İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni güc mərkəzi – TDT Türk dünyası üçün kollektiv immunitetə çevrilir

Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi etdi. Bu dəfə mədəniyyət paytaxtımız Şuşada. Hərçənd, Şuşa artıq həm də mühüm tarixi qərarların qəbul edildiyi bir siyasi mərkəzə çevrilməkdədir. Xüsusən də get-gedə daha sıx inteqrasiya xətti götürmüş Türk dünyası, Turan elləri üçün.

“Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev dünən Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı söyləyib.

İlham Əliyev bildirib ki, Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib.

“Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”, - dövlət başçısı vurğulayıb.

Diqqətçəkicidir ki, Prezident yuxarıdakı fikirləri çıxışının lap əvvəlində dilə gətirib. Bu da təsadüfi deyil və sözsüz ki, məsələyə rəsmi Bakının ayırdığı böyük önəmi, prioriteti göstərir...

Doğrudan da, TDT zamanla niyə də vazkeçilməz, sözü ciddiyə alınan qlobal güc mərkəzinə çevrilməsin ki. Hazırkı mürəkkəb və təlatümlü dünyamızda, o sırada Qərbdə getdikcə güclənən türkofobiya və islamofobiya fonunda və adi hal almış “ikili standartlar” dünyamızda, nəhayət, bitməyən erməni revanşist planları fonunda qlobal Türk güc mərkəzinin yaradılması xüsusilə vacibdir.

Bu, hər şeydən əvvəl Türk dövlətlərinin xarici təhdidlərə qarşı yeni, uğurlu və kollektiv immunitetinin yaranmasına gətirərdi. Kollektiv immunitet varsa, demək ki, Ailənin hər bir üzvünün ayrı-ayrılıqda güclü immuniteti də var...

Müasir dünyamızda hərbi, siyasi, iqtisadi, hərbi-siyasi birliklər və ittifaqlar az deyil. Lakin onların az hissəsi uğurludur. Nədən ki, vahid qurumda birliyi güclü edən əsas faktorlar - könüllülük, ortaq dəyərlər və maraqlar, milli-tarixi, etnik, dil-din ortaqlığıdır, inteqrasiya və inkişafa hamılıqla açıq olmaqdır. Bunların da hamısı Türk dövlətlərinə xasdır.

turk-dovletleri-teshkilati-dunyanin-yeni-guc-merkezi

Üstəgəl, zəngin və strateji əhəmiyyətli təbii qaynaqlar, nəhəng coğrafiya, əlverişli geosiyasi mövqe, logistika. Qalır bütün bu unikal üstünlükləri ağıllı şəkildə və uzaqgörənliklə, TDT-nin qardaş xalqlarının maraqları və rifahı naminə bir araya gətirmək...

Sevindiricidir ki, bu tarixi prosesin önündə, onun əsas təşəbbüskarı, lokomotivi qismində məhz Azərbaycan və onun lideri çıxış edir. Əlbəttə ki, qardaş Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğanla sinxron şəkildə, tandem olaraq. Təbii ki, təmənnasız-filansız.

Çünki təkrar edirik, Türk dünyasının siyasi, iqtisadi, hərbi cəhətcə qüdrətlənməsi onun hər bir üzvünün, o cümlədən Azərbaycanın daha da qüdrətlənməsi, çiçəklənməsi, xarici təzyiq və təhdidlərə vaxtında, müştərək və effektli dirənişi deməkdir. Bir-birinin gücünə güc qatmaq deməkdir. Malik olduğumuz təbii resursları, demoqrafik və digər resursları daha səmərəli şəkildə istifadə eləmək, qlobal sülh və təhlükəsizlik sistemində söz sahibliyi deməkdir. Obyekt yox, subyekt olmaqdır.

TDT ən gənc, perspektivli regional təşkilatlardan biri kimi bu potensiala artıqlaması ilə malikdir. Təşkilatda cəmi 6 dövlətin birləşməsinə rəğmən, onun iqtisadi, geosiyasi, hərbi potensialı, o cümlədən getdikcə böyüməkdə olan yerli hərbi sənayesi, qısası, güclü “sementləşdirici” komponentləri istənilən başqa təşkilatda qibtə yarada bilər. Əsas da elə budur – bünövrə möhkəmliyi! Kəmiyyət yox, keyfiyyət!

Hələ hər şey təzə-təzə başlayır.

Tanrı Türkü qorusun..

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR