İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni ilə ümidlərlə?..

 

Cari il hələ tamam bitməyib. Amma tezliklə Milad tətilləri başlayacaq. Bu vaxt isə bir qayda olaraq, ciddi siyasi və diplomatik qərarlar qəbul olunmur, belə ki, siyasətçilər və diplomatlar da bütün adi adamlar kimi vaxtlarını Milad küknarı ətrafında keçirməyə üstünlük verir, nəinki siyasi və diplomatik danışıqlar masası arxasında oturmağa.

Amma hətta bu bayram ərəfəsi günlərdə proqnozlar səngimək bilmir, Azərbaycan – Ermənistan sülh danışıqları barəsində ən müxtəlif fikirlər və mülahizələr səsləndirilir.

Erməni siyasətçiləri demək olar ki, hər gün müxtəlif “sülh təşəbbüsləri” ilə çıxış edir, hətta konkret tarixlər də söyləyirlər. Görünür, bu da onların yeni bir taktikasıdır – Qərb onlardan konstruktivlik, regional siyasətlərini dəyişmək üçün təşəbbüslər gözləyir və ermənilər də buna cavab olaraq, özlərini az qala, lap “sülh göyərçinləri” qismində təqdim etməyə cəhd edirlər.

Azərbaycana gəldikdə isə rəsmi Bakı sözünü bir dəfə deyib və birmənalı şəkildə bəyan edib ki, sülh sazişi imzalamaq üçün demək olar ki, heç bir maneə yoxdur, hər şey Ermənistanın nə qədər konstruktiv olmasından asılı olacaq və Bakı bu təqdirdə İrəvanla istənilən vaxt, hətta vasitəçilər olmadan belə sülh sazişi imzalamağa hazırdır.

ABŞ, Avropa İttifaqı və Rusiya da ən müxtəlif sülh təşəbbüslərilə çıxış edir, onlar da sülh sazişinin imzalanması üçün əsasən müxtəlif platformalar təklif edirlər. Amma bütün bunlara baxmayaraq, hələki konkret nəticə yoxdur – bəli, sazişin imzalanması yolunda ciddi maneə olmasa da, hələki hər hansı ortaq və rəsmi sənəd də yoxdur, hər şey söz və bəyanat səviyyəsindədir.

Məhz buna görə də siyasi müşahidəçilərin bir çoxu belə fikrə yönəlir ki, böyük ehtimalla problem növbəti ildə həllini tapacaq. Amma növbəti il bir daha deyirik ki, seçkilər ili olacaq – böyük geosiyasi müstəvidə ən müxtəlif səviyyəli seçkilər keçiriləcək, hərçənd, təhlilçilərin böyük əksəriyyətinin fikrincə, bu seçkilərin böyük əksəriyyəti mövcud siyasi konfiqurasiyaları dəyişməyəcək.

Əvvəlki yazılarda olduğu kimi, bir daha qeyd edirik ki, siyasi sürprizlər ABŞ-da ola bilər, belə ki, bir sıra sosioloji sorğulara görə, heç də C.Bayden yox, əksinə keçmiş prezident D.Tramp sorğularda liderlik edir. Siyasi analitiklər və hətta Trampın özü gizlətmir ki, onun seçilməsi qlobal geosiyasətdə çox böyük dəyişikliklərə gətirib çıxara bilər – prezident Donald Tramp olarsa, təkcə Ukrayna müharibəsi dayandırılmayacaq, hətta ola bilsin ki, NATO-nun özünün də taleyi sual altında olacaq...

Növbəti ildə Rusiyada da prezident seçkiləri olacaq. Amma onlar özlərində ABŞ-dakı seçkilər kimi ciddi qeyri-müəyyənliklər ehtiva etmir – aydındır ki, bu dəfə də prezident Vladimir Putin olacaq. Amma bu ölkədə də heç də hər şey “iki üstəgəl iki” kimi aydın və müəyyən deyil, çünki Putin özü də etiraf edir ki, onun ölkəsinin taleyi Ukrayna müharibəsinin nəticələrindən asılı olacaq. Düşünürük ki, elə V.Putinin özünün də siyasi, hətta insani taleyi də bilavasitə bu müharibənin nəticələrilə bağlıdır.

Siyasi təhlilçilər belə bir detalı da qeyd edirlər ki, növbəti ildə Ermənistanda da növbədənkənar parlament seçkiləri ola bilər, hərçənd, bu xüsusdakı xəbərlər hələ təsdiqini tapmayıb. Baş tutacağı təqdirdə bu seçkilər qonşu ölkənin həyatında ciddi siyasi dəyişikliklərə gətirib çıxara bilərmi? Düşünmürük. Ona görə ki, növbədənkənar parlament seçkiləri haqqında təşəbbüs ilk olaraq müxalifətdən yox, N.Paşinyanın özündən gəldi. Aydın məsələdir ki, əgər Nikol növbədənkənar seçkilər keçirməyə çağırırsa, deməli, özünə arxayındır və ondan ehtiyatlanmır.

Amma seçkilər müəyyən zaman tələb edir və bu vaxtlar adətən bir çox məsələlər təxirə salınır. Həm də bizə elə gəlir ki, sülh sazişinin imzalanmasını yalnız Bakı ürəkdən istəyir. İndiki ABŞ hökuməti çətin ki, seçki ərəfəsində erməni diasporunun dəstəyini itirmək istəsin...

Moskvada da gözəl başa düşürlər ki, əgər tezliklə saziş imzalansa, daha Rusiyanın “sülhpərvərlik missiyası”na demək olar ki, ehtiyac olmayacaqdır. Məhz buna görə də Moskva indidən işarə edir ki, sülhün təmin olunması üçün xüsusi, hətta “beynəlxalq mexanizmlər”ə ehtiyac var və ümid edir ki, bu missiya məhz ona həvalə olunacaq və bu yolla o, bölgədə qalacaq. Təsadüfi deyil ki, prezident Putin özünün növbəti illik hesabatında, hansı ki, dörd saatdan çox davam etdi və altmış yeddi sual cavablandırıldı, bir daha məhz Ermənistan hökumətini keçmiş Dağlıq Qarabağı Azərabaycanın hissəsi kimi tanımaqda qınadı. Əlbəttə ki, bu, ilk növbədə siyasi gedişdir – Rusiya hər şeyi Paşinyanın üstünə yıxmaq istəyir və məhz buna görə də hələki ona dözür. İkincisi, ruslar Dağlıq Qarabağdan getmək istəmirlər, çünki bu halda onlar Azərbaycanı tamam itirmiş olacaqlar, ona görə də onlar, necə deyərlər, gah nala vururlar, gah da mıxa...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR