Onlayn ictimai-siyasi qəzet
İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İsrailə qarşı həyata keçirəcəyi əməliyyat barədə məlumat yayıb. İran mediasının yaydığı məlumata görə, SEPAH komandanı Hüseyn Salami yeni əməliyyatın adının “Həqiqi söz” olacağını bildirib.
Bu əməliyyat qısamüddətli, lokal olacaq, yoxsa Rusiyanın Ukraynada həyata keçirərkən nəzərdə tutduğu “qısa müddətli əməliyyat” kimi genişmiqyaslı müharibəyə çevriləcək? İsrailə qarşı Fələstinlə yanaşı, Livan və İranın da açıq müharibəyə başlaması nə dərəcədə realdır? Bütün bu proseslər region, o cümlədən ölkəmiz üçün hansı təhlükələr vəd edir? İsraillə müttəfiq, İranla qonşu olan Azərbaycan indiki vəziyyətdə hansı mövqe tutmalı, necə davranmalıdır?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, İranın İsrailə verəcəyi cavab Təl-Əviv tərəfindən şiddətli qarşılana və yeni bir müharibə başlaya bilər.
Onun sözlərinə görə, bu savaşın uzunmüddətli olma ehtimalı zəifdir: “İran-İsrail savaşının Rusiya və Ukrayna arasında mövcud münaqişə qədər uzun çəkəcəyi ehtimalı zəifdir. Savaş mümkündür. Ola bilər ki, İranın İsrailə verəcəyi cavab Təl-Əviv tərəfindən şiddətli qarşılansın və müharibə başlasın. Lakin bunun uzunmüddətli davam etməsi ehtimalı bir o qədər aşağıdır. Çünki həm İsrail, həm də İranın bir-birinə savaş münasibətində ehtiyatları o qədər də çox deyil. Məsələn, Rusiyanın Ukrayna qarşısında münaqişəni davam etdirmək üçün resursları var. Ukraynanın isə buna cavab verə bilmək imkanı məhz Qərbin dəstəyi ilə mümkündür”.
Z.Əmrəliyev deyib ki, İranla bərabər, Yaxın Şərqin proksi qüvvələri də İsrailə qarşı mübarizə apara bilər: “İran proksi qüvvələr vasitəsilə İsrailə qarşı savaşı davam etdirə bilər. Lakin hansısa bir dövlətin İsrailə qarşı İranla birgə münaqişəyə cəlb ediləcəyini düşünmürəm”.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın mövqeyi regionda sülh və əmin-amanlığın bərpası istiqamətindədir: “Hazırda xarici siyasətimiz bu yöndədir. Azərbaycana qarşı hər hansı bir təhdid olmadığı təqdirdə ölkəmiz bütün problemlərin Cənubi Qafqazda dialoq və sülhlə çözülməsinin tərəfdarıdır”.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ