İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxşı olmağın resepti - Zamin Hacı YAZIR...

 

Qadının dünyadakı əsas funksiyasının ərinə qulluq və uşaq doğmaq olduğunu söyləyən bütün radikal fanatiklər birdən-birə, türkün sözü, duyğusal olmuşdular. “Hər şey yaxşı olacaq” deyərək son nəfəsində belə insanlara nikbinlik aşılayan o gənc stüardessa qızımız üçün timsah göz yaşı axıdırdılar.

Bəs nə oldu, qadınlar erkəklərdən daha aşağı potensiala malik idi? Daha gücsüz idi? Vaxtaşırı şərq-müsəlman qadını üzərində xarabalıq bayquşları kimi ulaşan o tiplərin hansında Hökumənin cəsarəti var?

Əlbəttə, biz “sürüklənən bəşəriyyət qadınla yüksələcək” (Hüseyn Cavid) misrasını yazmış böyük insanla eyni dilin, eyni xalqın adamlarıyıq və bununla fəxr edirik. Bu da bizə optimist olmağa həmişə əsas verir. Lakin vaxtaşırı bayquşların da ağzını yummaq lazımdır.

Hələ bu gənc qızın universitetin hüquq fakültəsinə yüksək balla qəbul olduğunu oxuyanda şəxsən mən mədəni şok keçirtdim. Buyur. Xidmət sektorunda çalışan zəhmətkeş insanlara yuxarıdan aşağı baxan toplum da var. (Yazmıram harda, özünüz bilirsiniz). Məsələn, onların nəzərinə görə təyyarə bələdçisi olmaq üçün müəyyən xarici gözəllik-filan bəs edir. Hələ bu cür peşələri ələ salanları, pis yanaşanları demirəm. Ancaq adam yüksək bilikli hüquqşünas çıxır. Bəlkə daydayı, müəyyən anlarda kiməsə yarınmağı, yaltaqlığı olsa indi prokuror köməkçisi, vəkil, hakim də işləyə bilərdi.

Uzun sözün qısası, uca millətimizə yazmaq istəyirəm ki, qız uşaqlarını UZİ aparatlarında aşkara çıxarıb soyqırıma uğratmayın. Qızlarınızı da oğlanlarınız qədər sevin, dəstəkləyin, dayaq olun. Qadına kölə gözüylə, “şumlamaq üçün tarla” kimi, ikinci dərəcəli məxluqat kimi baxmayın, qadını əzməyin, alçaltmayın. “Hər şeyin yaxşı olmasını” doğrudan da istəyirsinizsə... Riyakarlıq dərhal aşkara çıxır, bunun üçün cəmiyyətin “qara qutusunu” açmağa ehtiyac yoxdur.

Bir rusdilli deputatımız da təyyarə qəzası zamanı “qəzaya uğradı”. Bütün şüurlu-şüursuz həyat və yaradıcılığı boyunca bir dəfə imkan düşmüşdü, çörəyini yediyi dövlət üçün çıxış yapa bilərdi, lakin jurnalistlər onu tapa bilmədilər. “Xəstə imiş”. Guya bundan nəsə kəskin açıqlama-zad umanlar varmış. Barı quru başsağlığı versə, yüngülvari kədərləndiyini göstərsə... Hətta bundan da qorxub. Özünü ölmüşlüyə vuranlar həqiqətən ölənlərdən daha faciəlidir. Allah kəssin elə yaşamağı...

Ümumiyyətlə, fikir vermisinizsə, bizdə elə adamlar var, Rusiyanın müdiri üzr istəyəndən sonra da Rusiyanın günahsız olduğunu deyir. İşğal edilən, başına bomba yağan günahsız Ukraynanı deyil, işğalçı Rusiyanı tərifləyirlər, onun tərəfində dururlar. Bu nəyin nəticəsidir? 200 illik müstəmləkə siyasətinin, tükənməyən repressiyaların, “37-ci illərin”? Ya da hamısı bir yerdə.

Xruşşovun SSRİ rəhbərliyinə keçdiyi vaxta aid bir əhvalat var, doğrusu, bunun nə qədər həqiqət olduğunu bilmirəm, ancaq çox ibrətamizdir. Xruşşov partiyanın (Sov.İKP) qurultayında Stalin dövründəki işgəncələrdən danışır, xalqa divan tutulduğunu və sairəni söyləyir, bunu pisləyir. Bu zaman yerdən, salondan imzasız kağız alır, açır, görür kağızda yazılıb: “İndi dediklərini o zaman niyə demirdin? O zaman sən özün harda idin?” Xruşşov qəzəblənir, üzünü salona tutur: “Bu sözləri kim yazıb, ayağa dursun?!” Təbii ki, heç kəsin cınqırı çıxmır. Xruşşov deyir: “Bax, indi siz hardasınızsa, həmin dövrdə mən də orda idim”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR