən atlardan fərqləri var. Bu barədə geniş danışmaq istəmirəm. “Qarabağ”ın oyunçularını xeyli vaxtdır ki, “Qurbanın ayğır atları” adlandırıram".
Natiq Muxtarlı: ""Qarabağ" səhv etmədikcə, "Braqa" əsəbiləşəcək"
Tanınmış idman yazarı Natiq Muxtarlı “Braqa”nın bu oyunda tam fərqli oyun nümayiş etdirəcəyini düşünür: “Birmənalı mövqe odur ki, Bakıdakı 90 dəqiqə bitənə qədər "Braqa"nı ciddi, çox ciddi rəqib kimi qəbul etməliyik. Bu komanda həqiqətən də ciddi rəqibdir, səfərdə “Qarabağ”ın onlara 4 qol vurması kimisə yanıltmamalıdır. “Braqa” Çempionlar Liqasından gəlmiş komandadır. Portuqaliya çempionatının liderlərindəndir. Belə komandalar bir oyunda xaos yaşaya bilərlər. Amma sonrakı qarşılaşmada artıq tam fərqli komanda olurlar. Deməli, Bakıda tam fərqli “Braqa” görəcəyik. Onlar meydana bu düşüncə ilə çıxacaqlar: “Qarabağ” “Braqa”da 4 qol vurmağı bacarıbsa, biz Bakıda bunu niyə bacarmayaq. Bu qarşılaşmanın ilk 45 dəqiqəsi çox çətin olacaq. Portuqallar ilk dəqiqələrdən inanılmaz təzyiq edəcəklər. Onlar erkən qol vurmağa çalışacaqlar. Əgər ilk 45 dəqiqədə bunu bacarmasalar, ikinci hissədə daha çox açılacaqlar, böyük boşluqlar verəcəklər. Bu da “Qarabağ” üçün üstünlük olacaq. “Atlar”ın əsas işi müdafiədə səhv etməmək, təlaşlanmamaq olmalıdır. “Qarabağ” səhv etmədikcə, “Braqa” əsəbiləşəcək. Bu əsəbilik də tələskənliyə, onların səhv etməsinə şərait yaradacaq. Bundan sonrası isə asandır. Ümid edək ki, Qurban Qurbanov bu qarşılaşmanın “Braqa”dakından daha ciddi olduğunu futbolçularına aşılaya bilib. “Qarabağ”ın futbolçuları meydana tam məsuliyyətlə, rəqibə yuxarıdan aşağı baxış düşüncəsi ilə çıxmayacaqlarsa, onda mərhələ adlamaq şansı böyük olacaq. Qurban Qurbanovun açıqlamaları da məhz buna köklənib. O, rəqibi heç bir halda kiçiltmir, ehtiyatlı danışır, bununla da futbolçularını arxayınlıq sindromuna düşməkdən qorumağa çalışır. Hiss olunur ki, Qurbanov bu oyunun məsuliyyətini, əhəmiyyətini, çətinliyini tam dərk edir. Yəqin ki, bunu futbolçularına da ötürməyi bacaracaq. Məsuliyyətsizlik olarsa, fiasko yaşanar, tarixi fürsət əldən çıxar. Buna yol vermək olmaz".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ