Onlayn ictimai-siyasi qəzet
Xızı rayonu, Giləzi qəsəbəsində şəhid xanımı Ləman Qurbanovanın qaynı Taleh Qurbanov tərəfindən boğularaq qətlə yetirilməsi ilə bağlı müxtəlif versiyalar səslənməyə başlayıb. Əvvəlcə qayının hadisəni qısqanclıq zəminində törətdiyi deyilsə də, mərhumun atası Asim Məlikovun mətbuata açıqlaması hadisənin digər səbəblərdən baş verməsi ehtimalını gündəmə gətirib.
Asim Məlikov və həyat yoldaşı Yeganə Məlikova Bizim.Media-ya şəhid xanımı olan qızlarının qarşı tərəfin mal-mülk, pul istəyinin qurbanı olduğunu deyiblər.
Asim Məlikov hüquq-mühafizə orqanlarından qızının qətlinin çox ciddi şəkildə araşdırılmasını xahiş edib. Mərhumun anası Yeganə Məlikova isə açıqlamasında Saleh şəhid olandan sonra qızının ər evində təzyiqlərə məruz qaldığını bildirib.
Onun sözlərinə görə, qızı üçün ailə yaşayış evi tikməyə başayıbmış. Qaynı Taleh hələ bir ay bundan əvvəl qızına həmin evdə çox oturmayacağını bildirib və evlərinə gələrək ona bu evdə yaşamağa imkan verməyəcəyini deyib:
“Bəlkə də, Taleh qızımı onda öldürəcəkdi, yaxınlarından kimsə gəlib buna mane olub”.
Yeganə Məlikova deyir ki, qızını yola vermədiklərinə görə Ləman məcbur olub Siyəzənə, ata evinə gəlmişdi:
“Hadisədən bir gün əvvəl qayınatası Möhübbət kişi gəlib, Ləmanı pirə aparmaq adı ilə geri aparıb və səhəri bu faciə baş verib. Qızım ata evinə qayıdanda dövlətin verdiyi 40 minə yaxın pulu da qayınatasına təhvil vermişdi”.
Hadisənin sırf mal-mülk, pul kartları üstündə baş verdiyini deyən ana iddia edir ki, qətl hadisəsi planlı şəkildə əvvəlcədən hazırlanıb. Onun sözlərinə görə, qızı beş yaşlı övladının əlindən alınmaması üçün ailəyə verdiyi etibarnaməni də ləğv etdirmişdi:
“Bu da qayınatasıgilin acığına səbəb oldu və faciə baş verdi”.
Xoşagəlməz qanlı olayla bağlı şəhid Saleh Qurbanovun anası Esmira Qurbanova ilə danışmaq cəhdləri baş tutmayıb, atası Möhübbət Qurbanov isə hadisəyə qısaca münasibət bildirib:
“Ləmanın valideynlərinin dediklərinin heç bir əsası yoxdur. Qoy hadisəni hüquq-mühafizə orqanları araşdırsınlar”.
Şəhid atası hadisəyə ən düzgün qiyməti istintaqın verəcəyini deyərək, ailəsi barədə qarşı tərəfin söylədiklərinin həqiqətə uyğun olmadığını deyib.
12 Noyabr 2024
11 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ