Onlayn ictimai-siyasi qəzet
2016-cı ilin Aprel döyüşlərinin 8-ci ildönümündə Ermənistan yenə tətiyi çəkdi. Bu dəfə Naxçıvan istiqamətindəki mövqelərimizi hədəfə alıblar. Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Əslində təəccüblü heç nə yoxdur. Gözlənilirdi. Təkcə ona görə yox ki, erməni xislətidir və onun sülh danışıqlarına bu şəkildə qarşılıq verməsi ilk dəfə deyil. Məsələ burasındadır ki, budəfəki gərginlik Ermənistandan çox, ona “fel verib, əlinə bel” – “Bastion” verənlərə lazımdır. Daha bir müharibə imitasiyası, lokal toqquşma və Fransanın moderatorluğu ilə Avropa İttifaqının mülki libaslı hərbi heyətinin sıraları birə beş artırılır. Məqsəd-məram Qafqaza soxulmaqdır, ən yaxşı “çuxur” Ermənistan adlı oyuncaqdır.
Xatırlatmaqda fayda var: Aprel döyüşləri o zaman başlamışdı ki, Nyu-Yorkdakı nüvə sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılırdı.
Sonrakı dönəmlərdə də hər planlaşdırılan görüş ərəfəsində düşmən tətiyi çəkib, gah Rusiyanın, gah da Qərbin diktəsi ilə. Budəfəki gərginlikdə həm də Rusiyanın marağı olmamış deyil, Ermənistanı qan gölündə boğmaq bahasına da olsa, onun Qərbə uzantılarını kəsməkdən, Nikol Paşinyanı doğulduğuna peşman etməkdən ötrü. Diqqət edin, bölgədə yeni gərginlik ocağının yaranması bu gün üz-üzə dayanan qütblərin hər ikisinə sərf edir, həm Rusiyaya, həm də NATO-Avropa İttifaqına! Vaxt var idi onların maraqları Qarabağın ermənilərə əbədi peşkəş edilməsi məsələsində üst-üstə düşürdü, indi də “yeni qan” layihəsində...
Bu yerdə vacib məqamları diqqətinizə çatdıraq: Azərbaycan Müdafiə Nazirliyi son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə məlumat yaydı. Bildirildi ki, şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınıb. Foto və vidokadrların yayılmasından sonra belə, Ermənistan Müdafiə Nazirliyi məlumatı təkzib etməyə çalışdı. Üstəlik, ermənilərin köməyinə avropalılar gəldilər. Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası bəyanat yayaraq bildirdi ki, Azərbaycanla sərhəddə hər hansı qüvvə və texnikanın yığılmasını qeydə almayıb.
Daha sonra Aİ-nin Gürcüstan və Cənubi Qafqazdakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar qurumun Ermənistandakı missiyasının Ermənistan-Azərbaycan sərhədində “qeyri-adi hərəkətlər müşahidə olunmadığını” bildirən qeydinə reaksiya verdi. “Aİ-nin Ermənistandakı missiyasından təsdiq almaq çox xoşdur, hərbçilərin qeyri-adi hərəkətləri müşahidə edilməyib”, deyə, Klaar sevincək “X”dəki mikrobloqunda paylaşım etdi.
Sonra da ABŞ və Avropadakı ssenaristlər ürəklərini tutub, “ay narahatıq, xahiş edirik sakit olun, sülhə gəlin”, kimi artistliyə başladılar, Bakı və İrəvana ünvanlanan müraciətlərdə “sülhə çağırış”lar etdilər. Sanki baş verənlərdən xəbərləri yox imiş. ABŞ hələ aylar öncə Ermənistandakı vətəndaşlarına və diplomatlarına şərti sərhədlərə getməmək çağırışı etmişdi, müharibə xəbərdarlığı yaymışdı. Elə bu günlərdə Ermənistana Pentaqondan növbəti hərbi heyət göndərildi, “təlimlər”adı altında...
Aprel döyüşləri Azərbaycan vətəndaşlarında torpaqların işğaldan azad ediləcəyinə böyük bir inam yaratdı.
Sonrakı dönəmdə keçirilən lokal hərbi əməliyyatlar, düşmənə sarsıcıdı zərbələr də bu inamı möhkəmləndirdi. 2018-ci ilin mayında keçirilən Günnüt əməliyyatı da zəfər tariximizin parlaq bir parçasıdır. Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar ərazinin Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad olunması düşmənə sarsıdıcı zərbə oldu. Lələtəpə və Günnüt əməliyyatlarından sonra ordumuzun strateji əhəmiyyətli mövqelər əldə etməsi Azərbaycanın növbəti zəfərlərinin anonsu idi. Aprel döyüşləri, Naxçıvan istiqamətindəki strateji yüksəkliklərin azad olunması, 44 günlük Vətən müharibəsi və nəhayət, bir günlük antiterror tədbirləri... Ama buraya sentyabr döyüşləri, Fərrux əmliyyatı, digər şəhidlərimizin qanı hesabına yazılan şərəfli tarixlərimiz də var.
2018-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilmiş təntənəli hərbi paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad olunmuş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları nümayiş etdirilmişdi. Həmin hərbi paradda çıxış edən Ali Baş Komandan İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün mütləq bərpa olunacağına inamını əminliklə bildirmişdi:
“Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”, deməklə. Baş Komandanın sarsılmaz inamı və qətiyyəti, xalq-hakimiyyət-ordu birliyi şanlı qələbələrimizin təməlində dayanırdı.
Ancaq Ermənistanın şərti sərhədlər boyunca hücum xarakterli silahlar və hərbi texnika yerləşdirməsi, həmçinin Naxçıvan istiqamətində tətiyi çəkməsi belə qənaət yaradır ki, nə Aprel döyüşləri, nə 44 günlük savaş, nə antiterror tədbirləri ona dərs olub. Deməli, yeni dərsə, “qapaz əməliyyatı”na zərurət yarana bilər.
Azərbaycanla şərti sərhədlərə cəmlənən erməni ordu hissələrini, ayrı-ayrı terrorçu təşkilatların “könüllü”lərini, daşınan hərbi texnika, ağır artilleriya, zenit qurğularını “görməyən”lər 5 apreldə Ermənistanın təhlükəsizliyi üçün pakt imzalamağa hazırlaşırlar.
Vaxt var idi Qarabağdakı xunta rejimi üçün də Azərbaycandan “təhlükəsizlik təminatı” istəyirdilər. Budur, xunta rejimi yarım ildir ləğv edilib, amma Qarabağdan hələ də tanklar, toplar, müxtəlif çaplı silah-sursatlar, döyüş ləvazimatları tapılır! Tank e! Bu “yazıq”, “fağır”, “acından ölən”, “hüquqları pozulan”, “genosidə məruz qalan” haylar təkcə mina basdırmayıblar bu illərdə, həm də tanklar, toplar basdırıblar.
Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları gecə-gündüz əməliyyat-axtarış tədbirlərini həyata keçirir və hər gün yeni silahların tapılması barədə rəsmi məlumatlar yayılır.
Elə bu yazını yazarkən növbəti xəbər yayıldı. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin məlumatına görə, polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot və qumbaralar tapıblar.
Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 1-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 pulemyot, 5 qumbara, 2 alışdırıcı, 10 patron darağı, 3589 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. 30 illik işğal dövründə Azərbaycanın cənnət guşəsini silah anbarlarına çeviriblər, silahlarla, minalarla çirkləndiriblər işğalçı-separatçı-terrorçu canilər. Amma Qərbin “əxlaq polisləri” heç vaxt bu barədə danışmayıblar, ermənilərin “təhlükəsizliyi”nin qeydinə qalmaqdadırlar... Polislərimizin Xankəndidə apardığı axtarışlar zamanı çəkilmiş bir foto ermənilərin və onların himayədarlarının gerçək simasını əks etdirir: Xankəndidən öz xoşları ilə çıxıb gedən erməni mənzildəki fortepianonun içərisinə sürpriz qumbara yerləşdiribmiş... Təsəvvür edin, fortepianonun dillərinə barmaq toxunan kimi...
Heç alman faşistlərinin də ağlına gəlməyib belə alçaqlıq! Məşhur filmlərdən birində düşmən evində fortepianodakı ifanı xatırlayırsınız yəqi... Erməni faşistləri isə fortepianoya sürpriz bomba quraşdırırlar. Onların təsəvvüründə sülh belə olur, “bombalı sülh...”
Gözləyək, görək ABŞ və Aİ rəsmiləri 5 apreldə Ermənistanın qulağına nələr pıçıldayacaqlar. Hər halda Azərbaycan xəbərdarlığını edib.
“Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir. Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək”.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ