Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin 26 iyul-11 avqust tarixlərində Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunları yekunlaşdı. Azərbaycan Milli Olimpiya Komandası XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı ilə 15 idman növü üzrə təmsil olundu. Bu, Azərbaycanın Olimpiya oyunlarında idmançı sayının 2020-ci il olimpiadasında baş verən eniş tempindən sonra artımı idi. Azərbaycanı son olaraq 2020-ci ildə 44 idmançı təmsil eləmişdi. Bu dəfə komandanın heyətində 48 idmançıdan 19-u qadın idi. Bu da Azərbaycanın Olimpiya oyunları tarixində ciddi uğur idi. Bundan əvvəl 2020-ci ildə baş tutan turnirdə Azərbaycanı cəmi 16 qadın idmançı təmsil edirdi. Azərbaycan 2020-ci ildə Olimpiya oyunlarında idman gimnastlarının və velosipedçilərin turnirlərində təmsil olunsa da, bu dəfə heç bir idmançı bu idman növləri üzrə vəsiqə qazana bilmədi. Əvəzində Azərbaycanı Olimpiya oyunlarında birinci dəfə 3x3 basketbolçular və batut gimnastları təmsil etdi. Azərbaycan yığmasının heyətində ən çox güləşçilər - 12 nəfər və cüdoçular - 9 nəfər yer aldı. Komandanın heyətində 48 idmançıdan 29 nəfəri Olimpiya oyunlarının debütantı idi. Olimpiada təcrübəsi olan 24 idmançıdan 6 nəfəri isə bundan əvvəl turnirdə medallara da sahib olmuşdu. Komandanın heyətində yer alan idmançılardan biri son Dünya çempionu, dördü isə son Avropa çempionu idilər. Cüdoçu Hidayət Heydərov isə həm Dünya, həm də son Avropa çempionu olaraq olimpiada da mübarizə apardı. Ümumi olaraq Azərbaycan Milli Olimpiya Komandasının heyətində yer alan 18 idmançı Dünya və Avropa çempionu idilər.
Nəticədə Azərbaycan Milli Olimpiya Komandası Paris Olimpiadasını 7 medalla (2 qızıl, 2 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev final görüşündə qələbə qazanaraq Paris Olimpiadasının qalibi oldu. Taekvondoçu Qaşım Maqomedov həlledici görüşdə zədə səbəbilə məğlub olaraq olimpiadanın gümüş medalına sahib oldu, yunan-roma güləşçisi Həsrət Cəfərov isə Paris Olimpiadasını bürünc medalla başa vurdu.
Qüdrət Həsənquliyev
Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev Paris Olimpiadasının nəticələri ilə bağlı Xalqcebhesi.az saytına açıqlamasında maraqlı fikirlər səsləndirib. Deputat deyib ki, gözləntilərimiz daha böyük idi, amma buna da şükür: “Mən qalibləri, onların məşqçilərini, Olimpiya Komitəsinin üzvlərini təbrik edirəm, daha böyük və yeni-yeni uğurlar arzu edirəm. Onu da qeyd etməyi özümə borc bilirəm ki, hökumət dövlətin idman siyasətinə yenidən baxmalıdır. Federasiya prezidentləri mərkəzi icra hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin rəhbərləri olmamalıdır. Onlar öz işləri ilə məşğul olmalıdır. Legionerlərin milliləşdirilməsi təcrübəsinə son qoyulmalıdır. Olimpiadada bizi təmsil edən milliləşdirilmiş idmançıların sayı soydaşlarımızdan dəfələrlə çox idi. Bu reallıq ölkəmizdə idmanın inkişafının göstəricisi sayıla bilməz. Federasiya rəhbərləri milliləşdirilmiş idmançılardan tələb etməlidir ki, ən azından kurslara yazılıb dövlət dilində bir neçə kəlmə deməyi, öz azarkeşlərinə təşəkkür etməyi, yaxud onlardan üzr istəməyi öyrənsinlər. Çoxlarına bu kimi məqamlar çox kiçik görsənsə də, azarkeşlərdə narazılıq yaradır. Biz özümüz idmançı hazırlamalı, uşaq idmanının inkişafı üçün dövlət proqramı qəbul etməliyik. Vəziyyəti dəyişmək üçün ciddi qərarların qəbuluna ehtiyac var. Bir daha bizə böyük sevinc yaşatmış qalibləri, onların ailə üzvlərini təbrik edirəm”.
Fazil Mustafa
Milli Məclisin VI çağırış deputatı Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Olimpiya oyunlarında bir sıra ölkələrlə müqayisədə Azərbaycanın uğur qazandığını söyləmək olar: “Bu, müsbət bir nəticə olaraq görülə bilər. Bəzən gözlədiklərimiz baş vermir. Amma iki qızıl medal, gümüş və bürünc medalların olması sevindiricidir. Bu, müsbət dəyərləndirilə bilər. Olimpiya qarşımıza müəyyən dərsləri çıxardı. Bu dərslər nədən ibarətdir. Bizdə uşaq idman strukturunun olmaması, yaxud da effektli olmaması məsələsini gündəmə gətirdi. Elə sahələr var ki, orada idmanı kütləviləşdirsən, onun içindən daha böyük potensial ortaya qoymaq mümkün olacaq. Stadionların sayı, əlçatanlığı çoxalmalıdır. Üzgüçülük hovuzlarının əlçatanlığı çoxalmalıdır. İdman kompleksləri daha şəffaf, açıq formada gənclərin ixtiyarına verilməlidir. Güləş kimi populyar idman növünün Azərbaycanda genişlənməsinə imkan yaradılmalıdır. Elə ailələr var ki, qabiliyyətli uşaqdır, ailəsinin imkanı yoxdur inkişaf etdirməyə. Məktəb şəbəkəsi bütün bölgələrdə daha çox genişlənəndə bu sahədə də idmançıların sayı çoxalmış olur. Avarçəkmədən tutmuş digər sahələrə qədər bir çox məsələlərdə irəliləyiş əldə etmək olar. Misal üçün, gimnastikada yaxşı bir heyəti çıxarmağımız bəyənildi. Bizdə çox da inkişaf etməmiş sahə də olsa, amma son illərdə xüsusilə bu sahədə çox ciddi irəliləyişlər əldə olundu. Artıq beynəlxalq səviyyədə Azərbaycanın təmsilçiliyi özünü göstərməyə başladı. Xüsusilə də bir az ənənəvi olmayan idman növlərində azərbaycanlı idmançıların sayının çoxalması da sevindiricidir. Əvvəllər burada başqa millətlərə məxsus insanların adını görürdük, amma Azərbaycan əsilli idmançıların sayının çoxalması çox vacibdir. Misal üçün, boks kimi populyar bir idman növündə daha böyük uğurlar qazanmaq imkanımız vardı. Hər halda biz bir az Özbəkistanın, Qazaxıstanın idman infrastrukturunun necə dəyişməsi ilə bağlı təcrübəni də ciddi şəkildə öyrənməliyik. Onların hansı irəliləyiş əldə etdiyini görməyə başladıq. Söhbət bir toplumun qabiliyyətindən getmir, söhbət imkanlardan gedir. Yaradılan imkan geniş olanda kütləvilik də artır, o sahəyə də meyllənmə çox ciddi şəkildə olur. Bu baxımdan müəyyən məsələlər üzərində düşünməliyik. Olimpiadanın nəticələri ciddi təhlil olmalıdır, boşluqlarımız haradadır, onları görməliyik”.
Aqil Abbas
Milli Məclisin VI çağırış deputatı Aqil Abbas da bizimlə söhbətdə mövzuya münasibət bildirib: “Sevincliyəm ki, iki qızıl, iki gümüş, üç bürünc almışıq. Bu bizim qələbəmizdir. Əliboş gəlməmişik. Buna sevinməliyik, vəssalam”.
Qeyd edək ki, ötən gün Fransanın paytaxtı Paris şəhərində XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. “Stad de Frans” stadionunda təşkil edilən tədbirdə əvvəlcə açılış mərasiminin ən yaddaqalan anlarının yer aldığı videoçarx nümayiş olunub. Daha sonra meydanın mərkəzində dünya xəritəsi formasında hazırlanmış səhnəyə ölkələrin nümayəndə heyətləri daxil olublar. Ölkələrin rəsmi paradında Azərbaycan Bayrağını olimpiadanın gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedov və bədii gimnastika üzrə yarışda 5-ci yeri tutan Azərbaycanın qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova dalğalandırıblar. Ardınca Paris Olimpiadasının son mükafatlandırma mərasimi baş tutub. Qadınlar arasında marafonun qalibləri fəxri kürsüyə dəvət olunublar. Niderlandlı Sifan Hassan qızıl, efiopiyalı Tiqst Assefa gümüş, keniyalı Hellen Onsando Obiri isə bürünc medala layiq görülüblər. İdmançılara mükafatları Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax və Beynəlxalq Atletika Federasiyasının prezidenti Sebastyan Kou təqdim ediblər. Tədbirin bədii hissəsindən sonra Tomas Bax və “Paris-2024" Yay Olimpiya Oyunlarının təşkilat komitəsinin rəhbəri Toni Estanqe çıxış ediblər. Olimpiadanın rəsmi himni səsləndirildikdən sonra Olimpiya bayrağı endirilərək, yarışın növbəti təşkilatçı ölkəsi olan ABŞ-a ötürülüb. Bayrağı Los-Anceles şəhərinin meri Karen Bas qəbul edib. Daha sonra tanınmış aktyor Tom Kruz bayrağı götürərək arenanı tərk edib. Ardınca "Los-Anceles-2028" Yay Olimpiya Oyunlarının tanıtım videosu yayımlanıb. Sonda isə olimpiya məşəli söndürülüb və dördilliyin ən nüfuzlu idman yarışına yekun vurulub.
Azərbaycan indiyədək iştirak etdiyi Olimpiya oyunlarında ən yüksək nəticə göstərib - 28-ci yer. Müqayisə etsək, digər oyunlardan daha yüksək nəticə əldə olunub.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ