İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarici KİV-dən ilginc iddia: Rusiya Paşinyana sui-qəsd hazırlayır

“Rusiya xüsusi xidmət orqanları Ermənistanın baş naziri Nikol Paşinyanı aradan götürməyə çalışır”.

Bu barədə Ukrayna mediası yazıb. Əsas motiv kimi onun Azərbaycanla sülh müqaviləsinin “Vaşinqton variantı”nı bəyənməsi və nəticə etibarı ilə Rusiya hərbi kontingentinin Qarabağdan çıxmaq zorunda qalacağı göstərilir.

Bildirilir ki, Ermənistan hakimiyyəti Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulin və RT təbliğat kanalının baş redaktoru Marqarita Simonyanın ölkəyə girişinə heç də boşuna qadağa qoymayıb. Ukrayna mediasındakı məlumatlı mənbənin sözlərinə görə, həmin şəxslərin Ermənistana səfəri irimiqyaslı təxribatın tərkib hissəsi imiş. Daha doğrusu, ölkənin baş naziri Nikol Paşinyanın fiziki məhvinə zəmin hazırlanmalı idi.

“Planlaşdırılan plan iflasa uğradıqdan sonra Zatulin uğursuz səfəri barədə əfsanə uydurmağa məcbur oldu. Belə ki, Rusiya telekanallarının efirində deputat etiraf edib ki, oktyabrın 28-də İrəvanda qondarma "Lazarev klubu"nun (Ermənistandakı kremlyönlü fəalları birləşdirən qurum) Rusiyanın siyasi desant təmsilçilərinin iştirakı ilə iclasının keçirilməsi planlaşdırılıb. Eyni zamanda Zatulinin fikrincə, klubun tədbiri “Rusiya-Ermənistan münasibətlərinin möhkəmləndirilməsi üçün platforma” rolunu oynamalı idi", - materialda qeyd olunur. Rusiyalı müxalifətçi Mixail Xodorkovskiyə məxsus “Dosye” mərkəzinin apardığı araşdırmaya görə, “Lazarev klubu” FSB (FTX - Rusiya Federal Təhlükəsizlik Xidməti) və QRU (BKİ - Baş Kəşfiyyat İdarəsi) ilə sıx koordinasiyada işləyən və Ermənistanda təsir agentlərinin “verbovka” edildiyi mərkəzidir və “yumşaq güc” alətindən daha çox, “xüsusi tədbirlər” adı altında pozucu fəaliyyətlə məşğuldur. “Məlumdur ki, "Lazarev klubu"nun belə tədbirləri İrəvanda əvvəllər də keçirilib. Amma budəfəki toplantı Paşinyan hökumətinin qonşu Azərbaycanla münaqişəni normallaşdırmaq üçün Amerikanın hansısa “xəyanətkar və separat” planına razılıq verməsi ilə bağlı Rusiya KİV-lərində başlanan isterika fonunda reallaşmalı idi. Rusiya versiyasına görə, İrəvanın “xəyanəti” ondan ibarətdir ki, o, Bakının Qarabağ üzərində hüquqlarını tanıyır və bununla da Qarabağ ermənilərini “başından edir”.

Planın separat mahiyyəti isə Rusiya KİV-nə görə odur ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına şərait yaradır və bununla da Rusiya Cənubi Qafqazdan həmişəlik çıxarılır", - deyə məqalədə qeyd edilir.

Bunu da nəzərə çatdıraq ki, Rusiya XİN-i Zatulin və Simonyanın Ermənistana buraxılmaması ilə bağlı İrəvandan rəsmi izahat tələb edib. Ancaq hələ ki cavab yoxdur. Rusiya Paşinyanı gerçəkdənmi fiziki cəhətdən aradan götürməyi hədəfləyib? Belə bir ssenari mümkünmü? Paşinyanın ABŞ tərəfindən mühafizəsi hansısa formada təşkil edilirm i? Sui-qəsd baş tutarsa, o halda sülh prosesinin, 10 noyabr sənədinin aqibəti necə olacaq?

Əhəd Məmmədli: “Bu qətliam Rusiya tarixinə bir qara ləkə kimi düşdü”

Əhəd Məmmədli: “Ərazi bütövlüyümüz əleyhinə Rusiya və Ermənistan hər hansı bir hərəkət edəcəklərsə...”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Moskva və İrəvana durmadan mesaj ötürülməsinin vacibliyindən danışdı: “Artıq Cənubi Qafqazda açıq şəkildə Rusiya-Qərb savaşı gedir. Bu da ən çox Qarabağ məsələsi, Azərbaycan-Ermənistan münasibətləri üzərində baş verir. Ukrayna tərəfindən bu məlumatların yayılması da təsadüfi deyil. Bilirsiniz ki, hazırda bu ölkəyə qərbpərəst qüvvələr rəhbərlik edir. Amma bu o demək deyil ki, bu cür xəbərlər Rusiyaya qarşı şər-böhtan xarakterlidir. Bunun olması da mümkündür. Sadəcə, məlumatlarda sui-qəsd sözü bir az qabardılıb. Amma Paşinyan iqtidarını tükəndirmək, ona təzyiq etmək üçün fiziki təsirlərə belə əl atılması mümkündür. Bununla Ermənistanın Amerikaya, bütövlükdə Qərbə meyllənməsinin qarşısını almağa cəhdlər edə bilərlər. Ona görə də Ukrayna tərəfindən yayılan bu xəbərlərə dırnaqarası baxılmamasının tərəfdarıyam. Əksinə, bu xəbərlərə ciddi yanaşılmalıdır. Xankəndidə oradan-buradan yığılan adamlardan ibarət təşkil edilən mitinqdən sonra Azərbaycan tərəfi konkret mövqe ortaya qoymalıdır. İnanıram ki, bu mövqe də qoyulacaq. Konkret olaraq, Rusiya və Ermənistana mesaj verilməlidir ki, Azərbaycan üçün Qarabağ məsələsi bitib. Əgər ərazi bütövlüyümüz əleyhinə Rusiya və Ermənistan hər hansı bir hərəkət edəcəklərsə, fərqi yoxdur, siyasi, iqtisadi, hərbi hərəkət olsun, Azərbaycan 10 noyabr sazişindən çıxmalıdır. Bundan sonra Qarabağda tam şəkildə konstitusion hüquqlarımızı həyata keçirmək üçün bütün imkanlar yaranacaq. Azərbaycan da bunu edəcək. Moskva və İrəvana bu mesaj mütləq şəkildə verilməlidir. Ankara ilə siyasi, hərbi müttəfiqlik əlaqələri durmadan genişləndirilməlidir”.

Təhminə - Kənan Novruzov yazır

Kənan Novruzov: “Paşinyana sui-qəsd nəzəri cəhətdən mümkündür”

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov bu variantı mümkün sayır. O hesab edir ki, Soçi görüşündən çox şey asılıdır: “Məlumdur ki, son vaxtlar Rusiya ilə Ermənistan arasında əlaqələr gərginləşib. Bunun bir sıra səbəbləri var. Əsas amil Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində əvvəlkinə nisbətən daha konstruktiv mövqe sərgiləyir. Bundan başqa, Ermənistanla Qərb arasındakı münasibətlər, Türkiyə ilə diplomatik münasibəltərin bərpası istiqamətində görülən işlər Moskvanı daha da qıcıqlandırır. Adını çəkdiyiniz iki ictimai fiqurun Ermənistana girişinə qadağa qoyulması isə tərəflər arasındakı gərginlikdə, belə demək mümkünsə, kulminasiya nöqtəsi olub. Ermənistanın indi Rusiyaya əvvəlki kimi ehtiyacı yoxdur. Çünki Avropa İttifaqının Cənubi Qafqazdakı rolunun artması ilə əlaqədar olaraq Rusiya regionda zəifləyib. Üstəgəl, Şərqi Avropadakı savaşla bağlı olaraq Kreml sivil dünyadan təcrid olunur. Belə olan halda digər dövlətlər kimi, rəsmi İrəvan da Moskva ilə münasibətlərində məsafə saxlamağa çalışır. Əlbəttə, bütün bunlar Rusiya Prezidenti Vladimir Putində hazırkı Ermənistan iqtidarına qarşı qəzəb yaradır. Ermənistanda hakimiyyət çevrilişi və hakimiyyətə ruspərəst siyasətçinin gəlməsi Kreml rəhbərinin ürəyincədir. İndi Moskvanın buna hava-su kimi ehtiyacı var. Çünki nəticədə həm Ermənistanın Rusiyadan uzaqlaşmasının və həm də Azərbaycanla ehtimal edilən yekun sülh müqaviləsinin imzalanmasının qarşısı alına bilər. Bu mənada Paşinyana sui-qəsd nəzəri cəhətdən mümkündür. Lakin Rusiyanın belə riskə gedəcəyinə inanmıram. Daha rahat və real variant hakimiyyət çevrilişidir. Onsuz da Ermənistanda daxili sabitlik yoxdur. Rəsmi Moskva bundan istifadə etməyə çalışa bilər. Əgər Soçi görüşünün nəticəsi Rusiyanın ürəyincə olmasa və Putin yekun sülh müqaviləsinin qaçılmaz olduğunu, başqa yolu qalmadığını anlasa, Ermənistanda xalqı ayağa qaldıra, hakimiyyət əleyhinə təsirli aksiyalar təşkil edə bilər. Bu, Rusiya üçün o qədər də çətin deyil. Əksinə, kifayət qədər asandır”.

Türkiyə-Ermənistan: kim nə qazanacaq?

Züriyə Qarayeva: “Paşinyan Putini gözlənilməz addımlar atmağa vadar edir”

Politoloq Züriyə Qarayeva Paşinyanın riskli gedişlərinə toxundu: “Rusiya heç bir şəkildə şərtlərini artıq Ermənistana diktə etdirə bilmir. Paşinyan tamamən Qərb cinahının orbitində yer almağa qərar verib. Bugünədək yalnız siyasi, iqtisadi müstəvidə inteqrasiya bu gün artıq hərbi sferada da yürüdülməyə başlayıb. Halbuki 1997-ci ildə məlum sahədə Rusiya ilə Ermənistanın ittifaqına qərar verilib. İndi Paşinyan həmin bəyannamənin şərtlərini də pozaraq Putini gözlənilməz addımlar atmağa vadar edir. Rusiya liderinin Valdayda Paşinyana soyuq duş effekti yaşadacaq məlum çıxışı gələcək planların ştrixlərini müəyyən qədər əks etdirir. Putin dolayı yolla bildirir ki, Vaşinqton sənədinin icrası Ermənistanın süqutunu tezləşdirəcək. Azərbaycan üçün bu maraq toqquşması sülh sazişini gecikdimək baxımından müsbət hal olmasa da, nəticə etibarı ilə Türkiyə ilə ittifaq tələblərimizi istənilən şəkildə icra etdirməyə yetir. Ermənistan üçün isə durum daha vahiməlidir. Bu labirintdən çıxması üçün yeganə yol Azərbaycanla dialoqdan keçir. İrəvan hər nə qədər Moskvanın tələsinə düşəcək, Azərbaycanın suverenliyinə təhdid törədəcək addımlar atacaqsa, Putinin dediyi kimi, bir o qədər işğalını sürətləndirəcək. Bu gün Qafanda konsulluğun açılması ilə başlanan işğal prosesi daha da dərinləşə bilər. Paşinyan gələcək perspektivləri götür-qoy etməzsə, dövlətinin siyasi varlığını tam sürətlə sual altına qoymaq yolunda addımlayacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR