İnsanlara hürriyət, millətlərə istiqlal!

Yenə leysan, yenə sel təhlükəsi...

Paytaxt təsərrüfatındakı nöqsanlar düzəldimi?

Noyabrın 4-dən Bakıda və Abşeron yarımadası da daxil, ölkə ərazisində yenidən güclü yağışların olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxtda bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu gecə 7-10° isti, gündüz 11-13° isti olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Axşama doğru əksər rayonlarda tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-15° isti, dağlarda gecə və gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Bəs konkret olaraq, paytaxt Bakı növbəti sel sınağına hazırdırmı? Ötən ay iki 2 nəfərin ölümü ilə nəticələnən güclü yağışlı havanın ağır fəsadlarından qaçmaq üçün gərəkən ön tədbirlər görülübmü? Paytaxt təsərrüfatındakı nöqsanlar aradan qalxıbmı? 

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) yeni təyin olunan mətbuat katibi Mətin Hüseynov bildirib ki, görüləcək işlər aidiyyəti qurumlar tərəfindən həyata keçirilməlidir: “Bizim müvafiq strukturlarımız onlarla daima əlaqə saxlayır. Koordinasiyalı iş aparılır. Lakin məsələlərin hansı formada həll edildiyini ən dəqiq bu qurumlar bilir”.  

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyir ki, yağış sularının kənarlaşdırılması üçün sistem işlək vəziyyətdədir: “Palçıqlı su sistemin yağış barmaqlıqlarını doldurur. Onun açılması, təmizlənməsi istiqamətində işlər həyata keçirilib. Təkcə şəhər küçələrini deyil, magistral əhəmiyyətli yolları da payız-qış fəslinə hazırlayırıq".  

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti hazırda qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirməkdədir. Əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Buna səbəb xətlər intensiv yağışlar zamanı həm yağış sularını, həm də tullantı sularını maneəsiz şəkildə daşıya bilsin: “ Eyni zamanda kanalizasiya nasos stansiyaları təftiş olunur, orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir. 

Bundan başqa, qış aylarında ən çox problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən don vurmalardır. Belə ki, vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. Tövsiyəmiz odur ki, həmin xətlər ya izolyasiya olunmalı, ya da torpaq altına keçirilməlidir. 

İstehlakçıların diqqətinə çatdırırıq ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Donvurmadan mühafizə tədbirləri kimi sayğacların üzərində isti materiallarında örtük və sayğacın quru ağac yonqaları ilə əhatə olunması tövsiyə olunur".

Elməddin Muradlı: “İndiki artım o qədər də fantastik bir məbləğ deyil,  sadəcə, 10 qəpik artım olub” Pravda.az

Elməddin Muradlı

Ekspert Elməddin Muradlı deyir ki, paytaxtda bu məsələdən məsul olan qurumlar hər il payız-qış mövsümünə hazır olduqlarını desələr də, bu, əməldə görünmür: “Bildirirlər ki, hər şeyə nəzarət edirlər, problem yaranarsa, qarşısı alınacaq. Lakin hər dəfə bir az artıq yağıntı olanda aləm bir-birinə dəyir. Qarlı havada mərkəzi küçələr təmizlənir, qalanları qalır. Pis nümunələr o qədər olub ki, adam inana bilmir ki, növbəti dəfə eyni şey yaşanmayacaq. Ona görə də yenə yağış yağarsa, ötən dəfə olduğu kimi, tunelləri su basmayacağına əmin deyiləm. Dəfələrlə yalan vədlər verilib. 

Şəhər təsərrüfatı ilə məşğul olanlar başa düşməlidirlər ki, söhbət insan həyatından gedir.  Bu məsələyə nə qədər ciddi yanaşılsa, o qədər yaxşı olar. Belə tendensiyalar dünyanın bir çox ölkələrində yaşanıb. Onlarda da sel daşqınları, təbii fəlakətlər olur.  Ancaq əksər ölkələr belə hadisələrə operativ reaksiya verir və vəziyyətə hazır olur. Bəla orasındadır ki, Azərbaycanda daha çox pis ölkələrin nümunələrini götürürlər. Söz verirlər, əməl etmirlər. Nəticə bəzən faciəyə gətirib çıxarır.

Yol infrastrukturumuz, su-kanalizasiya sistemimiz qaydasında olsa, bu cür problemlər yaşanmaz. Ortaya səmərəli və keyfiyyətli iş qoyulmur. Nəticədə faciələr baş verir. Şəhər təsərrüfatına müvəqqəti iş kimi yanaşırlar.

Qısa müddətdə hansısa dəyişikliyin baş verəcəyini gözləmək olmaz. Açıq şəkildə deyilir ki, Bakıda kanalizasiya sisteminin böyük bir hissəsi köhnəlib, illərlə təmir olunmayıb. Sovet dövründə necə olubsa, elə də qalır. Bunu qısa zamanda həll edə bilməyəcəklər. İnfrastruktur düzgün qurulmayıb, şəhərsalmaya nəzarət olunmur.  Binalar tikilir, kanalizasiya xətləri yüklənir , yollar təmir olunub, lakin yağış sularını idarə etmək üçün sistem qurulmayıb.  Yağış sularını kanalizasiya borularına yönləndirirlər. Bu, qanunla qadağandır. Yağış sularının ayrıca axın sistemi olmalıdır. Onlar anbarlara doldurulmalı, texniki su kimi istifadə olunmalıdır. Bunun nə vaxt ediləcəyi bəlli deyil. Kanalizasiya xətti o qədər yüklənib ki, kollektorların vurduğu suyu çəkə bilmir, geri qayıdır.  Bu sistem illərlə qurulmayıbsa, qısa müddətdə həll edilə bilməyəcək. Biz real vəziyyəti dəyərləndirməliyik.  

Normadan artıq yağış yağsa, həyatımız üçün yenə risk var. Sadəcə, vətəndaşlara deyirlər ki, diqqətli olun, başınızın çarəsinə baxın".  

Şahanə RƏHİMLİ,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR