Onlayn ictimai-siyasi qəzet
İsrailin müdafiə naziri İsrael Katz orduya qəzzalıların anklavı könüllü şəkildə tərk etməsinə icazə vermək üçün plan hazırlamağı əmr edib. Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
"Mən ABŞ prezidenti Donald Trampın cəsarətli planını alqışlayıram. Bütün dünyada olduğu kimi, qəzzalılara çıxış və immiqrasiya azadlığı verilməlidir. Plana quru keçidləri vasitəsilə çıxış variantları, həmçinin dəniz və hava yolu ilə çıxış üçün xüsusi tənzimləmələr daxil olacaq" - İsrailin müdafiə naziri bildirib.
Katz əlavə edib ki, o, istənilən qəzzalıya dünyanın onu qəbul edəcək istənilən yerinə getməyə imkan verəcək bir planın hazırlanması əmrini verib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra Qəzza zolağına nəzarəti ələ almaq planlarını açıqlamışdı. O hesab edir ki, Qəzza indi sadəcə olaraq yaşamaq üçün əlverişsizdir. Tramp orada qalan hər şeyi yerlə yeksan etməyi təklif edib və bunun üçün ABŞ anklavın sahibi olmalıdır. Onun sözlərinə görə, bütün fələstinliləri başqa ölkələrə, məsələn, İordaniya və Misirə köçürmək lazımdır. Tramp həmçinin "Yaxın Şərq Rivierası" yaratmaq istədiyini bildirib.
Mövzu ilə bağlı Musavat.com-a danışan politoloq Elxan Şahinoğlu qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Qəzzanın boşaldılması və yenidən qurulması ideyasının reallaşması perspektivi azdır:
"İsrail Qəzanı dağıdıb, bölgədə sağlam bina qalmayıb, geri qayıdan qəzzalıların harada yaşayacağı bəlli deyil. Qəzza yenidən qurulmalı və buna milyardlarla dollar xərclənməlidir. Əlbəttə, müxtəlif ölkələr Qəzzanın yenidən qurulmasına milyardlarla dollar yatırım ayıra bilərlər. Ancaq yatırım ayıracaq heç bir dövlətin təminatı yoxdur ki, gələcəkdə İsrail ordusu Qəzzada yenidən hərbi əməliyyat keçirməyəcək. Məsələ burasındadır ki, Həmas təşkilatı Qəzzada fəaliyyətini davam etdirəcək. Bu isə o deməkdir ki, gələcəkdə bölgədə yeni qarşıdurma olacaq.
ABŞ Prezidenti Donald Trampın Qəzzanın boşaldılması və yenidən qurulması ideyasının reallaşması perspektivi azdır. Çünki, fələstinlilərin evləri dağılsa belə, onlar Qəzzadan başqa yerə köçmək istəmirlər. Əgər Tramp fələstinlilərin müvəqqəti olaraq başqa yeri köçürüləcəyini və evləri bərpa edildikdən sonra geri qaytarılacağını söyləsəydi, buna hardasa razılaşmaq olardı Ancaq Ağ Ev sahibinin təklifi fərqlidir".
Xalidə Gəray
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ