İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni konstitusiya - Ermənistanın nicatı, xilası - ŞƏRH

Azərbaycan Qarabağı işğaldan azad etməklə Ermənistanın dövlət quruculuğuna çox böyük təkan verib. Məlum olub ki, bu ölkənin normal konstitusiyası belə yoxdur. Daha çox təcavüzkarlığı təşviq edən, qonşu dövlətlərə ərazi iddiası irəli sürən İrəvan mövcud sənədlə beynəlxalq hüququn normalarını pozur.

Fevralın 1-də ölkənin baş naziri Nikol Paşinyan “İctimai Televiziya”ya müsahibəsində əsas qanunun yarıtmazlığını bir daha bəyan edib. O bildirib ki, Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneədir: “Dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, müharibə olacaq və heç vaxt sülh yaranmayacaq”.

O, qonşularla münasibətləri inkişaf etdirmək, yaxşılaşdırmaq üçün ölkəyə yeni konstitusiya lazım olduğunu vurğulayıb.

Müstəqillik Bəyannaməsi İrəvanın Bakı və Ankara ilə münasibətlərinin normallaşması prosesində ən ciddi maneədir. Bu sənədi 1990-cı il avqustun 23-də o zaman ölkənin Ali Sovetinin sədri vəzifəsini tutmuş Levon Ter-Petrosyan imzalayıb. Yeri gəlmişkən, bəzilərinin ağız dolusu təriflədiyi, sonralar prezident olmuş bu şəxsin dövründə anti-Azərbaycan addımlarının əsası qoyulub.

Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında” Ermənistan Ali Soveti və “Dağlıq Qarabağın Milli Şurası”nın qərarı da əsas tutulur. Bundan başqa sənəddə 1915-ci ildə Osmanlı dövlətində “erməni soyqırımının” beynəlxalq səviyyədə tanınmasına nail olunması da vurğulanıb.

0f2cf1e6-fbd7-3ad7-8a24-167b8b9d.jpg (21 KB)

Azərbaycan və Ermənistanda eyni gündə - 1918-ci il mayın 28-də müstəqillik elan olunub. 1991-ci ildə Azərbaycan müstəqillik haqqında konstitusiya aktı ilə özünü AXC-nin varisi elan edib. Ermənistan isə o dövlətin demokratik ənənələrini inkişaf etdirməyi əsas məqsəd olaraq götürür. İrəvan 1918-ci ildə Azərbaycan torpaqları üzərində qurulan Ermənistan dövlətinin varisi olduğundan bəhs etmir. Çünki bu, indiki Ermənistanın ərazisini, sərhədlərini müəyyənedici, təyinedici başlıca faktordur. Ancaq iki ölkə arasında münasibətlərin normallaşmasının əsas hüququ bazası o dövrdən başlayır. Sovetlərin dövründən çəkilmiş xəritələr də işğala haqq qazandırmaqdır.

Ermənistanın himnində, bayrağında Türkiyə və Azərbaycana qarşı düşmənçilik yaymaqla yanaşı, həm də ərazi iddiası irəli sürülür. Ötən ilin mayında Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bu məsələyə toxunaraq ölkəsində ən hündür dağın Ararat (Ağrı dağı) deyil, Araqats olduğunu vurğulamışdı: “Ararat və Araqatsdan söz düşmüşkən, mən Ermənistanın suveren ərazisi olan və ya olmayan ərazilərdən danışıram. Araqat Ermənistanda, Ağrı dağı isə Türkiyədədir. Türkiyə ilə bizim dəqiq müəyyən edilmiş sərhədimiz var. O əlavə edib ki, Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazidir. Baş nazir daha sonra deyib: “Ermənistan həmin əraziyə iddia edərsə, Türkiyə bizimlə əməkdaşlıq edər? Əlbəttə, yox”.

129ce8db-6599-3074-864a-91d8bc92.jpg (39 KB)

O qeyd etmişdi ki, uşaqlar Ermənistanın ən yüksək dağını Araqats yox, Ararat adlandırırlarsa, bu, İrəvanın Türkiyəyə qarşı ərazi iddiaları olması deməkdir. N.Paşinyan bildirmişdi ki, belə halda Türkiyə Ermənistanın inkişafına kömək etməz və onu məhv etmək üçün hər şeyi edər: “İndi isə sual verirəm: Ermənistanda ən yüksək dağ hansıdır? Cavab: Araqats".

Ermənistan parlamentinin sədri Alen Simonyan da bu günlərdə konstitusiya dəyişikliyindən bəhs edərək dövlət himni və gerbinin gec-tez dəyişdiriləcəyini vurğulayıb.

İrəvan rəsmiləri mövcud konstitusiya və Müstəqillik Bəyannaməsinin Ermənistan dövlətinin mövcudluğuna mane olduğunu daha tez- tez etiraf edir.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən də Ermənistanın əsas qanununun dəyişməsi məsələsinə toxunub. Dövlət başçısı bildirib ki, İrəvanın Müstəqillik Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və onun ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da konstitusiyasında öz əksini tapıb. O vurğulayıb ki, hazırda qonşu ölkədə bu mövzuda müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.

93853466-d1a3-3e4e-bb38-b104f8b9.jpg (337 KB)

İrəvan rəsmilərinin çıxışlarına əsasən, belə qənaətə gəlmək olar ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh sazişi, müqaviləsi, sərhədlərin delimitasiya və demarkasiyasına başlıca maneə konstitusiyadır. Bu baxımdan İrəvanın rəsmi Bakını sülh sazişinin, müqaviləsinin imzalanmasını gecikdirməsində ittiham etməsi, özünü ictimai rəydə sülhsevər kimi göstərməyə çalışması saxtakarlıqdır. Çünki bu ölkənin qüvvədə olan konstitusiyası Azərbaycana qarşı müharibə aparmağa, ərazi iddiası etməyə əsas verir. Nikol Paşinyan və komandası konstitusiyaya zidd olaraq sülh və bu kimi mətləblərdən danışırlar. Bu da Ermənistan hakimiyyətinin götürdüyü öhdəliklərin icrasını mümkünsüz edir. Odur ki, Ermənistan hakimiyyəti bu qanuna əsaslanaraq Azərbaycanla əldə edilən razılaşmaları istənilən vaxt poza bilər.

Vacib məsələlərdən biri də beynəlxalq güclərin məsələyə laqeyd münasibətidir. Azərbaycanla Ermənistan arasında mütləq sülh sazişi, sülh müqaviləsinin imzalanmasını tələb edən, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasını, normallaşmadan bəhs edən, bu istiqamətdə rəsmi Ankara və Bakını az qala bu addımları atmağa məcbur edənlər ən vacib məsələyə qanun aliliyinə diqqət etmirlər.

7ad65f29-d408-3ccb-9cd5-a7eced21.jpg (75 KB)

Ermənistan üçün ali qanun Müstəqillik Bəyannaməsi əsasında yazılan konstitusiyadır. Bu əsas qanun 1995-ci il iyulun 5-də qəbul edilib. 2005-ci il noyabrın 27-də dəyişiklik olunub. 2015-ci il iyulun 15-də isə Konstitusiya islahatı üzrə Ermənistan prezidenti yanında xüsusi komissiya 20 il öncə qəbul olunmuş sənədə əlavə və dəyişikliklər edib. Ancaq heç birində Ermənistanın regionda pozuculuq fəaliyyətinə əsas verən məsələlərə diqqət yetirilməyib. Odur ki, beynəlxalq ictimaiyyət ilk növbədə rəsmi İrəvanı və havadarlarını Ermənistanda konstitusiya islahatının aparılmasına sövq etməsi vacib sayılır. Çünki reallığı əks etdirən qanun olmadan bütün cəhdlər nəticəsizi qala bilər. Mövcud sənədin yenidən yazılması tərəflər arasında etimad mühitinin yaranmasına da təkan verər.

Beləliklə, Azərbaycan bütün şərtləri və təklifləri ilə 1918-ci ildən sonra yarımçıq qalmış Ermənistan dövlətinin qurulması üçün yol göstərir: Yeni Konstitusiya yazın. Yeni əsas qanun həm də bu ölkənin niyyətini və maraqlarını özündə ehtiva edəcək. Çünki bu dövlət yanlış təməllər üzərində qurulub, Bu, rəsmi İrəvanın və havadarlarının mövqeyinə də aydınlıq gətirər. Necə deyərlər, cənab Paşinyan, saxta açıqlamalardansa, haydı, yeni konstitusiyanın yazılması üçün iş başına.

Sədrəddin Soltan,
Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR