İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP -ın DƏFTƏRİ: kimlərin adları silindi, kimlər yazıldı - HAKİM PARTİYA YENƏ...

Açıqlanan siyahıda sürpriz namizədlər var - kimlər kənarda saxlandı, hansı məşhurlar siyahıya daxil edildi?

İyulun 17-də hakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın İdarə Heyətinin iclası keçirilib. İclasda sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın namizədləri müəyyənləşdirilib və siyahı ictimaiyyətə açıqlanıb. Yeni Azərbaycan Partiyası 125 seçki dairəsinin hamısından namizəd irəli sürüb. YAP-ın yeni siyahısı 2020-ci ildə keçirilən parlament seçkilərində açıqlanan siyahıdan əsaslı şəkildə fərqlənib. Partiyanın qadın namizədlərinin sayı artıb. Belə ki, 2020-ci ildə YAP-dan 27 qadının namizədliyi irəli sürülmüşdüsə, budəfəki seçkilərdə 34 qadının namizədliyi dəstəklənib. Ümumilikdə YAP-ın siyahısında olan 53 nəfərin namizədliyi əvvəlki seçkilərdə də irəli sürülüb. Beləliklə, hakim partiyanın namizəd siyahısı 57 faiz yenilənib.

“Yeni Müsavat”ın məlumatına görə, siyahıda hazırkı YAP deputatlarının əksəriyyətinin adı yer alıb. Eyni zamanda hakim partiya hazırkı deputatlarının bəzilərini budəfə siyahıya daxil etməyib. 

Siyahıda diqqətçəkən məqamlardan biri sabiq deputatların və müxtəlif yüksək vəzifələrdə təmsil olunmuş tanınmış simaların YAP-ın namizədləri olaraq irəli sürülməsidir. 

YAP-ın deputatlığa namizədlərinin siyahısında hazırda deputat olmayan keçmiş deputat və məmurların da adı var. Məsələn, baş nazirin müavini, sabiq deputat Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlı, komitənin keçmiş sədr müavini Səyyad Aranın, Oğuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eyvaz Qurbanovun, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun, həmçinin YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadənin, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun,  Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyevanın adı namizədlər siyahısına daxil edilib. 

Bundan başqa, keçmiş deputat Tahir Süleymanovun oğlu Mahir Süleymanlını, keçmiş deputat, Odlar Yurdu Universitetinin rekrotu Əhməd Vəliyevin oğlu Samir Vəliyevi də hakim partiya deputatlığa namizəd göstərib. 

Yeni Azərbaycan Partiyasının indiki deputatları sırasında adı namizədlər siyahısına düşməyənlər isə Vasif Talıbov, İsa Həbibəyli, Kamilə Əliyeva, Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Mahir Abbaszadə, Cavid Osmanov, Səttar Möhbalıyev, Aqiyə Naxçıvanlı, Sədaqət Vəliyeva, Aqil Məmmədov, Nizami Cəfərov və Oqtay Əsədovdur.

YAP İdarə Heyətinin üzvü Musa Quliyev İdarə Heyətinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib ki, YAP-ın deputatlığa namizədlərinin siyahısına veteran YAP-çıların adı yenidən daxil edilib. Musa Quliyev siyahıda gənc xanımların da olduğunu deyib: “Siyahıdakıların hamısı uğurlu namizəddir. Partiyamızın sədrinə hamımız minnətdarlığımızı bildirdik, etimadı  doğruldacağımıza söz verdik. Çalışacağıq ki, xalqımızla bir yerdə növbəti 5 ildə də ölkəmizi, qanunverici hakimiyyətimiz daha da inkişaf etdirək, xalqımızın etimadını doğruldaq”.

YAP İdarə Heyətinin kritik toplantısı: seçki siyahısını bu adamlar  təsdiqlədi - FOTOLAR

Digər siyasi partiyaların da sədrlərinin də seçkiyə qatıldıqları dairələr bəlli olub. Məsələn, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd olacağı dairəni elan edib. O, bununla bağlı qərarını sosial şəbəkədəki şəxsi hesabında açıqlayıb: “26 saylı I Sabunçu seçki dairəsindən VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd kimi topladığımız imza vərəqlərini digər zəruri sənədlərlə birgə dairə seçki komissiyasına təhvil verdim. Məmləkətimizə, dövlətimizə, partiyamıza və vətəndaşlarımıza xidmətin yeni mərhələsinə qədəm qoyuruq. Bakıxanov qəsəbəsi seçicilərinə imza toplama mərhələsində göstərdikləri həssaslıq və dəstəyə görə minnətdaram. Xeyirli olsun!”

Ədalət Hüquq və Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyevin namizədliyi isə 36 saylı Xətai seçki dairəsindən irəli sürülüb. 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin isə namizədliyi partiyası tərəfindən 10 saylı Binəqədi üçüncü seçki dairəsindən irəli sürülüb.

VHP sədri, deputat Sabir Rüstəmxanlının hazırda deputatı olduğu 70 saylı Neftçala Seçki Dairəsindən isə Azərbaycan-Türkiyə Evinin və Azərbaycan-Türk Qadınlar Birliyinin sədri, VHP sədrinin müşaviri Tənzilə Rüstəmxanlının namizədliyi VHP tərəfindən irəli sürülüb.  

Sabir Rüstəmxanlı da növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyini deyib. O bildirib ki, partiya tərəfindən müxtəlif dairələr üzrə ümumilikdə 70 nəfərin namizədlik təşəbbüsü bəyənilib: “Seçkidə iştirak etmək üçün Vətəndaş Həmrəyliyi Partiyasının namizədlərinin siyahısı artıq hazırdır. Onu da bildirmək istəyirəm ki, mən budəfəki seçkidə iştirak etməyəcəyəm. Lakin hazırkı deputat yoldaşlarımızdan Fəzail İbrahimli və Rafael Hüseynovun namizədliyi partiya tərəfindən yenidən irəli sürülüb. Dairələr üzrə ümumilikdə 70 nəfərin namizədlik təşəbbüsü dəstəklənib. Onların arasından Milli Məclis üzvlüyünə namizəd qismində müəyyənləşdiriləcək şəxslərin yekun siyahısı müəyyənləşdirildikdən sonra bu ayın sonunda müvafiq qaydada təqdim ediləcək”.

Sabah YAP-ın İdarə heyəti toplanacaq

Deputat Azay Quliyevin də namizədliyini irəli sürdüyü dairə dəqiqləşib. Musavat.com-a daxil olan məlumata görə, seçicilərin təşəbbüs qrupu tərəfindən Milli Məclisin 6-cı çağırış deputatı Azay Quliyevin namizədliyinin 8 saylı Binəqədi birinci seçki dairəsindən irəli sürülməsi haqqında qərar qəbul olunub. Sənədlər dünən DSK-ya təqdim olunub.

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd kimi iştirak etməyəcək.

Bu barədə APA-ya İsa Qəmbər özü məlumat verib. “Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak üçün namizədlərin irəli sürülməsini əsasən yekunlaşdırıb. Artıq 34 namizədimiz var. Mən bu dəfə namizədliyimi irəli sürməyəcəyəm, Müsavat Partiyasının seçkilərdə iştirakına ümumi rəhbərlik edəcəyəm və namizədlərimizə dəstək verəcəm”, - deyə o bildirib.

Mərkəzi Seçki Komissiyası isə iyulun 17-də 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına aşağıda göstərilən media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacağını elan edib: 

- İctimai Televiziya və Radio Yayımları Şirkəti; 

- “Azərbaycan” qəzeti;  

- “Xalq qəzeti”;

- “Respublika” qəzeti;

- “Bakinski raboçi” qəzeti.

Yuxarıda göstərilən qurumlar, o cümlədən digər televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək (2024-cü il iyulun 28-dək) dərc etməlidirlər.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR