İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərdə balıqlar niyə kütləvi şəkildə ölür - nazirlikdən və ekspertlərdən açıqlama

Xəzər çirklənir; insanların fəaliyyəti ekosistemə mənfi təsir edir; dəniz dayazlaşır, çox qızdığı üçün sudakı oksigenin miqdarı azalır

Son günlər Xəzər dənizinin sahillərində tələf olmuş balıqlar çoxalıb. Sosial şəbəkələrdə bunu əks etdirən görüntülər paylaşılır. Dənizin Hövsan, Türkan, Zirə sahillərində çox sayda ölü balıq qeydə alınıb. Bunun səbəbləri barədə müxtəlif iddialar var. Kimisi dənizin səviyyəsinin düşməsini, suda oksigenin azalmasını, kimisə də anomal hava şəraitini, iqlim dəyişikliyini əsas gətirir. 

Xatırladaq ki, Xəzərdə dəfələrlə balıqların kütləvi tələfatı qeydə alınıb. 2021-ci ildə Zağulba, Buzovna, Mərdəkan çimərliklərində analoji hal yaşanmışdı. O zaman Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən verilən məlumatda balıqların tələf olmasına havaların isti keçməsi, dəniz suyunun temperaturunun qalxması nəticəsində suda oksigenin azalması səbəb göstərilmişdi. Yay aylarında bunun təbii proses olduğu vurğulanmışdı. Həmçinin tələf olmuş balıq nümunələrində aparılan analizlər infeksion xəstəliklərin və zəhərlənmə hallarının olmadığını göstərib.

Ötən ilin əvvəlində isə mediada Xəzər sahilində tələf olmuş suiti leşləri ilə bağlı xəbərlər dərc olundu. O zaman Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)  Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin iştirakı ilə monitorinqlər təşkil olundu. Monitorinqlər Bakı və Sumqayıt şəhərləri, Xızı, Xaçmaz, Şabran, Lənkəran, Astara, Neftçala və Salyan rayonları ərazisində sahilboyu zonaları əhatə etdi. Monitorinqlər zamanı rast gəlinən suiti cəmdəklərinin qalıqlarından patoloji material nümunələri götürülərək AQTİ-nin müvafiq laboratoriyalarında müayinələrə cəlb olundu. Aparılmış müayinələrin nəticəsində heç bir yoluxucu xəstəliyin törədicisinə rast gəlinmədiyi bildirildi. Ehtimal olunur ki, suiti leşləri Dağıstan tərəfindən Abşeron yarımadasının şimal sahillərinə dəniz axınları ilə gəlib çıxıb. Çünki “Rosprirodnadzor”un (Rusiya) yayımladığı məlumatda suitilərin molekulyar çəkisi atmosfer havasından ağır olan təbii qazların dənizin dibindən çıxmaqla suyun səthinə qalxması və hipoksiyanın yaranması nəticəsində tələf olduğu bildirilmişdi. 

Ötən ay da Azərbaycanda analoji hadisə baş vermişdi. Belə ki, Hövsan çimərliyində cansız kiçik balıqlar kütləvi şəkildə sahilə yığılmışdı. Mütəxəssislər bildirmişdi ki, buna səbəb təzyiq, eyni zamanda suyun çirkli olmasıdır. Onların fikrincə, dəniz suyunda zəhərli maddənin olması və ya bu maddənin sırf bir ərazidə qalması real deyil. 

Bu ilin əvvəlində Xəzər dənizinin problemləri mövzusunda keçirilən “dəyirmi masa”da Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirmişdi ki, suyun səviyyəsinin bugünkü qədər azalması fonunda yem, qida azalması ilə yanaşı, buxarlanma səthi də çoxalır. Bu vəziyyət balıqların sayının azalmasına, balıqçılığa da ziyan vurur. 

Qorxmaz İbrahimli: “Ölkədə demokratiya nə qədər güclənəcəksə...”

Qorxmaz İbrahimli

“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Balıqların kütləvi tələf olması üzücü haldır. Xəzər kimyəvi tullantılarla zəhərlənmiş dəniz deyil. Odur ki, balıqların bu səbəbdən tələf olması ehtimalı yoxdur. Səbəb hər hansı zəhərli maddə, yaxud xəstəliklə bağlı ola bilər. Bu hər hansı brokonyerin özfəaliyyətinin nəticəsi də ola bilər. Ola bilər ki, dənizə balıqlara mənfi təsir edən bəzi maddələr atılıb. Hesab edirəm ki, bu, ciddi hadisədir. Müvafiq qurumlar təcili münasibət bildirməlidir. Balıqlar analiz olunmalıdır. Yalnız laborator müayinədən sonra balıqların nədən öldüyünü müəyyən etmək olar. Çünki sosial mediada yayılan görüntülərdən bəlli olur ki, eyni növ balıqlar tələf olur. Təcili araşdırma başlanmalıdır.  Kütləvi balıq ölümü ciddi məsələdir. Balıqlar qida mənbəyidir. Bundan başqa, insanlar hər gün dənizə gedirlər. Səbəb nədirsə, insanlara da təsir edə bilər”.

Ekspert qeyd etdi ki, Xəzərin çirkləndirilməsi amilini gözardı etmək olmaz: “Xəzər həm insanlar, həm də Xəzərətrafı zavod və fabriklərin fəaliyyəti nəticəsində çirklənir. Dənizə Lökbatan yaxınlığından, Hövsandan çox güclü şəkildə kanalizasiya suları axıdılır. Bakı buxtasında vəziyyət monitorinq edilməlidir. İştirak etmədiyim üçün son monitorinqlərin nəticələrindən xəbərsizəm. Türkan Mirmari çimərliyindən yayılan görüntü gülçülük, istixanaların fəaliyyəti ilə bağlı ola bilər. Bəlkə atılan hər hansı dərmanlar dənizə sızıb?! Bunu yalnız müayinələrin nəticəsində bilmək mümkündür. İctimaiyyətə vaxtında məlumat vermək lazımdır ki, insanlar narahat olmasınlar”.  

Professor Mehman Axundov: Biz Azərbaycanda və regionda Xəzər qızılbalığı  populyasiyasının artırılması üzrə tədbirləri dəstəkləyirik - AZƏRTAC

Mehman Axundov

Biologiya elmləri doktoru, professor Mehman Axundov isə Oxu.az-a açıqlamasında son 4-5 il ərzində iyun ayında və iyulun əvvəllərində Hövsan və Türkandakı sahilyanı ərazilərdə balıqların kütləvi ölümünü həmin akvatoriyanın çox dayaz dəniz sahəsi olması ilə əlaqələndirib: “Burada sahildən dəniz boyu haradasa bir metr dərinlik üçün ən azı bir kilometr məsafə qət etmək lazımdır. Bakı buxtasının yarıbağlı olması səbəbindən yay aylarında burada suyun dəyişməsi çox az müşahidə olunur. Buna görə də dayaz olan sahil sularında suyun temperaturu qalxır və suda oksigenin miqdarı azalır. İş orasındadır ki, dəniz növləri balıqları, məsələn, kilkələr, kefallar və s. əsasən iyuldan sentyabra qədər kürü tökmək üçün sahilyanı dayaz hissələrə miqrasiya edirlər. Burada onlar üçün müsbət olmayan bir şəraitlə rastlaşdıqları üçün məhv olurlar. Bunu iqlim dəyişikliyinə də bağlamaq olar. Çünki bilirsiniz ki, Xəzər dənizi dayazlaşır, bu zaman dərinlik azalır, su daha çox qızdığı üçün sudakı oksigenin miqdarı azalır. Ona görə də bu cür mənzərələr meydana çıxır”. 

 

Zoologiya İnstitutunun Hidrobiologiya üzrə müdiri Süleyman Süleymanov hesab edir ki,  havanın temperaturunun birdən-birə artması suya da təsir göstərib: “Suyun temperaturunun artması, paralel olaraq ərazidə çirkli mazut maddələrin yüksək olması balıqların kütləvi tələf olmasına səbəb olub. Analoji hadisə əvvəllər də qeydə alınıb. Ötən il də balıqların kütləvi ölümü müşahidə olunub. Problemin qarşısını almaq üçün aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq monitorinqlər aparılmalıdır”.

İradə İbrahimova: Ekologiya və Təbii Sərvətlər Nazirliyini haqsız olaraq  ağackəsənlərlə əlbir olmaqda ittiham edirlər - AZƏRTAC

İradə İbrahimova

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, balıqların hansı səbəbdən ölməsini müəyyən etmək üçün Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən əraziyə baxış keçirilib: “Sudan və ölmüş balıqlardan nümunələr götürülüb. Aparılacaq analizlərin nəticəsi əldə olunan kimi ətraflı məlumat veriləcək”.

Xəzər dənizinin Hövsan və Türkan sahillərində balıqların kütləvi ölümü suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək azalması ilə bağlıdır.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

O qeyd edib ki, xidmətin və nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib, sudan və tələf olmuş balıqlardan nümunələr götürülüb:

“Balıq nümunələri üzərində aparılan analizlər zamanı infeksion xəstəliklərin törədiciləri, zəhərlənmə halları və kənar fiziki təzyiqlər aşkar edilməyib”.

Xidmət rəisinin sözlərinə görə, su nümunələrinin analizi zamanı müəyyən edilib ki, suyun temperaturunun yüksək olması nəticəsində suda həll olmuş oksigenin miqdarı qeyri-optimal səviyyəyədək, 2.2-2.5 mq/litrədək (norma-6 mq/litr) azalıb və bu səbəbdən balıqlar tələf olub.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR