İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeganə Abbasova: “Donor olmaq üçün şəxsin özü..."

“Donor olmaq üçün şəxsin özünün könüllü razılığı olmalıdır”.

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib.

Y.Abbasova qeyd edib ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun 18-ci maddəsinin 2-ci bəndinə əsasən, 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır:

“Canlı donor olmaq istəyən 18 yaşına çatan şəxs zəruri olan bütün yoxlamalardan keçməli, müvafiq analizləri verməlidir. Eləcə də, Koordinasiya Mərkəzinə həkim komissiyasının şəxsin donor ola biləcəyinə dair rəsmi rəyi verilməlidir. Qeyri-spesifik, kəskin və yaxud da xroniki problemi olan şəxslər donor ola bilməzlər”.

Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri həmçinin bildirib ki, bəzi infeksion-virus mənşəli xəstəliklərdən əziyyət çəkənlər – sifilis, QİÇS və digər onkoloji, qan xəstəlikləri olan insanlara donor olmaq qadağandır və orqanlarda heç bir patologiya yoxdursa, köçürülmə baş tuta bilər”.

4a1a97f2-919f-47d6-a5ec-9df73b224963 (1).jpeg (122 KB)

Y.Abbasova həmçinin qeyd edib ki, bu gün Mərkəzə orqan transplantasiya ilə bağlı daxil olan müraciətlərdən 400-dən çoxu məhz böyrək köçürülməsi ilə bağlıdır:

“Böyrəklə bağlı müraciətlərin çoxluğu tək Azərbaycanda deyil, bütün ölkələrdə belədir. Azərbaycanda ikinci sırada sümük iliyi transplantasiyası ehtiyacı olan qan xəstələridir. Belə ki, həmin şəxslərin sümük iliyi transplantasiyası əməliyyatına ehtiyacları var. Qaraciyər transplantasiyası əməliyyatına ehtiyac duyan xəstələrin sayı da kifayət qədərdir. Bundan əlavə, Mərkəzə ağciyər, ürək, gözün buynuz qişası kimi orqanların transplantasiyası əməliyyatına ehtiyac duyan şəxslər də müraciət etməkdədir”.

Y.Abbasova hazırda orqan transplantasiyası üzrə donor gözləyən xəstələrin sayının 1000-ə yaxın olduğunu bildirib.

Canlı yayımda Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova onu da bildirib ki, beyin ölümü keçirən şəxsin yaxınları ilə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin əməkdaşları tərəfindən görüş keçirilib, lakin şəxsin ailə üzvləri yaxınlarının orqanlarının transplantasiya məqsədi ilə götürülməsinə razılıq verməyiblər:

“Bu səbəbdən həmin orqanlar donor orqanları kimi istifadə oluna bilməyib. Lakin, bu halların baş verməsi ölkənin gələcək səhiyyə sistemində meyitdən donor kimi istifadə edilməsinə əngəl deyil. Bu kimi halların aradan qaldırılması üçün Mərkəzimiz daima maarifləndirmə tədbirləri həyata keçirir. Düşünürük ki, səylərimiz nəticəsində insanların təfəkküründə ciddi dəyişikliklərə nail olacağıq”.

Hər nə qədər xoş tərəfindən yanaşsaq da, unutmamalıyıq ki, 2024-cü ildə hələ də ölkəmizdə bunun tətbiq olunmaması, qanunvericilik və tibb məsələsindən çox həm də, cəmiyyətin buna yanaşması ilə əlaqədardır. Məsələyə bütün aspektlərdən baxdıqda görürük ki, xeyirxah əməl sayılsa da, hələ də bunun ölkəmizdə olmaması hər birimizi düşündürməlidir.

Biz bunu Türkiyə təcrübəsində də görürük. Orda ailələr vəfat edən doğmalarının orqanlarının bağışlanmasına, bir insanın həyatını xilas etməyə çalışırlar. Əminəm ki, yaxın gələcəkdə qeyd edilən məsələdə həmrəyliyə nail və bunun şahidi olacağıq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR