Onlayn ictimai-siyasi qəzet
Ötən ilin noyabr ayında Maya Sandunun yenidən Moldova prezidenti seçilməsinin ardınca keçmiş SSRİ respublikasının açq və qətiyyətli şəkildə Qərbə inteqrasiya siyasəti yeritməsi ölkənin kənd təsərrüfatı sektoruna baha başa gəlməkdədir.
Səbəb Rusiyanın bu ölkənin aqrar məhsullarına qadağa qoymasıdır. Moskvada Kişinyovun müstəqil dövlət olmaq, öz xarici siyasətini özü müəyyənləşdirmək cəhdini Rusiya ilə münasibətləri pozmağa yönəlmiş siyasət hesab edirlər. Ona görə də artıq Moldova almaları qurdlu, pomidor və badımcanları fitopatoloji xəstəliklərə yoluxmuş olub.
Hələ yanvarın əvvəlində Rusiyaya meyvə daşıyan Moldova yük maşınlarının RF ərazisinə buraxılmadığı məlum olub. Rusiya gömrükçüləri moldovalı yük maşınlarının Rusiyaya daxil olmaq üçün icazə blanklarının olmadığını qeyd ediblər.
Rusiya sərhədində ilişib qalan ağır yük maşınlarının sürücüləri vətənə qayıdan həmkarlarına siqnalı göndəriblər ki, artıq zaman o zaman deyil, rusların üzü dönüb.
Yaranmış vəziyyətə görə günahı Moldova tərəfində görənlər də olub. Moldova Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (AITA) üzvü, iqtisad elmləri doktoru Sergey Maqdaluk “İnfotag” agentliyinə bildirib ki, Moldova yük maşınlarının Rusiya sərhədindən keçirilməsinə qadağa qoyulmasının səbəbi Moldova rəsmilərinin məsiliyyətsizliyi, öz vəzifə borclarını yerinə yetirməməsidir.
Ancaq hamı bilir ki, bu havayı söhbətdir, əsl səbəb siyasi motivlidir.
Rusiyanın bu cür təzyiqlərə əl atması birinci, beşinci, heç onuncu dəfə də deyil. Təkcə son 10 ildə Rusiya rəsmiləri, demək olar ki, bütün qonşularına qarşı “məhsul sanksiyası” tətbiq edib.
Məsələn, 2008-ci ildə Rusiya və Gürcüstan arasında qısamüddətli müharibə baş verəndən, RF hərbçiləri müstəqil dövlətin ərazisinə müdaxilə edəndən sonra korlanmış münasibətlər fonunda Rusiyada böyük bazara, alıcı kütləsinə sahib olan gürcü mineral sularının, portağalın, çayın və sair məhsulların Rusiyaya idxalı yasaqlandı. Bu məhsullar bir günün içində “standartlara cavab verməz oldu”.
Rusiya qırıcısının Suriya səmasında Türkiyəyə yaxın hərbçilər tərəfindən vurulmasından sonra yaranan gərginlikdə Kreml Türkiyədən gətirilən hər cür məhsula qadağa qoydu, rus turistlərin Türkiyə kurortlarında istirahət etməsini yasaqladı. Yüz min tonlarla pomidor, xiyar, badımcan bibər türkiyəli təsərrüfatçıların əlində qaldı. Rusiyada yaranmış məhsul çatışmazlığı səbəbindən ölkə əhalisi ərzaq məhsullarını daha baha qiymətə almalı oldu. Nəticədə bu “soyuq müharibə”dən hər iki tərəf 50-60 milyard dollar həcmində ziyana düşdü.
“Meyvə-tərəvəz sanksiyası” rıçağı vaxtaşırı olaraq Rusiya tərəfindən Azərbaycana da tətbiq edilir. İldə ən azı 4 dəfə Rusiya gömrükçüləri hansısa məhsulumuzu o tərəfə buraxmırlar. Adətən, belə bir bəhanə gətirilir ki, məhsullarda xəstəlik və ya zərərverici sürfələri aşkarlanıb.
Ancaq bu, bir gerçəkdir ki, hələ sovet dövründən ölkəmizdə yetişdirilən kənd təsərrüfatı məhsullarının ən sağlamları, ən keyfiyyətliləri az qala dənə-dənə seçilərək qablaşdırılır, son dərəcə səliqəli bir şəkildə ixrac üçün hazırlanır və yük maşınlarına yüklənərək şimala göndərilir.
Məhsullarımızın Rusiya sərhədində ilişməsi həmişə sırf siyasi səbəblərdən olur. Kremlin bitməz-tükənməz tələblərindən biri yerinə yetirilməyəndə bu mütləq özünü faraş xiyarın tranzitində göstərir.
2023-cü ilin yazında Özbəkistan Rusiyanın hansısa tələbini yerinə yetirmədiyi üçün bu ölkənin ət məhsullarından, meyvə-tərəvəzdən tumuş ta balıq və təbii bala qədər bütün məhsullarının RF ərazisinə idxalı yasaqlanıb. Rəsmi səbəb dabaq epidemiyası göstərilib.
2022-ci ildə Ermənistan KTMT-nin sammit və təlimlərini boykot edəndən az sonra Rusiya Ermənistandan donuz əti, ərik, balıq, quş əti və sair məhsulların idxalını qadağan edib.
Maraqlıdır ki, ondan qabaq Moskvadan Ermənistana qarşı bu cür “məhsul sanksiyası” tətbiq edilməyib. Ermənistanın məhsulları yalnız bu ölkənin üzünü Qərbə tutmasından sonra “zay” çıxmağa başlayıb. Moskvanın Ermənistana tətbiq etdiyi “məhsul sanksiyası”nın tarixləri yenidir – 2002, 2003, 2004.
Dünyanın 150-dən artıq ölkəsindən hər cür məhsul idxal edən Rusiya yalnız yaxın qonşuları ilə münasibətdə bu rıçaqdan istifadə edir. Ekvadordan gələn banan həmişə təmiz çıxır. Ərəb ölkələrindən gətirilən xurma və sitrus meyvələrinə irad olmur, Asiya ölkələrinin avakadosu, qreypfrutu, manqosu həmişə standarta uyğun olur.
Belə anlaşılır ki, sadəcə, qonşular heç də həmişə pomidoru, badımcanı yaxşı yetişdirmirlər.
Hazırda Rusiya və Azərbaycan arasında gərginlik yaşandığından güman olunur ki, yerli istehsalçıların öz məhsullarını bu ölkədə satması çətinləşəcək. Keçən il yalvara-yalvara Azərbaycandan külli miqdarda yumurta alan Rusiya ötən ayın axırımda bu məhsulu almaqdan imtina etdi. Ona görə də ölkəmizin bazarında yumurta ikiqat ucuzlaşdı.
Görək, Kremlin bu siyasəti hara qədər davam edəcək. İndidən yalnız onu əminliklə demək olar ki, bu cür sanksiya dəyənəyinin iki başı var, biri ixracatçıaya dəyəndə, o biri də idxalatçıya dətir. Bu, onsuz da böyük dövlətlərin çoxsaylı sanksiyalarına məruz qalmış ölkənin vəziyyətini daha da pisləşdirəcək. Ukrayna müharibəsi ilə əlaqədar olaraq rifahı pisləşmiş Rusiya xalqının bircə məhsul qıtlığına məruz qalması çatmır.
Araz Altaylı, Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ