İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərq real sülhə nə qədər yaxındır?..

 

Bilmirik, Donald Tramp bundan sonra nə edəcək, amma hələ səlahiyyətlərini icra etməyə başlamazdan, and içməmişdən öncə o, Yaxın Şərqdəki proseslərə ciddi təsir edə bildi, “Sülh olmasa cəhənnəm olacaq!” deyəndən sonra İsrail və HƏMAS tələsik sülh və atəşkəs haqqında ilkin razılığa gəldilər, baxmayaraq, bu xüsusda müzakirələr, danışıqlar artıq çoxdan gedirdi, ən başlıcası isə, yekun razılıqdan danışmaq hələ çox tezdir.   

Amma nəniki adi siyasi müşahidəçilər, hətta ciddi siyasi təhlilçilər belə İsrail-Fələstin müstəvisindəki son sülh razılaşmalarını daha çox Trampın son bəyanatları ilə bağlayırlar.

Burada mühüm bir detal var ki, gərək, onu mütləq qeyd edək. Söhbət ondan gedir ki, bu müharibə təkcə özünün uzun müddətliyilə (unutmayaq ki, ən çox yadda qalan ərəb-İsrail müharibələrindən biri, özü də region və eləcə də dünya üçün çox böyük problemlər yaradan müharibələrdən biri cəmi altıca gün çəkmişdi, amma onun nəticələrinin aradan qaldırılması, nə az, nə də çox, Nobel mükafatı ilə müşayiət olunmuşdu!) fərqlənmədi, həm də onunla seçildi ki, nəinki İsrail-ərəb müharibəsinə çevrilmədi, onu həm də “tipik İsrail-Fələstin müharibəsi” də adlandırmaq olmur, çünki baxmayaraq, müharibə uzun müddətdir davam edir, hələ də, səhv etmiriksə, Fələstin Muxtariyyəti (Qəzzadan kənardakı) istiqamətində bir güllə belə atılmayıb, savaş İsraillə terrorçu HƏMAS və Hizbullah arasında gedir.  

Ona görə də bir daha konstatasiya etmək lazım gəlir ki, bu, heç də Fələstin-İsrail müharibəsi deyil, üstəgəl, əvvəlki müharibələrdən fərqli olaraq o, klassik ərəb-İsrail müharibəsi də olmadı, əlbəttə, əgər Livanla hərbi toqquşmanı, bu ərazidə İsrailin həyata keçirdiyi anti-terrorist əməliyyatları nəzərə almasaq! Amma elə Livanda da müharibə İsraillə terrorçu, iranyönümlü Hizbullah arasında gedir.

Hazırda İsraillə ərəb dövlətləri arasında normal, daha doğrusu, dözümlü və təmkinli münasibətlər hökm sürür.

Təl - Əviv tədricən ərəb ölkələrilə normal münasibətlər qurur, hətta ümid edilir ki, əsas ərəb dövlətərindən biri – Səudiyyə Ərəbistanı ilə də normal əlaqələrin bərqərar olacağı gün uzaqda deyil.

Hiss olunur ki, bu istiqamətdə Ər-Riyadla təmaslar yaratmağa cəhd edilir. Maraqlıdır ki, elə Trampın da andiçmədən sonra ilk telefon açdığı xarici ölkə də deyilənə görə, Səudiyyə olubdur.

Həqiqətən də ərəb dövlətlərinin İsraillə hətta siyasi-diplomatik münasibətləri kəsmək, bu ölkənin mövcudluğunu belə qəbul etməmək haqqındakı çağırışları artıq keçmişdə qalıb.

Qeyd etmək lazımdır ki, normallaşma prosesi xüsusən də Trampın birinci idarəçiliyi dövründə hissolunacaq impuls və təkan aldı: o vaxt ərəb dövlətləri biri-birinin ardınca İsraillə münasibətlər qurmağa başladılar, halbuki ABŞ Yerusəlimi İsrailin vahid və bölünməz paytaxtı elan edəndən sonra bunun əksinin baş verəcəyi gözlənilirdi, amma belə olmadı və hiss olunan budur ki, təqribən bir əsrlik ərəb radikalizmi tədircən ərəb dünyasındakı əvvəlki cazibəsini itirir.

Amma bunun tamam bərqərar olduğunu da demək hələ tezdir, çünki ərəb radikalizmi hələ də iranyönümlü ərəb və Fələstin siyasi dairələrində qalmaqdadır. Ona görə də son atəşkəs razılaşması hələ çox kövrəkdir və  konflikt zonasından həyəcanlı xəbərlər gələməkdədir.

Bir daha deyirik ki, hazırda İsrail radikal, terrorçu HƏMAS və Hizbullah kimi təşkilatlarla müharibə aparmaqdadır.

Amma bu təşkilatlar heç də tamam marginal qruplar deyillər, müəyyən ictimai dəstəyə malikdirlər, belə ki, çox təəssüf, fələstinlilərin və ərəblərin müəyyən təbəqələri tərəfindən müdafiə olunurlar, sonuncular hətta seçkilərdə HƏMAS-ın və Hizbullahın adamlarına səs verirlər!

Ona görə də siyasi təhlilçilərin əksəriyyəti son sülh prosesinin perspektivlərinə çox skeptik yanaşırlar və bu mənada götürəndə, hətta HƏMAS müəyyən mənada məğlubedilməzdir, çünki bu təşkilatla ən azı Qəzzada yaşayan fələstinlilər arasında bərabərlik işarəsi qoymaq elə də kobud interpolyasiya sayılmır – hamı belə deyir ki, Fələstin radikalizmi reallıqdı və əsl sülh o vaxt bərqərar olacaq ki, bölgədə iki dövlət, İsraillə bahəm müstəqil Fələstin dövləti də yaransın.

Bir az əvvəldə qeyd etdik ki, bu müharibəni klassik ərəb-İsrail müharibəsi adlandırmaq olmaz, amma bununla belə vəziyyət çox kövrək və dayanıqsız halda qalmaqda davam edir və hər an bu nisbi tarazlıq pozula bilər. Hər şey İsrailin münaqişənin digər müstəvilərində özünü necə aparacağından asılı olacaq.

Belə “test”lərdən biri də hazırkı Suriya hərbi-siyasi teatrıdır, haradakı İsrail təkcə Colan yüksəkliklərinə deyil, bu ölkənin daha çox ərazisinə iddia edir və üstəlik, hələ birinci idarəçiliyi dövründə Donald Tramp da Təl-Əvivin bu iddialarına dəstək vermişdi. İndi belə təəssürat yaranır ki, yəhudilər də “böyük İsrail” sevdasına düşüblər, hərçənd, bu ideya da heç də yenilik deyil, zaman-zaman ortodoks sionistlər tərəfindən səsləndirilib və inkişaf etdirilib.

Yeri gəlmişkən, səkkiz ərəb dövləti artıq İsrailin Suriyaya qarşı ərazi iddialarına etiraz edib.

Yeni Suriya hakimiyyəti isə Təl-Əvivlə münaqişə aparmaq niyyətində olmadığını nəzərə çarpdırır. Amma vəziyyət, bir daha deyirik ki, kövrək tarazlıq halnda qalır: görək, nə olur...  

Üstəlik, bu məsələ, “böyük İsrail” məsələsi yəhudilərçün həm də mistik - dini baxımdan da cazibəlidir.

Bu xüsusdakı bəzi yozumlara görə hətta belə hesab olunur ki, böyük İsrail qurulandan sonra Yer üzərində İlahi səltənət bərqərar olacaqdır...

Əlbəttə, qonşu İranı da unutmaz olmaz. Hər şey D.Trampın Tehrana qarşı hansı siyasət yürüdəcəyindən asılı olacaq. Yalnız bundan sonra Yaxın Şərqdə bu və ya digər dərəcədə dayanıqlı sülh haqqında danışmaq mümkün olacaq...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR