İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP İlham Əliyevin namizədliyini irəli sürdü - Seçkidə səlahiyyətli nümayəndələr bəlli oldu

Dekabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan iclasda növbədənkənar Prezident seçkilərinə namizədin irəli sürülməsi, seçkilərlə əlaqədar Qərargahın yaradılması, Prezidentliyə namizədin nümayəndələrinin seçilməsi və təşkilati məsələlər müzakirə olunub. Yeni Azərbaycan Partiyası 7 fevral növbədənkənar prezident seçkisində İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.

Növbədənkənar prezident seçkilərinə namizəd irəli sürmüş Yeni Azərbaycan Partiyasının iki səlahiyyətli nümayəndəsi iclasda təyin edilib. Onlardan biri Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, digəri isə Yeni Azərbaycan Partiyası sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədovdur.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.
Dekabrın 16-da isə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçiriləcək. İclasda növbədənkənar Prezident seçkiləri ilə əlaqədar bir sıra məsələlərə baxılacaq.

Qeyd edək ki, artıq dekabrın 9-dan etibarən Azərbaycanda növbədənkənar prezident seçkisi ilə əlaqədar namizədlər - seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları Azərbaycan Respublikası Prezidentliyinə namizədliyini irəli sürə bilərlər. Seçki Məcəlləsinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanacaq və bu müddət 2024-cü il yanvarın 8-i saat 18.00-dək olan dövrü əhatə edəcək.

Seçki Məcəlləsinə əsasən, şəxsin namizədliyini irəli sürə bilməsi üçün 60 fərqli seçki dairəsindən 40 min imza tələb olunur.
Namizədlərin irəli sürülməsi ilə bağlı rəsmi təqvim müəyyən olunsa da, hələlik YAP-dan başqa heç bir partiya prezidentliyə namizəd irəli sürməyib.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR