İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni virus sürətlə YAYILIR: Ölüm riski olduqca YÜKSƏKDİR - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasından qonşu ölkələrə yayılan meymun çiçəyi virusu dünya səhiyyə ictimaiyyətini ciddi narahat edən yeni bir təhlükə kimi ortaya çıxıb. Virusun sürətlə yayılması nəticəsində Burundi, Keniya, Ruanda və Uqanda kimi ölkələr də bu təhlükə ilə üz-üzə qalıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu vəziyyətin ciddiyyətini nəzərə alaraq, son iki il ərzində ikinci dəfə qlobal ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan etməyə məcbur qalıb.

Bu addım virusun daha geniş yayılmasının qarşısını almaq və qlobal ictimai sağlamlığı qorumaq məqsədilə atılan vacib bir tədbir kimi qiymətləndirilir. Bu vəziyyətin inkişafı və onunla bağlı alınan tədbirlər, beynəlxalq səviyyədə sağlamlıq sistemlərinin hazırlıqlılığı və uyğunluğu baxımından mühüm əhəmiyyət kəsb edir.

Bəs meymun çiçəyi virusu nədir, nə dərəcədə riskli bir xəstəlikdir və bunun ölkəmizdə də yayılma irski nə dərəcədə çoxdur?

Məsələ ilə bağlı cərrah, tibb elmləri doktoru, professor Adil Qeybulla News24.az-a açıqlamasında bildirib ki, meymun çiçəyi ilk dəfə meymunlarda daha çox rast gəlindiyinə görə bu cür adlanıb:

“Əslində bu çiçək virusu qrupuna aiddir. Bu ilk dəfə 70-ci illərdə insanlara transfer edilməsi müşahidə olunub. Amma artıq son günlər bunun mutasiyaya uğramış variantının sürətlə yayılmasından söhbət gedir. Bu da artıq Ümumdünya Səhiyyə Təşkilatını narahat edir. Koronavirus pandemiyası göstərdi ki, belə intensiv epidemik ocaqlar xüsusi ictimai səhiyyə fövqəladə halı kimi dəyərləndirilməlidir ki, bütün imkanlar mobilizə olunsun və proses yerində lokallaşdırılsın”.

Professor qeyd edib ki, bu virus təbii çiçəyin dərmanları ilə, yəni antiviral dərmanlarla müalicə olunur. Onun sözlərinə görə, virusun geniş yayıldığı ərazilərdə karantin rejiminin tətbiq olunması mütləqdir:

“Həmin ərazilərə giriş-çıxış qadağan edilməlidir. Düşünürəm ki, epidemiya yayıla bilər, amma bunun qlobal bir pandemiya yaratma ehtimalı yoxdur. Koronavirus pandemiyası göstərdi ki, biz istənilən xəstəliyə hazırlıqlı olmalıyıq. Çünki virusların gedişi və hansı xəsətliklər yarada bilməsi bilinmir. Misal üçün, hava damacı yolu ilə bulaşan infeksiyaların daha geniş ərazidə yayılma ehtimalı çoxdur”.

Adil Qeybulla qeyd edib ki, hər kəs diqqətli olmalıdır, maarifləndirmə işləri artırlmalıdır ki, insanlar bilsin, hansı hallarda həkimə müraciət etmək lazımdır, ya yox. Hər bir virusa ciddi yanaşmaq lazımdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR