İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalı aeroportuna onun adı verilsin – TƏKLİF

İyunun 12-də Xocalı aeroportunda Azərbaycan bayrağının qaldırılmasından sonra sosial şəbəkə istifadəçiləri hava limanına Milli Qəhrəman Əlif Hacıyevin adının verilməsini təklif edirlər. Buna səbəb kimi Əlif Hacıyevin 1992-ci ilin fevralında həm Xocalı sakinlərinin xilasındakı rolu, həm də şəhərin hava limanının müdafiəsi uğrunda mübarizəsi göstərilir.

Belə ki, 1970-ci illərdə inşa edilən Xocalı aeroportundan müxtəlif məqsədlər üçün AN-2 ("Kukuruznik") təyyarələri uçurdu, Bakıdan Xocalıya, Xocalıdan İrəvana gedirdi. Bundan başqa, kənd təsərrüfatı məqsədilə istifadə olunub. Amma Heydər Əliyev Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin Birinci katibi olduğu zaman - 1975-ci ildə onun rəhbərliyi altında Xocalı hava limanı müasir formada qurulur. 1990-cı ildə isə Əlif Hacıyev Xocalı hava limanı xətt daxili işlər bölməsinə rəis təyin edilir, eyni zamanda Xocalı hava limanının komendantı olur.

Bir müddət sonra Azərbaycana qarşı ərazi iddiaları ilə hərəkətə keçən erməni terrorçuların növbəti hədəfi Xocalı olur. Şəhərin hava limanının strateji əhəmiyyətinə görə buranı zor gücü ilə ələ keçirməyə çalışan ermənilər aeroportu mühasiəyə alır və oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. Əlif Hacıyev isə üstün zəkası ilə həm hava limanı uğrunda mübarizəsini davam etdirir, həm də binadakı azərbaycanlıları xilas etmək üçün hərəkətə keçir. Bu səyləri zamanı da 1992-ci ilin fevralın 25-də erməni gülləsinə tuş gələrək, şəhid olur.

Xocalı hava limanına Əlif Hacıyevin adının verilməsi ilə bağlı təklifləri hərbi ekspert Üzeyir Cəfərov da dəstəkləyib:

"Ordumuzun hələ qurulmadığı dövrdə Əlif Hacıyev və onun tərəfdarları, polis orqanlarından çalışanlar çox sadə və primitiv silahlarla düşmənə qarşı döyüşdülər, canlarından keçdilər. Dəfələrlə ermənilər onun həyatına sui-qəsdə cəhd edirlər. Əlif isə vətəndaşlarımızın oradan çıxarılması, dinc əhalinin nisbətən təhlükəsiz yerə çatdırılması üçün amalından dönmür. Bu səbəbdən də Əlifin adı Xocalı camaatı üçün əzizdir. Bu gün Əlif Hacıyev əqidəsində minlərlə polis əməkdaşları, hərbçilər, insanlarımız var ki, onun göstərdiyi şücaətdən danışır, yolunu davam etdirirlər. Ona görə deyirik ki, Əlif Hacıyevin adı Xocalı aeroportuna verilsə, həm cəmiyyət, həm də insanlarımız, bir növ, onların hansı amallar uğrunda vuruşduğunun bir daha şahidi olarlar. Düzdür, Əlifin adına Bakıda küçə var, ancaq mənə elə gəlir ki, Xocalımız azaddır deyə, onun adı doğma yurdunda da əbədiləşdirilməli, canını fəda elədiyi aeroporta onun adı verilməlidir. Bir sözlə, Xocalı aeroportunun təzədən qurulması, ora unudulmaz, əfsanəvi qəhrəmanımız Əlif Hacıyevin adının verilməsi həm hərbi vətənpərvərlik, həm də qəhrəmanlarımıza verdiyimiz dəyər nöqteyi-nəzərdən yaxşı olardı. Bu məsələnin həlli əlaqədar qurumlar tərəfindən aktuallaşdırılmalıdır".

Ekspert həmin döyüşlərdə Əlif Hacıyevin qardaşının da şəhid olduğunu xatırladaraq, ümumiyyətlə, böyük qəhrəmanlıq göstərən şəhidlərimizin adının işğaldan azad olunmuş ərazilərdə əbədiləşdirilməsi gərəkdiyini bildirib:

"Bilirsiniz ki, artıq Füzulidə, Şuşada, Ağdamda insanlarımızın yaşayışı təmin olunur. Təkliflər hazırlanmalı, o torpaqlar uğrunda qəhrəmanlıq, şücaət göstərən şəhidlərimizin, o cümlədən canlı qəhrəmanlarımızın adları küçələrə, prospektlərə, məktəblərə, uşaq bağçalarına, idman obyektlərinə verilməsi məsələsi gündəmə gətirilməlidir"./axar.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR