İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərin o biri sahilindəki iğtişaşlardan Azərbaycanı necə sığortalamalı?

Ekspert: “Bu tipli hadisələrdən sığortalanmağın iki yolu var”

Dağıstanın paytaxtı Mahaçqalada hava limanında baş verən iğtişaşlar Rusiyanın əsas müzakirə mövzusu olaraq qalır. Yada salaq ki,  iğtişaşlara səbəb İsraildən enməsi planlaşdırılan təyyarə olub. Hava limanı yaxınlığında yerli sakinlərdən ibarət böyük izdiham toplaşaraq yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb ediblər.

Hava limanında iğtişaşlar nəticəsində 9 polis yaralanıb, 80 nəfər saxlanılıb. Rusiya prezidenti bununla bağlı xüsusi müşavirə keçirib. Əsas iddia budur ki, Qərb kəşfiyyatı  Yaxın Şərqdəki həssas vəziyyətdən istifadə edib, Rusiyada milli zəmində münaqişə törətməyə cəhd edir.

Diqqətçəkəndir ki, İran mediası və SEPAH-a məxsus sosial media kanalları Dağıstanın paytaxtı Mahaçqala şəhərində baş verən iğtişaşlardan yazıb, hava limanına soxulanları alqışlayıb. Bu barədə İRNA xəbər agentliyi xüsusi yazı dərc edib.

SEPAH-a bağlı Teleqram kanalları isə baş verənləri “sionizmə qarşı mübarizə” kimi təqdim edib.

Tanınmış politoloq Maksim Şevçenkoya görə, Dağıstanda baş verənlər əslində bəzi yerli klanların bir-biri ilə hesablaşmasıdır: “Onlar bu vəziyyətdən istifadə edərək antisemitizm şüarları altında bəzi iğtişaşlar törətdilər. Yerli klanlar öz aralarında hakimiyyət uğrunda mübarizə aparır və bir-birini gözdən salmaq üçün bu cür təxribatlar təşkil edilir”.

Bəs görəsən, Dağıstanı bürüyən antisemitizm dalğasının Azərbaycana  hansı təsirləri ola bilər? Müəyyən maraqlı qüvvələr və dövlətlər müsəlman amilindən istifadə edib Azərbaycanda da qarışıqlıq yarada bilərmi? Xəzərin o biri sahilindəki iğtişaşlardan Azərbaycanı necə sığortalamalı?

Oqtay Qasımov: “Azərbaycan müxalifəti çörəklə imtahana çəkildi” – Müsahibə  (I Hissə) » GundemXeber İnformasiya Portalı

Oktay Qasımov

Politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Dağıstanda baş verənlər kifayət qədər ciddi hadisələrdir: “Bu cür iğtişaşlar adətən hansısa  qüvvə tərəfindən planlaşdırılır və həyata keçirilir. Çünki o qədər insanın hava limanına öz düşüncələri ilə gəlməsi inandırıcı görünmür. Baş verənlər, izlənən kadrlar da onu göstərir ki,  hadisənin törədilməsində kənar  təsirlərin ciddi rolu olub. Rusiya tərəfi, əlbəttə, bunu müxtəlif amillərlə izah etməyə çalışır. Guya Ukrayna kəşfiyyatının bu hadisələrdə iştirakı olduğu, dəstək verdiyi ilə bağlı Rusiya tərəfindən iddialar səslənib. Şəxsən mən bu iddiaları çox da inandırıcı hesab etmirəm. Əgər Ukrayna kəşfiyyatı Rusiyada belə bir iğtişaşlar törətməyə qadirdirsə, onda Rusiya kəşfiyyatının və xüsusi xidmət orqanlarının hansı vəziyyətdə olduğu ortaya çıxa bilər. Ümumən götürdükdə tarixən Rusiyada antisemitizm həmişə güclü olub. Xüsusilə də 1970-ci illərdə SSRİ-də yaşayan yəhudilərin əhəmiyyətli hissəsi SSRİ-dəki antisemitizmlə əlaqədar olaraq ölkəni tərk edib İsrailə getmək məcburiyyətində qaldılar. Yəni tarixi nöqteyi-nəzərdən baxdığımızda Rusiyada antisemitizmin müəyyən kökləri, dayaqları var. Amma indi bu hərəkətlərin Şimali Qafqazda baş verməsi bir az qəribə görünür. Baxmayaraq ki, orada yaşayan əhalinin mütləq əksəriyyəti müsəlmanlardır və bölgədə Yaxın Şərqdə baş verənlərə reaksiyalarının olması mümkündür, ancaq ümumən İsraillə Fələstin arasındakı münasibətlərin tarixi dövrlərində Şimali Qafqazda hansısa antisemitizmin yüksək olduğu əhval-ruhiyyəyə rast gəlməmişik. O baxımdan, hesab edirəm ki, Dağıstanda baş verən hadisə xüsusi planlaşdırılmış iğtişaş olub”.

Politoloq qeyd etdi ki, Rusiya dövləti bunu ciddi araşdırmalıdır və dəqiq səbəbini müəyyən etməlidir. Çünki əgər bu hadisələrdə Rusiyanın özünün marağı olmayıbsa, Dağıstanda baş verən bu hadisələr bütün Rusiya daxilində proseslərə də ciddi təsir eləyə bilər: “Rusiyanın özünün də müəyyən marağı ola bilər. Bilirsiniz ki, Rusiya rəsmi dairələri bugünlərdə HƏMAS-la görüşlər keçirdilər və Yaxın Şərqdə baş verən hadisələrdə Rusiya arxa planda olsa da ciddi şəkildə marağı var. Rusiyanın tutduğu mövqe faktiki olaraq İsrailin mövqeyi ilə ziddiyyət təşkil edir. Rusiya hakimiyyəti ola bilsin Dağıstan hadisəsi ilə göstərmək istəyir ki, Rusiya cəmiyyətində məhz Qəzzada baş verənlərlə bağlı ciddi şəkildə narahatlıq və narazılıq var. Yəni özünün siyasətinə müəyyən əsaslar yaratmaq üçün Rusiya rəsmi dairələri bu cür hadisənin meydana gəlməsində maraqlı ola bilər. İranın isə Dağıstandakı proseslərə ciddi təsirinin olduğunu düşünmürəm. Yox, əgər Rusiya rəsmi dairələrinin heç bir formada rolu olmayıbsa, hadisə çox ciddi şəkildə araşdırılmalıdır”.

O ki qaldı yaxın qonşuluğumzda yerləşən Dağıstanda baş verən məlum hadisələrin Azərbaycana təsirinə, Oktay Qasımov vurğuladı ki, ölkəmizdə tarixən etnik qrupların bir-biri ilə münasibətlərdə tolerantlıq üstünlük təşkil edir:  “Yəhudilər burada min illərdir bizimlə yan-yana yaşayblar və bu günə qədər heç bir sıxıtıları olmayıb və bu, hər zaman yəhudilərin özləri, təşkilatları, İsrail dövləti tərəfindən yüksək qiymətləndirilib. Şübhə yoxdur ki, bundan sonra da belə olacaq. Amma bütün hallarda bölgədə marağı olan, Azərbaycan-İsrail münasibətlərinə kölgə salmaq istəyən hansısa dövlətlər, güclər ola bilər ki, Azərbaycanda da bu və ya digər formada yəhudilər əleyhinə hərəkətlərə cəhd edilməsini istəsinlər. Hesab edirəm ki, Azərbaycanın rəsmi qurumları, xüsusi xidmət orqanları bu məsələni ciddi şəkildə nəzarətdə saxlayır. Əminəm ki, hansısa güclər, dövlətlər dediyimiz ehtimal olunan fikrə düşsələr belə, onların istəklərinin burada reallaşmasına qətiyyən imkan verilməyəcək. Ona görə də Dağıstanda baş verənlərin Azərbaycana hansısa bir neqativ formada təsirinin olacağını düşünmürəm. Bu tipli hadisələrdən sığortalanmağın iki yolu var. Bir yolu maarifləndirmə, təbliğatdır. İkinci yolu aranı qarışdırmağa, terrorizmə, antisemitizmə meylli olan qrupların ciddi şəkildə nəzarətdə saxlanması, onların hərəkətlərinin izlənməsi və istənilən cəhdin qarşısının dərhal qətiyyətlə alınmasıdır”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR