İnsanlara hürriyət, millətlərə istiqlal!

Xıdırlı kəndi yenidən doğulur – Ağdamda həyatın ritmi dəyişir - REPORTAJ

Prezident Administrasiyasının təşkilatçılığı ilə iyulun 10-da ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin Ağdam səfəri çərçivəsində səfər iştirakçıları Xıdırlı kəndində aparılan əsaslı yenidənqurma, bərpa işləri ilə yaxından tanış olublar.

Ağdamın mərkəzindən cəmi 3 kilometr aralıda, şimal-qərb istiqamətində yerləşən Xıdırlı kəndi bu günlərdə sözün əsl mənasında dirçəlişin və yenidənqurmanın simvoluna çevrilib. Uzun illər işğalın acısını yaşayan bu kənd indi tamamilə yenidən qurulur, təkcə evlər yox, bir ümid, bir həyat, bir gələcək inşa edilir.

Musavat.com bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov səfər iştirakçılarına Xıdırlıda görülən işlərlə bağlı ətraflı məlumat verib.

Qeyd olunub ki, kəndin təməlqoyma mərasimi 2022-ci ilin oktyabrında keçirilib və həmin mərasimdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəxsən iştirak ediblər.

82a3468a-335a-45c1-972b-1cf945e52f60.jpeg (116 KB)

Ümumi ərazisi 417 hektardan çox olan Xıdırlı kəndi iki mərhələdə salınır. Hər şey planlı, mərhələli və gələcək nəsilləri də nəzərə alaraq layihələndirilib.

Layihəyə əsasən, birinci və ikinci mərhələ üzrə ümumilikdə 6 minə yaxın insanın, yəni 1498 ailənin Xıdırlıya köçürülməsi nəzərdə tutulur.

Hazırda həyata keçirilən birinci mərhələnin ərazisi 170 44 hektardır. Bu mərhələdə artıq 719 fərdi evin tikintisi başa çatdırılıb. Evlərin planlaşdırılması da ailələrin ehtiyacları nəzərə alınaraq həyata keçirilib: 263-ü ikiotaqlı, 332-si üçotaqlı, 121-i dördotaqlı, və 3-ü isə beşotaqlıdır. Bu evlər müasir memarlıq üslubunda, rahatlıq və enerjiyə qənaət prinsipləri əsasında inşa edilib.

Lakin Xıdırlıda həyata keçirilən quruculuq təkcə fərdi evlərlə məhdudlaşmır. Bu kənd müasir kənd modeli kimi qurulur. Burada çoxfunksiyalı inzibati bina, klub-icma mərkəzi, tibb məntəqəsi, təcili tibbi yardım bölməsi, həmçinin təhsil və səhiyyə işçiləri üçün müvəqqəti qonaq evi, məişət xidməti obyekti, emalatxana, tam orta məktəb və körpələr evi-uşaq bağçası da tikilib.

e3ed78b5-04eb-4140-9985-3db6bb596e09.jpeg (90 KB)

Bu infrastruktur yeni sakinlərin gündəlik həyatını rahat və təhlükəsiz şəkildə davam etdirməsi üçün hər cür şərait yaradır. Xidmət sektoru, təhsil və səhiyyə sahələri, ictimai məkanların hamısı yenidən dizayn olunub və müasir standartlara uyğunlaşdırılıb.

Həmçinin vurğulanıb ki, Xıdırlı kəndinin layihəsində ekoloji tarazlığa da xüsusi diqqət yetirilib. Kəndin ərazisinin təxminən 20 faizi yaşıllıqlardan ibarətdir. Bu yaşıl zonalar təkcə kəndin gözəlliyinə xidmət etmir, eyni zamanda sakinlər üçün istirahət məkanları və ekoloji sağlam mühit formalaşdırır. Geniş bulvarlar, ağaclar və bəzək kolları ilə bəzədilmiş park sahələri kəndin gələcəyini daha da ümidverici edir.

Beləliklə, Böyük Qayıdışın səsi Xıdırlıdan gəlir.

Xıdırlı kəndi Qarabağın dirçəliş strategiyasının canlı nümunəsidir. Hər bir tikilən ev, hər çəkilən yol, hər əkilən ağac bu torpaqlarda yenidən həyatın başladığını, Azərbaycanın doğma torpaqlarından əl çəkmədiyini və çəkməyəcəyini göstərir.

d7fa92c4-d8f7-48a9-b76e-9dfbf0669ac2.jpeg (118 KB)

Əslən Xıdırlı kəndindən olan "Yeni Müsavat" Media Qrupunun baş direktoru Ələsgər Süleymanov səfərlə bağlı təəssüratlarını Musavat.com-a bölüşüb:

"32 ildən sonra Ağdama sürət qatarı ilə gəlmək fürsətini qazandıq. Bu gün mənim üçün çox fərəhli gündür. Doğma kəndimə Bakıdan siyasi partiya nümayəndələri, millət vəkilləri, jurnalistlər gəlib. Arzu edirəm ki, əhalimiz kəndimizə köç edəndən sonra da belə səfərlər olsun, xalqımız qonaqları lazımınca qarşılasınlar, öz evlərinə dəvət etsinlər, süfrələrini açsınlar. Şükür bu günə ki, bizim doğma kəndimiz, Qarabağımız, torpaqlarımız işğaldan azaddır".

Xalidə Gəray
Video, fotolat müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR