Onlayn ictimai-siyasi qəzet
“Beynəlxalq münasibətlərdə Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və digərlərinin rolu böyükdür. Bunun ən bəsit nümunəsini biz pandemiya vaxtı gördük. Yetərli olmasa da, ÜST ən azından qərarların bir yerdə toplanıb dünya ilə paylaşılması baxımdan mühüm idi. Bu cür təşkilatların varlığı dünyada insanların bir arada yaşaması üçün lazımdır”.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan Milli Müdafiə Universitetinin rektor köməkçisi Nurettin Acır martın 4-də Bakıda keçirilən “Stratcom Public Forum” çərçivəsində “Daha ədalətli bir dünya mümkündür” adlı paneldə çıxışı zamanı deyib.
O bildirib ki, beynəlxalq münasibətlərdə ən başlıca problem bu təşkilatların yetərli fəaliyyət göstərməməsi və bütün insanlara ədalətli şəkildə münasibət göstərməmisidir:
“BMT təhlükəsizlik təşkilatıdır, ən təsirli birlikdir. 5 daimi, 190 qeyri-daimi üzvü var. Bu 190 qeyri-daimi üzvün edə biləcəyi bir şey yoxdur. Bu 5 daimi üzv 6-7 ola bilməzmi? Ölkələrin bir sıra təklifləri var. Türkiyənin də keçmişdən bəri vermiş olduğu təklifləri xatırlayaq.
Qeyri-daimi üzvlüklərin vaxtı uzadılsın, yaxud da onlardan da 5-6 səs istənilsin. Lakin bu cür təklifləri qəbul etmirlər”.
Nurettin Acır texnologiyanın dünyanın gedişatına təsirindən də danışıb:
“Bu gün dövlətləri və cəmiyyətləri dəyişdirən ən potensiallı şey texnologiyadır. Beynəlxalq münasibətlərdə təhsil, güc, hüquq və başqa şeylərin bu gün kəsişdiyi nöqtə yüksək texnologiyadır. Süni intellekt bu gün inqilab edir. Bunların hamısı insanın həyatını asanlaşdıran bir vasitədir. Texnologiyanın bu cür inkişaf etdiyi bir dövrdə daha ədalətli həyat qurmaq əlbəttə ki, mümkündür. Dünyadakı qaynaqlar paylaşılmalıdır. Dünyada insanların hamısına yetəcək qədər mənbə var. Təəssüf ki, bu qaynaqlar bərabər bölünmür. Əslində beynəlxalq münasibətlərdə bütün anlaşılmazlıqların xronik problemlərin təməl nöqtəsi bundadır: Dünyada hər kəsə yetəcək qaynaq olmasına rəğmən, ədalətli bölünmür. Buraya qida xərclərindən tutmuş, səhiyyə xərclərinə qədər bir çox şeyi aid etmək olar.
Türkiyə isə bu problemlərin həllində ədalət və hüzur coğrafiyasıdır. Bunun fərqində olaraq gücümüzü, qardaşlığımızı və bir arada olmamızı ən üst səviyyədə saxlamalıyıq.
İkinci Dünya müharibəsindən sonra dünyanı psixolojik baxımdan idarə edən yahudi soyqırımıdır. Belə bir soyqırım həyata keçirilib. Bununla bağlı xeyli sayda sənədli və bədii filmlər çəkilib. Yeni yüz ilin Holokostu isə Fələstində baş verir”.
Şahanə Rəhimli
Musavat.com
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ