Onlayn ictimai-siyasi qəzet
Bu günlərdə Niderlandın Veyk-an-Ze şəhərində keçirilən Tata Steel Chess turnirində bir qəribə hadisə olub: özbəkistanlı qrossmeyster Nodirbek Yakubbəyov hindistanlı şahmatçı Rameşbabu Vayşali ilə oyun zamanı onunla əl sıxışmayıb. Qızın əli havada qalıb, sonra pərt-pərt əlini yanına salıb.
Həmin oyunda Vayşali Nodirbeki məğlub edib, bu heç. Amma özbək qardaşın bu hərəkəti söz-sphbətə səbəb olub. Ona deyiblər ki, nədən qızla əl tutuşmadın, o da deyib ki, bu hərəkəti dini səbəblərdən edib. Yəni Vayşalı naməhrəmdir, bu isə inanc yiyəsidir, yad qadınlara toxunmaq istəmir.
Bəlkə də hindistanlı şahmatçı və onun komanda yoldaşları, eləcə də məşqçiləri əvvəlcə elə güman ediblər ki, Yaqubbəyov Hindistanda incidilən müsəlmanların qeyrətini, təəssübünü çəkir, ona gərə hind qızı Rameşbabuya əl uzatmır. Ancaq sonra məlum olub ki, elə deyil, sadəcə, Nodirbek günaha batmaq istəmir, qorxur ki, axirətdə cənnət-cəhənnəm transferi işlərinə baxan mələklər dəftəri açıb baxar, soruşarlar ki, ey Nodir, sən 2025-ci ilin yanvar ayının üçüncü ongünlüyündə Niderlandda yekə bir qələt eləmisən, naməhrəm qızla əl tutuşmusan, ona görə də artıq cənnətdə hurilərlə nə şahmat, nə də gizlənpaç oynaya bilməzsən, gəl, keç bu tərəfə, qazanlar qaynayan yerə.
Dini səbəblərə qalsa, gərək Nodir ümumiyyətlə, şahmat oynamayaydı. Çünki bir ara islam respublikaları şahmatı haram buyurmuşdular. Amma Yaqubbəyov bu məsələyə dair də fikir bildirib, deyib ki, şahmat haram deyil.
Bir də onun bu hərəkətindən xoşu gəlməyən bədxahlar əkəbalanın iki il əvvəlki şəklini tapıb paylaşıblar. Həmin şəkildə görünür ki, o, başqa bir hindistanlı şahmatçı qızla təmas edir, yumruqlarını toqquşdurur. Bunu ona irad tutublar, deyiblər, bəz Əbu-Dabidəki turnirdə Divya Deşmuxla əl təması etmək haram deyildimi. Nodirbek bu suala konkret cavab verib: “O vaxt qələt eləmişəm”.
Yadınızdadırsa, Almaniyanın xarici işlər naziri Annalena Berbok iki-üç həftə əvvəl Suriyada səfərdə olarkən də elə bir hadisə baş vermişdi, heç bir kişi ona əl uzatmamışdı ki, Anna naməhrəmdir və ona toxunmaq haramdır, günaha yazıla bilər.
Bu paralellərdə belədir, yad qadın naməhrəmdir. Bəs o vaxt müsəlman ölkələrindən minlərlə ər-arvad cütlüyü sıralarına cəlb edən, kişilərin başını müharibədə əkəndən sonra dul qadınları digər əsgərlərə paylayan İŞİD-in etdiyi haram deyildi? Yoox, əri ölübsə, müəyyən dua oxunandan sonra olar. Hətta ertəsi gün təzə ər ölərsə, o qadın yenə başqasına ərə getməlidir. Bir gecə boş qala bilməz. Bu minvalla bir qadının ildə 300 kişiyə ərə verilməsi haram sayılmır.
2 il əvvəl Bakıda özbək filmləri həftəsi keçirilirdi, “Qadın qisməti” filminin rejissoru Dilmurod Masaidov dedi ki, bu, həyati filmdir. Mən də soruşdum ki, Murad aka, yəni filmin qəhrəmanı Sacidəni Suriyada əri öləndən sonra 3 dəfə ərə veriblər. eləmi. Masaidov kədərli gözlərlə baxdı, dedi, üç nədir, az yeddi dəfə ərə vermişdilər, özüm ərlərin sayını az göstərmişəm.
Bax, bu, haram deyil, amma bir qadınla əl tutuşmaq haramdır, gərək yaxınlıqda molla olsun, mehr duası oxusun. Onu oxuyandan sonra, əl tutuşmaq da olar, başqa hərəkətlər də. Gərdəyə qədər yol var.
Bu “halal-haram”, “məhrəm-naməhrəm” söhbətini icad edənlər ərəblərdir, amma onlar heç belə şeyləri ürəklərinə salmırlar. 3-4 il öncə bir simsar taksi sürücüsü and içirdi ki, ölkəmizə turist kimi gələn ərəb gədələr gün axşamacan hostellərin, masaj salonlarının, gecə barlarının qabağında sümsünürlər, birindən çıxıb o birinə gedirlər. “İnsan nə qədər qalodnu, yanıq olar?” – dayınəvəsi deyirdi.
Əvvəl-axır biri beynəlxalq tədbirlərdə qadınlara əl tutuşmaqdan imtina edən, istər-istəməz özünü qeyri-mədəni və gerilikçi kimi göstərənlərə başa salmalıdır ki, yad bir qadınla əl təması haram deyil, əsl haram 4-5 arvadı rəsmən almaq, bir də getdiyi hər şəhərdə girəvələyib başqa-başqa qadınları siğə etmək haramdır. Ümumiyyətlə, günün 16 saatını bu mövzuda düşünmək, uçan-qaçan, yumru, yumşaq hər şeydə şəhvət doğuran elementlər axtarmaqdır əsl haramlıq.
P.S. Yazının başlığının vergüldən sonrakı ikinci hissəsinin Nodirbekə dəxli yoxdur, gecə barlarından çıxmayan zinakar turistlərə aiddir.
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ