Onlayn ictimai-siyasi qəzet
“Kürən! Ordan şair üçün iki kilo asatrin!”
(həmin tamaşadan)
Mən şairlərin davasına qarışmaq istəməzdim, “kim daha çox yaltaq olub” mövzusunda diskussiyanın da yersiz olduğu qənaətindəyəm, ancaq mövzu gündən-günə qızışdığı üçün bəzi müdrik fikirlərimi açıqlamağa məcburam. Xalq məndən mövqe tələb edir.
Birincisi, sualın “Əlisa Nicat Səməd Vurğunun vaxtında olsa, daha çox yaltaqlıq edərdi” şəklində qoyuluşu ünlü “zaman paradoksu” anlayışına ziddir. Həmin paradoksa görə, əgər Əlisa müəllim zaman maşınına minsə, Səməd Vurğunun vaxtına səyahət edərək Mircəfər Bağırova yaltaqlıq etsə, bəs indi biz kimin açıqlamasını müzakirəyə çıxarardıq? Elə bu səbəbdən həmin paradoksu bəzən “babanı öldürmək paradoksu” adlandırırlar. Əgər zaman maşınına minib keçmişə getsən, babanı öldürsən, o zaman sən yaranmayacaqsan. Bəs keçmişə kim gedəcək? Deməli, zamanda səyahət mümkün deyil.
Ancaq Eynşteyn deyirdi mümkündür. Düzdür, sonralar görkəmli alim Sərdar Cəlaloğlu Eynşteyndə bir sürü səhv tapdı, onu el dilində yazsam, niprav çıxartdı. Tək o deyildi. Sərdar bəy Nyutonun qanunlarının da əksini isbat etmişdir. Onun “Cəlaloğlu qanunları”na görə, alma budaqdan qopanda həmişə yerə düşmür. Məsələn, Ordubadda yaxşı alma qurusu hazırlayırlar.
Lakin mövzudan uzaqlaşmayaq. Mənim fikrim belədir ki, poeziya aləmində hərc-mərclik yaranmasın deyə hökumət burada ciddi qayda-qanunlar yaratmalıdır. İlk növbədə, şairlərə sertifikat verilməlidir. Yoxsa bilmirik kim əsl şairdir, kim yaltaqdır, kim dələduzdur, kim vələdüznadır və sairə. Bir növ, Qida Təhlükəsizliyi Agentliyi (QTA) kimi, Poeziya Təhlükəsizliyi Agentliyi (PTA) yaradılsa yaxşı olar. POQ da olar - Poeziya Operativ Qərargahı.
Bunu mən laqqırtı üçün yazmıram. Əgər şeir ruhun qidasıdırsa, niyə onu xalqa düzgün yedizdirməyək? Bəlkə şair şeiri palma yağında hazırlayıb? Bəlkə içində GMO sözlər var? Bəlkə şair qafiyələri silikonla şişirdib?
Necə olur ki, həkimlərə sertifikat verilir, şairlər özbaşına buraxılır? Bunlar hamısı milli mentalitetimizə zərbədir. Xalqın mənəviyyatına balta çalmaqdır. Bulanıq suda balıq tutmaqdır.
Doğrudur, hökuməti çox qınamaq da olmaz, əslində onlar bu istiqamədtə müəyyən idarələr yaradıblar. Məsələn, xalq şairi olmaq üçün sertifikatı Azərbaycan Yazıçılar Birliyi verir. Lakin birlik və onun sayın sədri Anar müəllim işinin öhdəsindən lazımınca gəlmədiyi üçün belə qarşıdurmalar yaranır.
Anar müəllim və balıq sözlərini yuxarıdakı abzasda təsadüfən işlətmədim. Son poetik diskussiyada Əlisa Nicatın bir fikri də çox mübahisələrə səbəb oldu. Deyir cavan vaxtlarımda küçədə gedirdim, şair Rəsul Rza qabağıma çıxdı, mənim Cənub zonasından olduğumu öyrəndi və balıq istədi. Əlisa müəllim balıq tutub gətirmədiyi üçün əsərləri ədəbi jurnallarda çap olunmayıb.
Anar (Rəsul müəllimin övladıdır) bunu qəti inkar edib. O cümlədən Füzulidən olan şair Seyran Səxavət nədənsə bu mübahisəyə qarışıb (çünki Füzulidə o qədər çox balıq olmur), jurnalistlərə açıqlama verib ki, mən Rəsul Rzanın Əlisa Nicatdan balıq istədiyinə inanmıram. Məncə, Seyran Səxavətin quzu əti mövzusunda ədəbi diskussiyalara qarışmağa daha çox haqqı çatır, çünki tərəkəmə bölgəsində doğulub.
Mən bu temada jurnalist araşdırması apardım. Rəsul müəllimin “Seçilmiş əsərləri”nin 2-ci cildində, 41-ci səhifədə “Balıqların nəğməsi” adlı şeir vardır. Sənətkar orada yazır: “Balıqçı, ah, balıqçı! Döndü əyri bir qarmağa nur muncuq. Nəğmə qaldı yarımçıq”. Başqa balıq mövzusuna rast gəlmədim, əvəzində Stalinə, Kommunist Partiyasına, hətta sarı danaya həsr edilən çoxsaylı şeirlər oxucuların zövqünü oxşayır. Əlisa Nicat (hesabladım, zaman uyğun gəlir, şeir 1958-ci ildə, Nicatın cavanlığında yazılıb) Rəsul müəllimə balıq tutub gətirsə, belə nisgilli əsərlər yaranardımı?
Hərçənd Əlisa Nicat da oxu atıb yayı, qarmağı atıb soxulcanı gizlədir - bizə detallı bilgi vermir. Örnək üçün, Rəsul müəllim ondan hansı balığı istəyib? Osetrin, yoxsa forel? Kütüm, ya ziyad balığı? Sazan, ya ilanbalığı? Bunlar hamısı fərqli şeylərdir. Hətta Naxçıvan foreli ilə Xaçmaz forelinin dadı fərqlənir - birinci daha dadlıdır. Görünür, vaxtilə Vasif müəllim həmin balıqların üstünə çox qışqırıb.
İndinin özündə kilkə konservi gətirib “Ulduz” jurnalında şeir dərcinə ümid edənlər varsa, bunu hamıya aid edə bilmərik axı.
Yeri gəlmişkən, Anarın ssenarisini yazdığı “Evləri köndələn yar” televiziya tamaşasında şair bazarkomun yanına gəlib ondan məhz balıq istəyirdi. Təsadüfdürmü? Deyil. Psixoanaliz metodu ilə izah etsək, mümkündür ki, həmin vaxt küçədə Əlisa Nicatla qarşılaşanda Anar müəllim də hadisə yerində olmuşdur. Ya da Rəsul müəllim evdə Əlisa Nicatın xəsisliyindən, balıqları tək yediyindən danışıb, Anar eşidib.
İndi söz əlaqədar təşkilatlarındır.
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ